525.Az

Asiman Qurbanlı: "Sevinirəm ki, artıq boynumda qızıl medal var"


 

Asiman Qurbanlı: "Sevinirəm ki, artıq boynumda qızıl medal var"<b style="color:red"></b>

"Çəki dərəcəmdəki 8 nəfərin hamısı Avropa və dünya çempionatında medal qazanmış idmançılar idi. Sadəcə, bura bir niyyətlə gəlmişdim: Qızıl medal qazanaraq himnimizi səsləndirməliyəm".

Bunu "Minsk 2019" II Avropa Oyunlarında qızıl medal qazanan Azərbaycan karateçisi Asiman Qurbanlı "Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

84 kq-dan yuxarı çəki dərəcəsindəki 27 yaşlı idmançı bu medalı əldə edənədək xeyli əziyyət çəkdiklərini vurğulayıb: "Çox istəkli idim, gecə-gündüz qızıl medal üçün çalışırdım. Qrupum da çox çətin idi. Çox güclü idmançılarla eyni qrupa düşmüşdüm. Lakin ümidimi itirməyərək, məqsədimə doğru inamlı addımlarla getdim. Sevinirəm ki, artıq boynumda qızıl medal var, himnimizi səsləndirmişik. Bu qızıl medal ölkəmizi bir addım da olsa, irəli aparır".

Qurbanlı xorvatiyalı Ancelo Kvesiçlə final qarşılaşmasında taktikanı düzgün qurduğunu bildirib: "Finalda taktikanı qursam da, rəqibim də yaxşı hazırlaşmışdı. Lakin bir-iki səhvimdən yararlana bilmədi. Çox güclü idmançıdır, hətta bir dəfə ona uduzmuşam. Sadəcə, düşündüyüm taktika var idi, o da səhvi buraxdı və mən bundan yararlandım. Nəticədə hesabda 1:0 önə keçdim və üstünlüyümü sonadək qoruyub saxlaya bildim".

Avropa Oyunlarının qalibi son yarış günündə də Azərbaycan karateçilərinin qızıl medallar qazanaraq, ölkəni daha da irəli aparacaqlarına əminlik ifadə edib.

Qeyd edək ki, hazırda Azərbaycan 5 qızıl, 7 gümüş, 12 bürünc medalla 9-cu pillədə qərarlaşıb.

 





30.06.2019    çap et  çap et