525.Az

Ekzistensializm etüdləri


 

3-cü YAZI

Ekzistensializm etüdləri<b style="color:red"></b>

Ekzistensializmin fərqli yönlərdən tənqidi

Yarandığı gündən bəri cəmiyyətdəki müxtəlif qruplar tərəfindən tənqidə məruz qalan ekzistensializm, bu tənqidlər qarşısında aciz idi. Jan-Pol Sartrın ekzistensializm səhnəsinə çıxması bu tənqidləri daha da artırdı və kəskinləşdirdi. Onun siyasi mövqeyi, o zamankı tələbə hərəkatlarına olan dəstəyi, Kuba hakimiyyətinə, xüsusən də Fidel Kastro və Çe Gevaraya olan rəğbəti bu tənqidlərin məcrasını şəxsi zəminə doğru dəyişmişdi. Ekzistensializm və J.P.Sartr əsasən marksistlər, dindarlar və bu fəlsəfi cərəyanı anlamayan, buna cəhd belə etməyən kütlə (daha çox katoliklər) tərəfindən təndiq atəşinə tutulurdu. Bu tənqidlərdən bir neçəsi ilə tanış olmaqda fayda var. Çünki təndiqlərə verilən cavablar ekzistensializmin dərkində əhəmiyyətli paya sahibdir.

İlk olaraq bu fəlsəfi cərəyanın mahiyyətini anlamayan kütlədən başlamaq olar. Çox təəssüf ki, Kyerkeqorun bu cərəyanı yaratmasından, Sartrın bu səpkili tənqidlərə cavab verməsindən uzun müddət keçməsinə baxmayaraq, hələ də ekzistensializmi pessimist, qaragüruh fəlsəfi cərəyan adlandıran insanlar var. Bu qrupa daxil olanlar düşünür ki, ekzistensializm insanı ümidsizliyin içinə çəkir. Bu cərəyanda insana hərəkət şansı verilmir. İnsanın dünyada edə biləcəyi ən yaxşı şey istər özündə, istərsə də, bəşəriyyətdə baş verən hadisələri, dəyişiklikləri müşahidə etməkdir. Ekzistensializmə yönəlmiş bu tipli əsassız tənqidləri kifayət qədər uzatmaq olar. Çox qəribədir ki, bu tənqidi fikirlər böyük nisbətdə marksistlərin də ekzistensializmə qarşı olan düşüncəsində yer alır.

Marksistlər düşünürdü ki, ekzistensializm ancaq insanın mənfi cəhətlərinə fokuslanır, başqalarının onun haqqında bilməməli olduğu şeyləri üzə çıxarır. Halbuki insanın önə çıxarılası nə qədər müsbət cəhəti var. Bu, təkcə insana aid deyil, eyni zamanda, cəmiyyət və həyat da bu cür dəyərləndirilir.

Katoliklərin ekzistensializm barədə düşüncələri isə çox kəskindir. Hətta bu elə bir yerə gəlib çatmışdır ki, ekzistensializmə aid olmayan xüsusiyyətlər belə onun ayağına yazılır. Onlar tez-tez vurğulayırlar ki, ekzistensializm həqiqəti gözardı edir, insanı xəyallar aləminə salır, tanrıdan uzaqlaşdırır. Yaradanından uzaqlaşan, həqiqəti başqa yerdə axtaran insan, xaosla üzləşir. Bir-birilərinin haqlarını tapdalayır, günahlarına göz yumur. Hətta katolik tənqidçilərdən Mişel Merse daha irəli gedərək deyirdi ki, ekzistensialistlər üçün uşaq gülüşü heç bir şey ifadə etmir, çünki bu gülüş ekzistensializmdə çoxdan unudulmuşdur.

Başda Jan-Pol Sartr olmaqla, bir  çox ekzistensialist bu tənqidlərə cavab vermişdi. Sartr "ekzistensializm pessimizmdir" fikrinə belə cavab verirdi: "Ekzistensializm insana yaşamaq üçün yol açır. Hər həqiqətin, hər fəaliyyətin bir insani subyektivliyi dəstəklədiyi təlimdir. Bizə ancaq insanın pis cəhətlərini üzə çıxardığımızı, mənfi hissələri qabartdığımızı deyirlər. Bu yaxınlarda mənə danışılan bir hadisəni xatırlayıram. Məclislərin birində əsəbləşən qadın ağzından söyüş çıxdığı üçün ətrafdakılardan üzr istəyərək: "Deyəsən, mən də ekzistensialist oluram" - deyib. Bu nümunə də göstərir ki, biz insanın mənfi cəhətlərini göstərməyə çalışmırıq, əksinə insanlar özləri öz mənfi cəhətlərini ekzistensializmin ayağına yazır".

İnsanları ekzistensializmin insan təbiətinin mənfi xüsusiyyətləri üzərindən çıxış etməsi qıcıqlandırmır. Əgər bir  ekzistensialist yazar və ya filosof romanında qəhrəmanının qorxaq, zəif, satqın tərəflərini ortaya qoyursa, bunun səbibi təkcə bu cəhətləri görməsi deyil. Bunu təyin etməyi, səbəbini tapmağı oxucunun öhtəsinə buraxması, onu özü ilə üz-üzə qoymasıdır. Yəni insan olduğu halı özü yaratdığını qəbul etmir, bunu onun üzünə deyənləri isə sevmir. İnsanlar istəyir ki, ekzistensialistlər naturalist yazıçı Emil Zolya kimi onlara "Sizin belə olmağınızın səbəbi bir az irsidir, bir az da cəmiyyətin təsiri" desinlər. Amma təəssüf ki, əvvəlki yazılarda da qeyd etdiyim kimi ekzistensializm məsələyə bu prizmadan baxmır, insan özü yaşadığı hər şeyə görə məsuliyyət daşıyır.

Bu dediyim məsələ eyni zamanda, ekzistensializmi tənqid edən katoliklərə də verilmiş cavab kimi qiymətləndirilə bilər. İnsanın tanrı tərəfindən yaradıldığını və sadəcə onun üçün var olduğunu deyən katoliklər də bir növ insanı məsuliyyət altında əzilməkdən xilas edir, baş verənlərdə şeytanı günahlandırır. "Ekzistensializm uşaq gülüşünü unudub" fikrinə gəldikdə isə bunu demək yerinə düşərdi ki, gülüşü uşaq unudub və ekzistensializm bunun səbəbini, uşaqda baş verən dəyişiklikləri ortaya çıxarmağa çalışır.

Marksistlər də ekzistensializmə görmək istədikləri kimi baxırlar. Onlar üçün insan hər şeyə qadirdi və buna görə də onda mənfi (qorxaqlıq, zəiflik, satqınlıq, yaltaqlıq) cəhətlər deyildiyi kimi ola bilməz. Marksistlər bu cür düşünməyə bir növ məcburdur, çünki kapitalizmə qarşı aparılan mübarizədə insana mənfi cəhətlərini xatırlatmaq olmaz. Əks halda mübarizə məğlubiyyətlə nəticələnər.

Göründüyü kimi, ekzistensializmə qarşı yönəldilmiş tənqidlər hər bir qrup tərəfindən onların özlərinə sərf edən şəkildə hazırlanmışdır. Bu ekzistensializmin onlar üçün son dərəcə qorxulu bir şey olduğunu göstərir. Çünki o, həqiqəti, reallığı, olanı göstərir və deyir.

Bu tənqidlərə eyni zamanda, ekzistensializmin məsuliyyət, seçim, əxlaq və azadlıq kimi məsələrə baxışı ilə də cavab verə bilərik.

Ekzistensializmdə məsuliyyət anlayışı bu cür ifadə edilir: İnsan varlığı onun mahiyyətindən əvvəl gəldiyi üçün o, necə birisi olduğuna görə məsuliyyət daşıyır. Bu məsuliyyət təkcə onun özünə aid deyil, insan başqalarına görə də məsuliyyət daşımalıdır. Dünyada pisliyə doğru bütün proseslərdə əsas səbəb də elə insanların özlərinə və başqalarına qarşı məsuliyyət daşımamasıdır. Bəşəriyyətin üzərindən fırtına kimi keçən iki dünya müharibəsi də bu məsuliyyətsizliyin nəticəsi deyildimi?

Məsuliyyət məsələsi bir başa olaraq seçimlə də bağlıdır. Ekzistensializmdə seçim dedikdə insanın həm özünü, həm də başqalarını seçməyi nəzərdə tutulur. Yəni kim olacağımızı seçərkən ətrafımızı da seçmiş oluruq. Seçdiyimiz şeylər dəyərli olduğunu düşündüklərimizdir. Dəyərli olan isə yaxşı (ən azından elə bildiyimiz) olandır. Çünki insan hər zaman yaxşını (elə bildiyimizi) seçməyə çalışır. Özümüz üçün yaxşını seçərkən isə başqa insanlar üçün də yaxşı olanı seçirikmi? Tam da bu sırada məsuliyyət işin içinə daxil olur. Gördüyünüz kimi, məsuliyyət və seçim məsələsi katoliklərin tənqidinə cavab kimi də qiymətləndirilə bilər.

Ekzistensializmdə əxlaq prinsipi də insanın varlığından çıxış edir. Bir şeyi unutmamalıyıq ki, əxlaq dedikdə geniş mənaya sahib düşüncəni nəzərdə tuturuq. Bu bizim tez-tez eşitdiyimiz və dini düşüncə altında sıxılan əxlaq deyil.

Bu cərəyanın əxlaqa olan münasibətini anlamaq üçün J.P.Sartrın başına gəlmiş məşhur bir hadisəyə baxmaq lazımdır. Sartrın tələbələrindən biri həyatının ən vacib qərarını verməli idi və valideynləri tərəfindən təzyiq altında qalan gənc iki yol ayrıcında olduğu üçün ondan kömək istəmişdi. Tələbənin qardaşı 1940-cı ildə almanların hücumu zamanı öldürülmüşdü. Atası isə anasına xəyanət edirdi. Qardaşının ölümü və atasının xəyanəti onu anasının həyatında güvəndiyi tək insan etmişdi. Tələbə isə təhsilini yarımçıq qoymaq, partizanlara qoşulmaq və qardaşının qisasını almaq istəyirdi. İki seçim arasında qalan gənc, Sartrdan soruşur ki, anasının yanında qalıb ona dəstək olmalıdır, yoxsa öz istəyinin ardınca getməlidir? Anasının yanında qalmaq konkret hədəfi olan, bir insana bağlı məsələdir və reallaşması mümkündür. Gəncin partizanlara qoşulmaq istəyi isə daha çox insanla əlaqəli məsələdir və sonu bilinmir, bəlkə də o müharibə bitənə qədər  partizanlara qoşula bilməyəcək.

Düşünə bilərsiniz ki, bu, seçim, məsuliyyət məsələsinə aid vəziyyətdir. Məsələni diqqətlə düşündükdə isə görə bilərsiniz ki, gənc əslində iki seçimdən daha çox iki əxlaq arasında qalıb. Bir tərəfdə fərdi sevgi, duyğusallıq, ailə əxlaqı, digər tərəfdə də böyük, lakin təsiri və faydası sual altında olan bir əxlaq var. Bu çətin seçimdə ona kim kömək edə bilər? Əgər ekzistensializmi tənqid edən katoliklərə baxsaq deyə bilərik ki, onların bu məsələdə tutduğu mövqe çox güman bu şəkildə olacaq: "Daşürəkli olmayın. Sevdiklərinizə kömək edin. Onlara yazığınız gəlsin. Çətin yolu seçin və tanrı tərəfindən mükafatlandırılın!"  Bəs kim deyə bilər ki, o gənc üçün ən çətin olan hansıdır? Burada seçim məsələsinə gəlib çıxırıq. O gənc hansı katolikdən məsləhət almışdı: Almanların tərəfində olan, yoxsa partizanlara dəstək verən? Məsləhət almaq üçün Sartrın yanına gələndə isə  tələbə artıq seçimini etmişdi. Belə ki, o, Sartrın hansı cavabı verəcəyini bilirdi: "Azad olduğunu unutma. Seçimini özün et". Gəncin əslində, eşitmək istədiyi də elə bu idi.

Əxlaq məsələsini iki ədəbi nümunə ilə daha da açaq. İngilis yazıçısı Corc Eliot "Flossdakı dəyirman" əsərində nişanlı oğlana aşiq olmuş qızın həyatını təsvir edir. O qız sonda öz sevgisindən əl çəkir, taleyi ilə barışır. Bu hadisənin əksinə Stendalın "Parma monastrı" romanında rast gəlirik. Sansevarina öz ehtiraslarını üstün tutur və sevdiyi şəxsin əvvəlki münasibətini heç sayır.

Birinci nümunədəki qəhrəman ümumiləşmiş insani inancı (sevgidə üçüncü şəxs olmamaq) seçdiyi halda, ikinci obraz öz ehtirasının ardınca gedir. Hansı daha əxlaqlı hərəkət edir?

Hər iki qəhrəmanın etdiyi doğrudur. Çünki onlar öz azadlıqlarından çıxış edərək bu seçimləri etmişdilər. Azad iradə ilə verilən bu qərarlar hər bir obrazın (fərdin) azadlığını ehtiva edən əxlaqi prinsipdir.

Azadlıq isə ekzistensializmin əsas prinsipidir və ona verilən dəyəri Sartrın bir cümləsi ilə ifadə edə bilərik: "İnsan azadlığa məhkumdur!"

 

 

 





01.07.2019    çap et  çap et