525.Az

Balaca ağac - Fidan Malikin hekayəsi


 

Balaca ağac - <b style="color:red">Fidan Malikin hekayəsi </b>

- Baba, sən nə edirsən?

- Ağaca qulluq edirəm.

- Ağaca niyə qulluq edirsən?

- Zamanı gələndə meyvələri olsun deyə. Sənlə qardaşların böyüyəndə toplasın, yesin deyə.

- Niyə, dükanda var da... Niyə əziyyət çəkirsən?

- Dükandakıyla bu, bir deyil, bala, bunun ləzzəti bambaşqadır.

Nəvə güldü:

- Nəyi başqadır? Meyvə meyvədir də.

Baba gülümsündü:

- Bunda sevgi var, əmək var, - dedi.

- Yaxşı bəs başqa niyə?

Baba yenə səbirlə:

- Kölgə versin deyə.

- Kölgə nəyə lazımdı ki?

- İstidə sərin olsun deyə.

Nəvə yenə güldü.

- Bunun üçün kondisioner var da.

Baba təmkinlə işinə davam etdi. Nəvənin marağı daha da artdı.

- Bəs başqa?

- Dinləməyi öyrənirsən, danışmağı öyrənirsən.

Nəvə tamam çaşdı qaldı.

- Ağac adamdı ki?

Baba yenə gülümsündü. Suallar yağışı güclənməyə başladı.

- Başqa niyə?

- Paylaşmağı öyrədir.

- Axı paylaşanda azalacaq.

- Düzdür, amma sənin ürəyin böyüyəcək

Nəvə çaşqın-çaşqın baxdı.

- Bəs başqa?

- Zəhmət çəkməyi öyrənəcəksən?

- Niyə? Yorulacam axı.

- Ola bilər, amma sən bu yorğunluqdan zövq alacaqsan.

Yox, deyəsən, daş qayaya rast gəlmişdi. Nəvənin qaşları çatıldı. Çıxıb getmək istəyəndə, onu bayaqdan səbirlə, sevərək izləyən babası səslədi. Nəvə ayaq saxladı. Baba əlindəki beli yerə qoydu. Daşın üstündə əyləşib tərini əlinin arxasıyla sildi. Vedrəni nəvəsinə göstərərək dedi:

- Get su gətir.

Nəvə həvəssiz, narazı halda getdi və çox keçmədi əyilə-dikələ, içindəki suyun yarısını dağıda-tökə əlində vedrə ilə qayıtdı. Ağacı birlikdə suladılar.

Azacıq dincələndən sonra baba ilə nəvəsi bazara getdilər. Bazardan bir balaca bel, balaca vedrə, azacıq da günəbaxan toxumu aldılar.

Baba nəvəsinə bellə gücü çatan boyda balaca çalalar qazdırdı. İçinə günəbaxan toxumlarını səpdirdi. Sonra kiçik vedrəsiylə su tökdürdü. İşlərini bitirəndən sonra evə dincəlməyə qalxdılar. Hər məktəbdən gələndə baba özünü yorğunluğa vurub, nəvəni əkdikləri günəbaxan toxumlarına qulluq etməyə yolladı. Əslində isə nəvəsi məktəbdə olanda özü bağına baş çəkirdi. Bir gün baba, adəti üzrə dərsdən gələn nəvəsini bağı yoluxmağa göndərdi. Çox keçmədi, nəvə qaça-qaça içəri girdi:

- Baba, əkdiyimiz günəbaxanın yerində nə isə çıxıb.

Baba gülümsündü.

- Hə, yəqin əkdiyin günəbaxan cücərib.

- Cücərib, necə yəni? İndi onlardan günəbaxanlar çıxacaq? - deyə təəccüb və həyəcan dolu qara gözlərilə babasına baxdı. Baba təbəssümünü gizlətmədən, başı ilə təsdiqlədi.

Ertəsi günü dərsdən gələndə babanın onu bağa göndərməsinə ehtiyac qalmadı. Nəvə özü hər gün vedrəsini su ilə doldurub bağa qaçırdı. Günəbaxanlarını sulayırdı. Onlarla söhbət edirdi. Hallarını xəbər alırdı. Hətta gücü çatdıqca o biri ağacları da sulayırdı.

Zaman gəldi. Günəbaxanlar tam yetişdi. Məhsulu yığmaq vaxtı gəldi. Baba ilə nəvə bütün günəbaxanları topladı. Nəvə evə gələn hər qonağa, məhlədəki bütün dostlarına günəbaxanlarının çox hissəsini payladı. Bir gün ağacın altında oturub çayını içən babasına yaxınlaşdı. Çox məmnun halda yanında əyləşdi. Baba gözünün altıyla gülümsünərək nəvəsinə baxdı:

- Qonaq etdinmi dostlarını?

- Hə, baba.

- Bəs axı özünə çox az qaldı, - deyə baba çayından bir qurtum aldı.

- Olsun. Onlar da yesinlər. Bilirsən necə sevindilər.

- Adi günəbaxandı da, - deyə baba dodağının qırağı ilə gülümsədi.

- Nə danışırsan, baba. Bu, elə-belə günəbaxan deyil e. Bunun dadı bambaşqadı. Bunda sevgi var, əmək var.

- İstəyirsən get içəri. İçəri daha sərindi. Kondisioner yanır, - dedi babası.

- Yox, ağacımızın kölgəsinin sərinliyinə çatmaz, - deyə nəvə qalxıb babasının boynuna sarıldı.

Baba da razılıq və sevgiylə onu qucaqladı. Sevincinin həddi-hüdudu yox idi. Çünki bu gün o balaca bir ağac yetişdirmişdi. Bu balaca qələm böyüyüb çox barlı-bərkərli bir ağac olacaqdı. Çox dərinlərə kök atan, torpağına, yerinə-yurduna bağlanan bir ağac. Barıyla paylaşan, paylaşdıqca da böyüyən fədakar, rəhimli bir ağac. Kölgəsiylə sevdiklərini sarıb-sarmalayan ağac. Səbirlə, sevgiylə, zəhmətlə məqsədinə çatan, təmkinlə qarşısındakını dinləməyi bacaran bir ağac. Həyatda maddiyatdan da başqa dəyərlər olduğunu anlayan bir ağac - bir həyat yetişdirmişdi.

 





28.06.2019    çap et  çap et