525.Az

"Qanun"dan yeni nəşrlər


 

"Qanun"dan yeni nəşrlər<b style="color:red"></b>

"Psixopat qarmağı" - Aud Dalsegg

Onlara hər yerdə rast gəlmək olur. Çünki ilk baxışda son dərəcə istiqanlı və mehriban görünürlər. Hər kəs də onların toruna düşə bilər. Valideynlərimiz, bacı-qardaşımız da bu "mehriban və istiqanlı" adamların şirin dilinin acısını yaşaya bilər. Belələrinə ən çox da müxtəlif idarə və müəssisələrdə rast gəlmək mümkündür. Özü də rəhbər vəzifələrdə. Kitab bu mövzuda daha əvvəllər yazılmış əsərlərdən "qurban"larının çoxluğu və konkret məqamlara fokuslanmasıyla fərqlənir. Kitabda təkcə problemə toxunulmur, həm də praktik məsləhətlər verilir. Əsər geniş oxucu auditoriyası üçün nəzərdə tutulub və hər kəsin masaüstü kitabına çevriləcəyinə ümid edirik. Uşaqdan böyüyə hər kəsin yararlana biləcəyi əsər, son dövrlər daha da aktuallaşan bir çox problemin həllində yardımçınız olacaq. Bir sözlə, özünüzü "psixopat" dediyimiz qorxulu insanlardan qorumaq istəyirsinizsə, bu kitabı oxuyun.

"Fəlsəfə" - Uşaqlar Üçün

Hər hansı bir filosofun şəxsiyyətini, həyat yolunu onun fəlsəfəsindən ayırmaq çox çətindir. Amma gəlin bir düşünək: bunları bir-birindən ayırmaq ümumiyyətlə lazımdırmı? Bunları yanaşı öyrənməyin nə ziyanı var ki? Ziyanı yoxdur, amma xeyri böyükdür. Bu iki şeyi paralel öyrənmək bizə çox mətləbləri başa salır, çox məqamları dərk edə bilirik: filosof öz fəlsəfəsini anladır, fəlsəfə isə onu yaradan filosofu tanıdır. Odur ki, bu kitabdakı hər hekayə konkret bir filosofa həsr olunub; onun həyatından, ən dəyərli fikirlərindən bəhs edir; əsrlərdən bəri ucaldılan "fəlsəfə məbədi"nin təməlinə, divarlarına məhz onun qoyduğu daşdan, yaxud daşlardan söz açır.






"Bitməyən tablo" - Bəhruz Dadaşov

Sən hər yana baxanda məni xatırlayacaqsan. Güllərə, evin divarlarına, hətta güzgüdə özünə baxanda belə. Dərindən nəfəs alıb məni gözəlliklə anacaqsan. Mən hər zaman səninlə olacağam. Məni anarkən ruhun dincələcək. Rahatlanıb arxaya yaslananda başın çiynimdə olacaq. Sən bunu hiss edəcək və məni görməyəcəksən. Amma mən səni tək buraxmayacağam, çünki mələklər sevdiklərini heç zaman yalnız qoymur. Sənin mənə verdiyin bir söz var: "Sən daim xoşbəxt olacaqsan".

Bu sevgi romanını, dramı yazacaq qədər güclü biri olmağa çalışdım. Çalışdım ki, örnək olacaq bir əsər yazım. Yazmaq xatirinə yazmadım, yaşatmaq xatirinə yazdım. Yazarkən bu sevgi hekayəsi də, elə mən özüm də bitmişdim. Həm sevən gənc qız, həm təcavüzə məruz qalan köməksiz bir qadın oldum, həm onları o qadına yaşadan, puluna güvənən vəzifəli "insan", həm romantika, sevgi, qadına hörmət, ehtiras, gözəllik yaradarkən tükənən bir rəssam oldum. Sadəcə reallığı, müasir dövrümüzün reallığını yazdım. "Sevgi yoxdur" deyənlərə, "var!", sevginin var olduğuna inanan insanlara isə sevməklə sevgi var deməməyi, onu qorumağı bir tövsiyə olaraq yazdım. Bu romanı oxuyan hər kəs, istər qadın istərsə də kişi, hər kəs özünü bu "Bitməyən Tablo"nun bir cizgisində mütləq tapacaq. Siz belə, əziz və hörmətli oxucum...





"Dəli Kür" - İsmayıl Şıxlı

"Dəli Kür" - böyük Azərbaycan yazıçısı İsmayıl Şıxlının geniş oxucu kütləsinin rəğbətini qazanmış və XIX əsrdə baş verən mürəkkəb tarixi proseslərin Azərbaycan xalqının həyatında əmələ gətirdiyi əsaslı dəyişiklikləri realistcəsinə göstərən bir əsərdir. Hadisələr kiçik bir Azərbaycan kəndi olan Göytəpədə cərəyan edir. Roman kəndin ağası və nüfuzlu bir mülkədar olan Cahandar ağanın Allahyar adlı bir şəxsin həyat yoldaşı Mələyi götürüb qaçması ilə başlayır. Daha sonra hadisələr yüksələn xətlə inkişaf edir. Cahandar ağanın birinci həyat yoldaşı Zərnigar xanım olanlara narazılığına bildirərək Mələyi evdən qovmağa cəhd edir. Cahandar ağanın böyük oğlu Şamxal anasını haqlı sayaraq atası ilə toqquşur və evi tərk edir, kiçik oğlu Əşrəf isə atasının etirazlarına baxmayaraq, Qori Müəllimlər Seminariyasına oxumaq üçün gizlincə yola düşür.

 

 





30.06.2019    çap et  çap et