525.Az

Uzaq və yaxın Meksika


 

Uzaq və yaxın Meksika<b style="color:red"></b>

Əvvəli ötən şənbə saylarımızda

1821-1824-cü illərdə İturbudanın başçılığı altında Mərkəzi Amerikanın daxil olduğu imperiya yaradıldı. Aqustin İturbuda yıxıldıqdan sonra Meksika siyasətçiləri müəmmalı şəxsiyyət olan Antonio de Santa Annanın ətrafında birləşdilər. O, xarizmatik bir general idi. Federalistlərlə ittifaqa girib, 1833-cü ildə prezident seçilmişdi. O, prezident kürsüsünə əyləşdikdən sonra antiklerikal qanunvericiliyi ləğv etdi. Onun prezidentliyi dövründə Texas üzərində çətinliklər başlandı. Əlverişli şərtlər altında 30 min nəfər Birləşmiş Ştatlar mühaciri bu səhra ərazisini məskunlaşdırmışdı. Onların sayının daha da artması təhlükəsindən qorxan Meksika hökuməti 1830-cu ildə sonrakı mühacirləri sərhəddə dayandırdı və texaslılar üzərinə ağır məhdudiyyətlər qoydu ki, bu da Meksika konstitusiyasına zidd idi. 1836-cı ilin martında Texas özünü müstəqil respublika elan etdi və Santa Anna həmin günlərin aparıcı hərbi şəxsiyyəti olmaqla, qiyamı yatırtmaq istədi. Ordu toplandı, lakin 1836-cı ilin aprelində Texas qüvvələri tərəfindən o, məğlub edilib, əsir götürüldü. Sonra isə nəticədə azad olundu. Texası yenidən zəbt etmək üçün Meksika sonra heç bir cəhd etmədi, yalnız onun müstəqilliyini tanımaqdan imtina etdi.

  1836-cı ildəki və 1846-1848-ci illərdəki Meksika müharibəsindən sonra Meksika öz ərazisinin böyük bir hissəsini ABŞ-ın xeyrinə itirdi. 1858-1861-ci illərdə kilsəni və dövləti bir-birindən ayırmaq üçün vətəndaş müharibəsi getdi. Vətəndaş müharibəsində Benito Xuaresin başçılığı altında qalib gələnlər modern dövlət qurmağa nail oldular. 1863-cü ildə fransız qüvvələri Mexiko şəhərini işğal etdilər. Avstriya ers-hersoqu I Maksimilian Habsburq, Meksikaya 1861-ci ildə başlanan  ingilis-fransız hərbi müdaxiləsi nəticəsində 1864-cü ildə özünü imperator elan etdi. Lakin onun hakimiyyəti yalnız fransızların işğalı olan ərazilərlə məhdudlaşırdı. Fransızlar sonra geri çəkiləndə marionet prezidentin dayaqları da uçdu. 1861-72-ci illərdə ölkənin prezidenti olan, Meksikanın milli qəhrəmanı Benito Xuaresin göstərişi ilə Maksimilian meksikalılar tərəfindən güllələndi.

1910-1917-ci illər inqilabından sonra Porfirio Diasın diktatorluğu quruldu. 1938-ci ildə prezident Lasaro Kardenas neft sənayesini milliləşdirdi.

Ölkə 6 illiyə seçilən prezident tərəfindən idarə olunur və 500 nəfərlik Deputat palatasından ibarət iki palatalıq Konqressi vardır.

Toltek şəhəri Tula

Bizi vaxtilə Meksikadakı Tolteklərin qədim paytaxtı olan Tulaya apardılar. Bu şəhər 900-cü ildən 1200-cü ilə qədər mühüm yaşayış məntəqəsi olmuşdu, indiki İdalqo əyalətində yerləşir. Bəzi alimlər isə onu Mexikonun yerində vaxtilə mövcud olmuş Tenoçtitlan şəhərinin kənarı hesab edirlər. Ən azı, üç kvadrat mil ərazini tutan şəhərdə, güman ki, bir neçə min əhali yaşayırdı.

Başlıca mülki mərkəzdə, iri meydanın qonşuluğunda məbəd-piramida yerləşirdi və məbəd Toltek allahına həsr olunmuşdu. Başqa tikililər Saray Kompleksi də daxil olmaqla, digər iki məbəd - piramidadan ibarət idi. Meydanın mərkəzində platforma üzərində mehrab var idi.

Əsas məbəd - piramida Tula arxitekturası üslubunda idi. Kiçik olmasına baxmayaraq, piramida yüksək dərəcədə bəzədilmişdi. Terrasın tərəfləri rəsmlərlə, pişik ailəsindən olan gəzişən heyvanların və itlərin təsvirləri ilə, ilanın udmağa çalışdığı, onun çənələrindən bayıra çıxan insan sifətini əks etdirən heykəltəraşlıq frizləri ilə örtülmüşdü. Cənuba gedən yolun üstündəki məbədin otaqlarının qapısı özünü nümayiş etdirən döyüşçü formasındakı dörd sütun üzərində dayanmışdı. Bu döyüşçulərin hər biri 15 fut hündürlüyündə idi, bədənə aid yüksək spesifik ornamentlərlə və Tula üslubundakı şəxsi ləvazimatlarla bəzədilmişdi.

Biz geniş estakada meydançasında ucaldılan bu döyüşçü heykəl fiqurlarına böyük maraqla tamaşa etdik. Onların baş geyimləri, paltarı müasir kosmonavtların kosmosa səfər edərkən geyindikləri qoruyucu kostyumu və onun üstündəki ləvazimatı xatırladırdı. Baş geyimi skafandra, daha çox kosmonavtların dəbilqəsinə bənzəyir. Bu beş metrlik fiqurların yanında adam çox kiçik görünür. Adama elə gəlir ki, toltek heykəltəraşları kosmosdan yerə enmiş digər planetlərin nümayəndələrinin portretlərini yaratmışlar. Bu döyüşçü heykəlləri hündür daş meydanda bir-birindən aralı dayansa da, elə bil ki, sıraya düzülmüşdür. Onların kürəyini qalxan örtür, döşlüyünü isə abstrakt kəpənək təsvirləri bəzəyir. Baş geyimi lələklərdən ibarətdir. Həmin döyüşçulərin başlarında telekommunikasiya cihazlarına bənzər ləvazimat, həmçinin, geyimlərinin müasir kosmonavt kostyumlarına bənzəməsi, onları vizual qaydada təkrar etməsi bu döyüşçülərin başqa planetlərdən Yerə səfər etmiş sakinlər təsirini bağışlayır. Fiqurası Yer adamına oxşasa da, geyimi, əlbəsələri tam fərqlidir, elə bil ki, qədim yunan mifologiyasındakı atlantlardan bir neçəsi ayrılıb burada qalmışdır.

Biz geniş estakada meydançasına qalxdıq, bu döyüşçü-atlant heykəllərini hər tərəfdən seyr etməyə müvəffəq olduq. Bəzi alimlər güman edirlər ki, Günəş allahının döyüşçü-keşişi barədəki asteklərin konsepsiyası da birbaşa Tula xalqından əxz edilmişdir.

Meksikalılar özlərinin məlum üç irqə deyil, dördüncü irqə aid olduqlarını iddia edirlər və əcdadlarının kosmosdan gəlməsi versiyasına müəyyən inamla yanaşırlar. Mexikonu bəzəyən heykəltəraşlıq əsərlərindən biri də oturmuş kişini təsvir edən "İrq" heykəlidir. Bəzi xalqlar öz əcdadlarını totemlər ilə eyniləşdirirlər, məsələn, türklər öz başlanğıclarının boz qurddan əmələ gəldiyi ideyasına böyük ehtiramla yanaşır, onun xüsusiyyətlərini öz davranışlarında təkrar etmələri ilə öyünürlər, totemi, az qala, müqəddəsləşdirirlər. Totemizm qəbilə cəmiyyətinin inanc və mərasimlər kompleksi olmaqla, insan qrupları və totemlər - heyvan və bitki növləri arasında olan qohumluq anlayışı ilə əlaqədərdır. Hər qəbilə öz toteminin adını daşıyırdı.

Türkiyədə totemə hörmət əsasında Alparslan Türkeşin liderliyi dövründə Milliyətçi Hərəkat Partiyasının üzvləri özlərini boz qurdlar adlandırırdılar. Onların bəziləri millətçiliyə uyğun gəlməyən hərəkətlərə də yol verirdilər. Avropa ölkələrində yaşayan türklər maddi təmanna üstündə onların zorakılığından narazılıq edirdilər. 40 il əvvəl Amsterdamda tanış olduğumuz kiçik xırdavat mağazasının sahibi bu barədə nifrət hissini gizlədə bilmədən danışırdı. Xalq Cəbhəsinin hakimiyyəti dövründə Azərbaycanda da radikal cəbhəçilər özlərini boz qurd hesab edir, türk silahdaşlarında olan kimi salam jestini sağ yumulmuş əlin şəhadət və kiçik barmaqlarını canavar qulaqlarına bənzər qaydada nümayişkaranə surətdə qaldırmaqla icra edirdilər. Şəmkir rayonundan keçən beynəlxalq yolun üstündə hətta boz qurda heykəl də qoyulmuşdu. Dünya şəhərlərində dəbdə olan şir heykəlləri əvəzinə bizdə totemə hörmət əlaməti olaraq canavara üstünlük verilmişdi. Bu sahədə biz özümüzü hindular kimi aparmışdıq, axı onlar da quş totemlərinə xüsusi ehtiram bəsləyirlər. Lakin hindu totem dirəklərində təsvir olunanlardan fərqli olaraq, boz qurdun heykəl variantının ömrü qısa oldu, həmin totemə aludəçilik də tədricən azaldı. 

ABŞ-ın və Kanadanın şimali-qərb sahillərində hindular öz yaşayış məntəqələrində gözəl sənət əsərləri təsəvvürü yaradan totem dirəkləri ucaldırdılar. Ağacda yonulan, əslində, nəqş edilən mücərrəd şəkildəki insan, quş və heyvan başları, dirəyi bir neçə səviyyədə bəzəyir. Bu dirəklər tayfanın qüdrətini nümayiş etdirirdi. Təsvir edilən həmin fiqurlar Meksika hindularının mücərrəd heykəltəraşlıq və rəsm nümunələrini yada salırlar.

Hər bir xalq öz tarixinin başlanğıcında hansısa heyvan və ya bitki növünü özünə totem kimi seçir. Niyə onda bəs meksikalılar öz mənşələrini kosmosla, digər planetlə əlaqələndirməsinlər. Axı burada qəbahətli bir şey yoxdur, başqaları heyvan və bitki növü ilə qohum olmalarını seçirlərsə, meksikalılar da özlərinin mənşəyini daha uca varlıqda görürlər. Xalqlar özlərinin meydana gəlməsi barədə bəzən hətta ağılasığmayan rəvayətlər yaradır və sonrakı nəsillər də onu təkzib etmək istəməyib, qədim ənənələrə sədaqət göstərmək xüsusiyyətini vacib hesab edirlər. Ona görə də xalqlar ailəsində keçmişin irsi kimi totem təsəvvürü də qalmaqdadır və heç kəsə mane olmadığına görə onlara yalnız hörmətlə yanaşmaq lazımdır.

Nəhayət, Meksika ilə vidalaşmaq anı gəlib çatdı. Axşamüstü hərəkətin daha da intensivləşməsinə görə maşını tıxaca düşdüyündən SSRİ səfiri xanımı ilə birlikdə bizi yola salmağa gecikmişdi və biz yerlərimizdə oturub uçuşu gözləyəndə onlar təyyarə salonuna girdilər və bizə çox mehribanlıqla "yaxşı yol" arzuladılar. Nümayəndə heyətinin üzvləri səfirin bu ehtiram nümayişinə təəccüblənmişdilər və bunu özlərinə rəhbərlik edən adamın diplomatik bacarığı kimi qiymətləndirirdilər. Mən isə bunu səfirə xas olan alicənablığın təzahürü hesab edirdim. Yenə də uzun yolla qayıtdıq, əvvəlcə Havana, sonra isə Şennon təyyarə limanında qısa müddətə dayanmalı olduq.

Meksika ecazkar bir ölkədir, onun hər qarışında bir sirr, həm də sehr vardır. Təbiəti də, səmimiyyəti və sadəlikləri ilə seçilən adamları da xoş təəssüratları ilə yaddaşlara həkk olunduğundan, bu xatirələr itmir, yoxa çıxmır. Biz ona görə də bu gözəl ölkəyə "Adies, Mexico!" - "Əlvida, Meksika!" demədik, "Muchas qrasias, Mexico!" - "Çox sağ ol, Meksika!" dedik və bu, heç şübhəsiz, ürəkdən gələn sözlər idi.

SON
Sentyabr 2018-ci il

 





30.06.2019    çap et  çap et