525.Az

Ərtoğrol Cavid taleyi və bir ailənin dramı


 

Ərtoğrol Cavid taleyi və bir ailənin dramı<b style="color:red"></b>

(əvvəli ötən sayımızda) 

1981-ci ildə "gənc yaşlarından çətin sınaqlar qarşısında qalmış və bu sınaqlardan şərəflə, ləyaqətlə çıxmış" (Xalq yazıçısı Anar) Ərtoğrol Cavidin xatirəsinə həsr olunan ilk televiziya verilişi tamaşaçılara təqdim edildi. Xalq yazıçısı Anarın təşəbbüsü və aparıcılığı ilə araya-ərsəyə gələn bu verilişdə vaxtilə Pedaqoji Universitetdə Ə.Cavidə dərs demiş akademik Məmməd Cəfər Cəfərov, Xalq artisti, bəstəkar Cahangir Cahangirov, Ərtoğrolun bacısı Turan Cavid və sinif yoldaşı Ətaulla Qasımov onun haqqında unudulmaz xatirələrini, bənzərsiz istedadı barədə düşüncələrini dilə gətiriblər. Həmin bu verilişdə son dərəcə çətin və məşəqqətli həyat yolu keçmiş Ərtoğrol Cavid haqqında söylənilən dəyərli fikirlərin bəzilərini AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı 2009-cu ildə "Ədəbiyyat qəzeti"ndə çap olunmuş "Ərtoğrul Cavid" adlı məqaləsində ictimaiyyətə çatdırıb.

Ərtoğrol Cavidin dövrü, həyatı, mühiti, bədii yaradıcılığı, ədəbi və elmi fəaliyyət istiqamətləri Solmaz Haşımova Ərturanın 2002-ci ildə nəşr olunmuş "Ərtoğrol Cavid - şəxsiyyəti və irsi" monoqrafiyasında ətraflı tədqiqata cəlb olunmuşdur. Giriş, iki fəsil və nəticədən ibarət olan bu monoqrafiya "Ərtoğrol Cavidin ömür yolunun inkişaf mərhələlərini işıqlandırmağa təkan verən bütün materiallar"ın diqqət önünə çəkilməsi və bu mövzuda ilk sistemli elmi əsər olması baxımından xüsusi əhəmiyyətə malikdir.

Ərtoğrolşünaslıq tarixində önəmli xidmətləri olan "Hüseyn Cavid" mükafatı laureatı, tənqidçi, publisist Azər Turan 2005-ci ildə Ərtoğrol Cavidin şeirlərini, nəsr və dram əsərlərini, bəstələrini, məktublarını bir yerə toplayaraq "Ərtoğrol Cavid yazıları, rəsmləri, bəstələri, məktubları" adıyla nəşr etdirib. "Ərtoğrol bəy" adlı ön sözdən sonra kitabda "Şair", "Yazıçı", "Tələbə", "Dramaturq", "Tədqiqatçı", "Müəllim", "Bəstəkar", "Rəssam" kimi bölmələrdə müvafiq əsərləri yer alıb, "Şəhid məktubları" bölməsində isə Ərtoğrol Cavidin ailəsinə, Üzeyir Hacıbəyli və başqalarına olan məktubları öz əksini tapıb. 

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Naxçıvan MR-in Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru, şair, dramaturq Həsənəli Eyvazlı 2004-2008-ci illərdə həyatdan nakam getmiş istedadlı gəncin həyatı və çoxşaxəli yaradıcılığından, şair, bəstəkar, rəssam kimi fəaliyyətindən bəhs edən "Ərtoğrol Cavid, yaxud bir ailənin dramı" mənzum faciəsini qələmə almışdır. Əsərdən əvvəl verilmiş "Müəllifdən" adlı qeydlərdən əsərin yazılmasında müəllifin əsas məqsədinin Hüseyn Cavid ailəsinə qarşı xalqımızın qəlbində olan məhəbbəti bir az da artırmaq olduğu aydın olur. Əsərdə amansız repressiya dövrünün qurbanı olmuş böyük mütəfəkkir, şair, dramaturq Hüseyn Cavidin və onun ailə üzvlərinin faciəli taleyindən, 24 il qısa və mənalı ömür sürmüş Ərtoğrol Cavidin şair, bəstəkar, rəssam kimi fəaliyyətindən bəhs olunur. Müəllif həm də Cavidlər ailəsinin həyatlarındakı önəmli hadisələrdə aylar və rəqəmlər düzümünə də diqqəti cəlb edir - 59, 3 və 13 rəqəmlərinin sirli təkrarı və s.  Əsərdə böyük vətən aşiqi bir şairin övladı kimi Ərtoğrol milli varlığımıza, xalq ədəbiyyatımıza, xalq musiqisinə, ədəbiyyat və incəsənətə qırılmaz tellərlə bağlı olan bir insandır. İncəsənətin üç sahəsində - rəsm, musiqi və ədəbiyyat sahələrində orijinal istedada malik olan bu gənc həm də ən yüksək insani hissləri, zəngin mənəviyyatı ilə ətrafındakıların məhəbbətini qazanmışdır.

Böyük şairin Sibirə sürgünə göndərilərkən ömür-gün yoldaşı Mişkinaz xanıma dediyi son sözləri - "Nə qələmin susacaq, nə gülüm solacaq" əsərə epiqraf olaraq verilib. Əsərdə Hüseyn Cavidin və onun ailə üzvlərinin, Üzeyir bəy Hacıbəyovun, böyük müğənni Bülbülün yaddaqalan obrazları yaradılıb. Mənfi planda işlənmiş obrazlar isə Hüseyn Cavidin "İblis" mənzum faciəsinin xəyali obrazlarından olan İblis və 3 nəfər DTK-nın müstəntiqləri -  Stepan Yemelyanov, Ruben Markaryan və Xoren Qriqoryandır. Nigar isə Ərtoğrolun tələbə yoldaşı, qəlbində gizli saxladığı sevgilisidir. Əsərdə "qəlbində gəzdirdiyi pünhan sevgisini özü ilə əbədiyyət dünyasına" aparan Ərtoğrol Cavid həm də böyük və saf məhəbbətlə sevən, fədakar bir aşiq kimi diqqəti cəlb edir. 

Birinci pərdənin birinci şəklindən gənc Ərtoğrolun əlyazması şəklində olan şeirlərindən və onun bu sahədəki istedadına özünün və atası Hüseyn Cavidin inamından danışılır. İlk qələm təcrübələrindən olan "Ay" şeirini Turana oxuyan Ərtoğrolu təsadüfən Hüseyn Cavid də dinləyir və həm valideyn və həm də istedadlı bir şair kimi öz xeyir-duasını verir. Lakin əsərdə təqdim olunan bu şeir "Ərtoğrol Cavid yazıları, rəsmləri, bəstələri, məktubları" kitabındakı "Ay" şeirindən bir qədər fərqlənir. Əsərdəki nümunəni təqdim edirik:

Buludlar qarışmış parlayan aya,
Sakitlik çökmüşdü güllü bağçaya.
Yaşıl ormanlara, dənizə, çaya,
Fəqət bu səhnəyə uyan olmadı. 

Suya düşdüyündən ayın kölgəsi,
Bükülmüş ağaclar, qayalar həpsi.
Dinləmək istərdi titrəyən səsi,
Əfsus, masal deyən hayan olmadı. 

Küləkdən bəyaz ay donmuş göründü,
Ulduzla bəzənmiş tülə büründü.
Süzgün üfüqlərdə boğulub söndü,
Bu xoş mənzərəni duyan olmadı.

Adını yuxarıda qeyd etdiyimiz kitabda isə şeir daha poetik, daha mükəmməl variantdadır:

Buludlar qarışmış parlayan aya,
Bayğınlıq çökmüşdü güllü tarlaya.
Dərdimi söylərkən inləyən çaya,
Yazıq, fəryadıma uyan olmadı. 

Suda gülümsərkən ayın şöləsi,
Aldımı üstünü bulud kölgəsi?!
Dinləmək istərkən inləyən səsi,
Külək qopdu, buna imkan olmadı.               

Çırpınıb, titrəyib tülə büründü,
Buludlarda həzin-həzin süründü.
Süzgün üfüqlərdə bayıldı, söndü,
Bu xoş mənzərəyi duyan olmadı.

Birinci şəkildə Üzeyir bəylə Cavidin söhbətlərindən Ərtoğrolun tələbəliklə yanaşı, bəstəkar kimi fəaliyyəti və bu sahədə də misilsiz istedadının olduğu anlaşılır. Moskvadan yenicə gəlmiş Üzeyir bəy Stalinin rəhbərliyi ilə orada kütləvi repressiyaların, həbslərin başlandığını xəbər verir və dostlarını, həmkarlarını da ehtiyatlı olmağa çağırır. İkinci şəkildə Ərtoğrolun institut həyatı canlandırılır, aşiq olduğu tələbə yoldaşı, Nigar adlı bir qızın rəsmini çəkməsi, gənclərin rəssamlıq barədə fikirlərini paylaşmaları Ərtoğrol Cavidin incəsənətin bu sahəsində də istedadının olduğunu və yaratdığı əsərləri sadəcə baxıb təkrarlamaqla deyil, ruhunda yaşadıb duyaraq hər adi cizgiyə bir məna verdiyini öyrənirik.

Müəllif İblisin dilindən verilmiş parçaları Hüseyn Cavidin "İblis" faciəsindən eynilə götürərək əsərdə yer verib, bir çox faktlara əsaslanmaq üçün ictimai xadim, akademik, yazıçı və publisist Rafael Hüseynovun əsas qəhrəmanları Müslüm Maqomayev, Hüseyn Cavid və Ərtoğrol Cavid olan "Vaxtdan uca" əsərinə istinad edib. Cavidə qarşı irəli sürülən ittihamlar, guya günün nəbzini tuta bilməməsi ilə bağlı haqsız tənqidlər və Cavidin öz məramından, öz amalından dönməyərək kimsəyə boyun əyməyə razı olmaması, onu DTK-da pantürkistlikdə ittiham edən Yemelyanov, Markaryan, Qriqoryan üçlüyünə verdiyi tutarlı cavablar, əyilməzliyi, dönməzliyi Cavidi tam bir xarakter olaraq təsəvvür etməyə imkan verir. Əsərin birinci pərdəsi Cavidin mühakiməsi və haqqında həbs hökmünün çıxarılması ilə sona çatır. İkinci pərdədə Ərtoğrol Cavidin xarakterinin açılmasına xidmət edən məqamlar vurğulanır: bəstəkarlıq fəaliyyəti, nota köçürdüyü xalq mahnıları, Üzeyir bəy vasitəsilə Bülbüllə tanışlığı, yaradıcılığının ən yüksək zirvəsini yaşadığı vaxtda əsgərliyə çağırılması, bu xəbəri mərdcəsinə, gülərüzlə qarşılaması, bununla başlayan həyatının ən çətin anları, lakin heç nəyə baxmayaraq ümidini itirməməsi onu əsl Cavid adına layiq bir övlad kimi oxucuların nəzərində canlandırır. Əsərin ən təsirli hissələri Ərtoğrolun ölümü, dəfn mərasimində ümumiyyətlə, qorxudan çox az insanın iştirak etməsi, anası və bacısının iştirak edə bilməməsi, Mişkinaz xanımın bu xəbərdən sarsılması, Şahsənəm nənənin və Mişkinaz xanımın dilindən deyilən ağılardır. Əsər Hüseyn Cavidin "Şeyx Sənan" mənzum faciəsinin sonluğuna bənzər şəkildə tamamlanır. Ərtoğrolun vəfatından uzun zaman keçmiş, Mişkinaz xanım və Turan Cavid də haqq dünyasına qovuşmuşlar. Bir-birindən ayrı düşərək qəriblikdə həyatlarını tapşıran ailə üzvlərinin ruhları Naxçıvanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük qayğısının nəticəsi olaraq uzaq Sibirdən doğma vətəninə gətirilmiş cənazəsinin üzərində qaldırılan möhtəşəm məqbərədə bir-birinə qovuşmuş halda, son dərəcə xoşbəxt şəkildə təsvir olunun. Bu misilsiz xidmətinə görə böyük şairin və bütöv bir xalqın Ulu Öndərə minnətdarlığı da əsərdə öz bədii əksini tapıb:

Bizi el-obayla görüşdürənə,
Yurdu azadlığa qovuşdurana,
Min rəhmət dilərəm ulu Tanrıdan
Hifz etsin nəslini onun Yaradan.
Kəsdi bu torpaqdan qanı, qadanı,
Tanrı uca tutdu Böyük İnsanı.

Beləliklə, Ərtoğrol Cavid Azərbaycan mədəniyyəti, ədəbiyyatı tarixində misilsiz istedadıyla, hərtərəfli və dərin biliyə malik bütöv şəxsiyyət kimi, xalq ruhuna, ədəbiyyatı və musiqisinə bağlı, müasir dünya ədəbiyyatını, musiqisini ən yüksək səviyyədə mənimsəmiş, həm milli, həm də bəşəri bir yaradıcılığa malik, vətənpərvər, son dərəcə qürurlu bir gənc olaraq əbədi yaşamaq haqqını qazanıb. Ərtoğrol Cavidin simasında Azərbaycan xalqı təkcə böyük Hüseyn Cavidin gənc yaşlı övladını deyil, şairini, nasirini, dramaturqunu, folklorçusunu, musiqişünasını, bəstəkarını, rəssamını, tərcüməçisini itirib. Lakin xain düşmən xalqımızın istedadlarını fiziki cəhətdən məhv etməklə öz məqsədinə nail olduğunu sanmasın. Məşhur şeirdə deyildiyi kimi:

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.

Nə həbs, nə sürgün, nə işgəncələr, nə də məşəqqətli həyat qorxusu nə dahi şair Hüseyn Cavidi, nə də onun ideyalarının davamçısı Ərtoğrol Cavidi sındıra bilib. Onların adları bir xalqın hafizəsinə əbədi olaraq həkk olunub.

Aygün ORUCOVA
Filologiya üzrə fəlsəfə doktoru (AMEA Naxçıvan Bölməsi) 

 





28.06.2019    çap et  çap et