525.Az

Hərbi çağırışıçılar üçün yolasalma mərasimləri keçirilib


 

Hərbi çağırışıçılar üçün yolasalma mərasimləri keçirilib<b style="color:red"></b>

 “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq iyulun 1-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Nəsimi Rayon İcra Hakimiyyətinin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” devizi altında Nəsimi rayonundan olan çağırışçı gənclərin təntənəli yolasalma mərasimi keçirilib.


Rayon rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nəsimi rayon idarəsinin şəxsi heyətinin, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin, ictimaiyyətin, gənclərin, KİV nümayəndələrinin, müharibə veteranları və çağırışçıların valideynlərinin iştirakı ilə Nizami Kino Mərkəzində keçirilən tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri dərin ehtiramla anılıb, Dövlət Himni səsləndirilib.

Tədbirdə əvvəlcə vətənpərvərlik ruhunda hazırlanmış, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini əks etdirən xüsusi video-çarx təqdim olunub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev hərbi xidmətə yola düşəcək gəncləri təbrik edib, onlara nümunəvi xidmət keçməyi arzulayıb. Silahlı Qüvvələrlə cəmiyyət arasında körpü rolunu oynayan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  tərəfindən gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən iyulun 1-də müddətli həqiqi hərbi xidmətə çağırış prosesi başlayıb, ölkəmizin bütün bölgələrində gənclər sevinc hissi və təntənəli tədbirlərlə hərbi xidmətə yola salınırlar.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında  Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, müasir, müstəqil ölkəmizdə Silahlı Qüvvələrin formalaşmasında və güclənməsində ulu öndər Heydər Əliyevin, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xidmətlərindən danışıb. Qeyd edib ki, gənclər ordu sıralarında şərəfli hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollanırlar.

Çağırışçıların valideynləri adından çıxış edən Seyran Xalıqov gənclərə hərbin sirlərinə dərindən yiyələnməyi, Vətənin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə edib.

Hərbi xidmətə yollanan gənclərin adından çıxış edən Teymur Aslanov Vətəni qorumaq kimi müqəddəs vəzifələri yerinə yetirəcəklərindən qürur hissi duyduğunu bildirib.

Yolasalma mərasimində çağırışçı gənclərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Nəsimi Rayon İcra Hakimiyyəti adından hədiyyələr təqdim olunub.

Tədbirin yüksək səviyyədə təşkilinə və vətənpərvərlik tərbiyəsində fəal iştiraklarına görə Nəsimi Rayon İcra Hakimiyyəti  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xatirə plaketi ilə təltif edilib.

Tədbirin bədii hissəsində incəsənət ustalarının çıxışları təqdim olunub, vətənpərvərlik mahnıları səsləndirilib.

Sonda çağırışçı gənclər üçrəngli Azərbaycan bayrağını öpərək hərbi xidmətə yola düşüblər.

Qeyd edək ki, iyulun 1-də Abşeron, Astara və Gəncə şəhər Nizami rayonlarında da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli  şöbələrinin şəxsi heyətinin, rayonların rəhbərliyinin, şəhid ailələrinin, ictimaiyyət təmsilçilərinin, müharibə veteranlarının, çağırışçılar və onların valideynlərinin iştirakı ilə gənclərin müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimləri keçirilib.

Abşeronda da gənclərin həqiqi hərbi xidmətə çağırışı başlayıb. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə Dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik-leytenant Hüseyn Quliyev açaraq ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ordumuzun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün bütün tədbirlərin həyata keçirilməsi sayəsində güclü Silahlı Qüvvələrimiz daha da təkmilləşir. Bu gün ordumuzun qarşısında çox mühüm vəzifələr durur. Əsas vəzifə torpaqlarımızın düşmən əsarətindən azad edilməsidir.

Vurğulanıb ki, ordu dövlətin ən mühüm atributlarından biridir. Bu gün hərbi xidmətə yola salınan gənclər xoşbəxtdirlər ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bir orduda xidmət edəcəklər. Məhz Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda ordu quruculuğu sahəsində çox böyük dəyişikliklər baş verib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində hazırda Silahlı Qüvvələrimiz regionun ən güclü və qüdrətli ordusuna çevrilib.

Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov qeyd edib ki, müstəqil Azərbaycanın Silahlı Qüvvələrində xidmət etmək müqəddəs və məsuliyyətli vəzifədir. O, gənclərə şərəflə xidmət etməyi, Vətənin keşiyində möhkəm dayanmağı tövsiyə edib.

Çağırışçı Elçin Mehdizadə bildirib ki, böyüdüyüm ailədə də, oxuduğum orta və məzunu olduğum ali məktəbdə də valideynlərimdən və müəllimlərimdən aldığım öyüd-nəsihətin əsas qayəsində vətəni sevməklə bərabər, ona layiqli oğul olmaq istəyi durur. Sevinirəm ki, o gün gəlib çatıb. Bu gün ordu sıralarında xidmət etməyə gedirik. Hamımız üzərimizə düşən məsuliyyəti yaxşı bilirik. Onu da bilirik ki, torpaqlarımızın böyük bir hissəsi işğal altındadır. Müstəqil ölkənin əsgəri olmaqdan böyük xoşbəxtlik ola bilməz.

Oğlunu böyük qürur hissi ilə hərbi xidmətə yola salan valideyn Teymur Mehdiyev bildirib ki, biz Vətənimizi yağılardan qorumağa, işğal altında olan torpaqlarımızı azad etməyə hər an hazırıq.

Sonra çağırışçı gənclər Azərbaycan bayrağını öpərək ordu sıralarına yola düşüblər.

 

 





01.07.2019    çap et  çap et