525.Az

“Saf düşüncə möcüzə yaradır” mövzusunda Humanist Pedaqogika üzrə III Respublika oxuları


 

“Saf düşüncə möcüzə yaradır” mövzusunda Humanist Pedaqogika üzrə III Respublika oxuları<b style="color:red"></b>

İyunun 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Azərbaycan Respublikasının Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı  ilə universitetdə  “Saf düşüncə  möcüzə    yaradır” mövzusunda Humanist Pedaqogika üzrə III Respublika oxuları keçirilib.

Tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, Təhsil Nazirliyinin məsul şəxsləri, Bakı Dövlət Universitetinin (BDU) Psixologiya kafedrasının müdiri, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü,  Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent, “Humanist pedaqogika cəngavəri” ordenli Qulu Novruzov, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Sosiologiya və sosial psixologiya şöbəsinin müdiri, professor, Əməkdar elm xadimi Rəfiqə Əzimova, Humanist Pedaqogika üzrə Təhsil Müəssisələrinin Beynəlxalq Assosiasiyasının prezidenti, Əməkdar müəllim, “Humanist pedaqogika cəngavəri” ordenli Asif Cahangirov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Sumqayıt Şəhər Təhsil Şöbəsinin, Abşeron Rayon Təhsil Şöbəsinin təmsilçiləri, ADPU-nun Şamaxı Filialının əməkdaşları, Qobustan rayonunun təhsil nümayəndələri,  bir çox orta məktəblərin direktorları, müavinləri və müəllimləri, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, tərbiyəçiləri, tanın­mış alimlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 Tədbiri ADPU-nun  rektoru, professor, “Humanist pedaqogika cəngavəri” ordenli  Cəfər  Cəfərov giriş sözü ilə açaraq bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq təhsilin yeni məzmununun reallaşdırılması və mənəvi-əxlaqi dəyər­lərin məzmuna tətbiqi üçün bir sıra tədbirlər həyata keçirilir. Belə ki, 1-4 dekabr 2014-cü il tarixində Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu tərəfindən “Mənəvi-əxlaqi tərbiyə şəxsiyyətin hərtərəfli inkişafının əsasıdır” mövzusunda I elmi-praktik konfrans və seminar keçiril­ib. Bu tədbirin davamı olaraq  21-25 dekabr 2016-cı il tarixində ADPU-nun, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin və Azərbaycan Respublikasının Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı ilə “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin inkişafı” mövzusunda II  beynəlxalq konfrans-seminar və I Respublika oxuları keçirilib. 2018-ci il martın 23-də ADPU-da “Beynəlxalq Assosiasiya” İctimai Birliyinin Humanist Pedaqogika Beynəlxalq Mərkəzinin, ADPU-nun və Azərbaycan Respublikasının Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı və Oxuların müəllifi, müasir pedaqogikanın əfsanəsi, Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin fəxri prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki, Rusiya Federasiyası Hökumətinin təhsil sahəsində iki dəfə mükafatçısı, psixologiya elmləri doktoru, professor, yazıçı Şalva Amonaşvilinin iştirakı ilə “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda Humanist Pedaqogika üzrə 3 günlük XVII Beynəlxalq oxuları keçirilib. Qeyd edək ki, oxularda respublikamızın və xarici ölkələrin humanist pedaqogika sahəsində çalışan tanınmış və nüfuzlu 320 nəfər alim-mütəxəssisi, gənc müəllimlər iştirak edib və bu oxuları möhtəşəm və təkrarsız bir tədbir kimi qiymətləndiriblər. 2018-ci il  iyunun 2-də ADPU-nun Şamaxı Filialında 8 regionun 250 nəfər pedaqoji kadrının cəlb olunduğu Humanist Pedaqogika üzrə II Respublika oxuları keçirilib. Bu tədbirlərdə təhsilin, təlim-tərbiyənin nəzəri, metodoloji əsasları, innovativ texnologiyalar, təhsilin yeni məzmunu, ailə və cəmiyyətin, digər sosial institutların tərbiyə prosesində rolunun artırılması yolları müzakirə edilib, yüzlərlə pedaqoji kadra  müvafiq mövzularda yeni bilik və bacarıqlar aşılanıb. Bu tədbirlərin davamı olaraq, bu gün “Saf düşüncə  möcüzə    yaradır” mövzusunda Humanist Pedaqogika üzrə III Respublika oxuları keçirilir.

AMEA-nın müxbir üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, professor Bəxtiyar Əliyev ölkədə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrindən danışıb. Qeyd edib ki, Azərbaycanda təhsilin inkişafına xüsusi önəm verilir. Artıq təhsillə bağlı qanunvericilik bazası möhkəmləndirilib. Bu qanunvericilikdə bütövlükdə təhsil sistemi, o cümlədən məktəbəqədər, orta, peşə, ali təhsil məsələləri öz əksini tapıb.

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev təhsil sahəsində tətbiq olunan yeniliklərdən danışıb. Təhsil sistemində dəyişikliklərin labüd olduğunu deyən E.Əmrullayev bu sahədə informasiya-kommunikasiya texnologiyalarının inkişafının rolundan, virtual təhsil sisteminin üstünlüklərindən danışıb. Qeyd edib ki, Azərbaycanda elmin bir sahəsi kimi humanist pedaqogikanın tədrisdə rolu danılmazdır. Humanist pedaqogika sahəsində keçirilən oxuları yüksək qiymətləndirən E.Əmrullayev konfransın əhəmiyyətini vurğulayaraq deyib ki, belə oxular ölkəmizdə artıq ənənəyə çevrilib. Bu istiqamətdə həm beynəlxalq, həm də respublika səviyyəsində müxtəlif tədbirlər keçirilir. Bu sevindirici haldır və pedaqoji ictimaiyyət üçün mühüm töhfədir. 

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Bakı Humanitar Kollecinin direktor müavini, Humanist Pedaqogika üzrə Təhsil Müəssisələrinin Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü, “Humanist pedaqogika cəngavəri” ordenli Afaq Əliyeva, Əməkdar müəllim, “Humanist pedaqogika cəngavəri” ordenli Asif Cahangirov və digər çıxış edənlər təhsil sahəsində tətbiq olunan humanist pedaqogikanın mahiyyətindən danışıblar.

Konfransda son illər ölkəmizdə humanist pedaqogika sahəsində həyata keçirilən tədbirlərlə bağlı videoçarx nümayiş etdirilib, humanist pedaqogikanın himni səsləndirilib.  

Sonra tədbir A.Əliyevanın moderatorluğu ilə davam edib. ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, professor Fəırrux Rüstəmov “Düzgün düşünmək böyük bir kəşf qədər əhəmiyyətlidir” mövzusunda, Azərbaycan Respublikası Təhsil İnstitutunun Psixologiya və yaş fiziologiyası şöbəsinin müdiri, professor Elxan Bəylərov “Dəyərlərin dilemması” mövzularında çıxış ediblər, həmçinin təcrübəli pedaqoq-alimlər tərəfindən ustad dərsləri keçirilib.

Sonda tədbir iştirakçılarına sertifikatlar  təqdim olunub.

 

 





01.07.2019    çap et  çap et