525.Az

Azərbaycan polisi: asayişin və təhlükəsizliyin sədaqətli əsgəri


 

Azərbaycan polisi: asayişin və təhlükəsizliyin sədaqətli əsgəri<b style="color:red"></b>

26 il bundan əvvəl Ümummilli lider Heydər Əliyev inkişafın və müstəqilliyin  Azərbaycan modelinin təməlini qoydu. Bu təməl üzərində inşa edilən və dünyanın hər yerindən görünən - Ulu öndərin əsəri olan müstəqil Azərbaycan bütün azərbaycanlıların qürur mənbəyidir.

Təbii ki, qazanılan böyük uğurların kökündə 26 il ərzində böyük çətinliklər, habelə itkilər hesabına yaradılan ictimai sabitlik və təhlükəsizlik durur. Şəksiz, təhlükəsizlik və sabitliyin qarantı dövlət başçısıdır, xalqın öz rəhbərinin siyasətini dəstəkləməsi və xalq-iqtidar birliyidir. Bununla belə, Prezidentin siyasətinin həyata keçməsinə yardımçı olan icra strukturları, hüquq-mühafizə orqanları və digər qurumlar var. Bu sırada Daxili İşlər Orqanlarının (DİO) müstəsna yeri və rolu var.

İyulun 2-də Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) yaranmasından 101 il ötür. Bu yazı da DİN-in keçdiyi şərəfli və keşməkeşli yolla bağlı bir jurnalistin bəzi qeydləridir.

Keçmişə nəzər

Azərbaycan Xalq Cumhuriyyəti qurulandan sonra - 1918-ci il iyulun 2-də ölkəmizin tarixində ilk dəfə müstəqil polis qurumları yaradılıb. Cumhuriyyətin süqutunadək o, tam formalaşdırılıb başa çatdırılmasa da, dövlətin milli maraqlarını qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaq, asayişi bərpa etmək uğrunda bir sıra uğurlara imza atıb. Xalq Cumhuriyyəti dövründə Azərbaycan polisi fövqəladə çətin vəzifələr icra edib. Onun önəmi müstəsna olub. Məhz ona görə də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının ilk sədri Fətəli Xan Xoyski həm də ilk daxili işlər naziri vəzifəsini tutub.

Xalq Cumhuriyyəti dövründə Azərbaycan DİN-in tabeliyində aşağıdakı qurumlar olub:

- Bakı, Balaxanı, Sabunçu müstəqil polismeyster idarələri

- Bakı şəhər Upravasının polisi

- Bakı xüsusi vergi polisi

- Xəfiyyə polisi

- Gəncə, Zəngəzur, Şuşa,  Cavanşir, Cavad, Cəbrayıl və sair qəzaların polis idarələri

Xalq Cumhuriyyəti dövründə DİN parlament qarşısında hesabat verirdi. Bakı Qubernator İdarəsi də Azərbaycan DİN-ə tabe idi. Bakı, Balaxanı-Sabunçu müstəqil polismeyster idarələri, Bakı şəhər Upravasının polisi, Bakı xüsusi Vergi polisi, Xəfiyyə polisi, Şuşa müvəqqəti general qubernatoru, Gəncə, Zəngəzur, Cavanşir, Cavad, Cəbrayıl və başqa qəzaların polis idarələri isə DİN-in tərkib hissələri idi. Qəzalarda qəza polis rəisləri, onların böyük və kiçik köməkçiləri, sahə müvəkilləri, polislərdən ibarət özünü müdafiə dəstələri fəaliyyət göstərirdi.

1920-ci ilin aprelin 29-da Bakı İnqilab Komitəsinin qərarı ilə Rəhim Hüseynov Bakı şəhərinə ilk rəis təyin olunub. Ona belə bir tapşırıq verilib: polisi yenidən təşkil etmək, adını dəyişib milislə əvəzləmək, bütün yerlərdə pristavları işdən götürmək və komissarlar təyin etmək.

Hüquq-mühafizə orqanlarının, o cümlədən də, DİN və onun strukturlarının fəaliyyəti ilə bağlı xüsusi tənqid olunan mərhələ 1937-1938-ci illərin repressiya dövrüdür. Həqiqətən, o illərdə bu orqanlarda işləyənlərin əksəriyyətinin günahı üzündən yox, o zamanlar aparılan dövlət siyasəti, ideoloji prinsiplər nəticəsində insanlar günahsız qurbanlar olublar, repressiyaya məruz qalıblar. Bu, tariximizin dəhşətli, qara səhifələridir. Minlərlə, on minlərlə insan, onların ailə üzvləri həbslər, repressiya, əsassız ittihamlar nəticəsində böyük məhrumiyyətlə üzləşiblər. O da faktdır ki, 1920-1940-cı illərdə milisin 500-ə qədər əməkdaşı cinayətkarlığa qarşı mübarizədə həlak olub, 1937-1939-cu illərdə isə onun yalnız rəhbər heyətindən, təxminən, 320 nəfər repressiyaya məruz qalıb. 1941-1945-ci illər müharibəsində 800 nəfərə yaxın milis cəbhəyə yollanıb, böyük əksəriyyəti geri dönməyib.

Müharibədən sonrakı illərdə milisdə çalışan İsrafil Məmmədov, polkovnik Mehdi Quliyev, generallar - Xəlil Məmmədov və Səlahəddin Kazımov isə cəbhədən Sovet İttifaqı Qəhrəmanı kimi qayıdıblar.

DİO əməkdaşları həmişə ən çətin zamanlarda xalqın güvənc yeri olub, cinayətkarlığa qarşı mübarizə aparan, asayişi mühafizə edən bir orqan kimi hörmət və sayğı görüb. Onun keçdiyi şərəfli, ziddiyətli və tarixi yol haqqında Ümummilli lider Heydər Əliyev Azərbaycan polisinin 80 illik yubileyinə həsr olunan təntənəli yığıncaqda belə deyib: "Bu tarixi dövrdə Azərbaycan polisinin, milisinin, daxili işlər orqanlarının çox əhəmiyyətli nailiyyətləri də, itkiləri də, uğurları da, səhvləri də olmuşdur. Bu tarixin çox parlaq səhifələri də, ancaq ləkəli, qara səhifələri də vardır. Amma bunların hamısı da bizimdir, Azərbaycanındır, xalqındır. Bu, bizim xalqın tarixinin səhifələridir. Daxili İşlər Nazirliyi orqanlarında nə qədər mənfi hallar olmuşdursa da, bu orqanda çalışan şəxsi heyətin əksəriyyəti öz mənliyini qorumuş, vətənə, xalqa sədaqətini daim saxlamışdır".

Yeni dövr

Azərbaycanın son 30 illik tarixini, məncə, belə şərti dövrlərə bölmək olar: 1988-1992-ci illər, 1992-ci ildən 1993-cü ilin iyununa qədər olan dövr və 1993-cü ilin iyunundan - Qurtuluş günündən bu vaxta qədər olan zaman kəsiyi.

SSRİ-nin birinci və sonuncu prezidenti Qorbaçovun yenidən qurması (əslində, yenidən qırması - S.A) və xüsusi dəstəyi ilə meydana atılan erməni separatizmi 1988-ci ilin fevralından başlayaraq Kremlin dəstəyi ilə torpaqlarımızı işğal etməyə başlayanda Azərbaycanda çox ağır bir situasiya yarandı. Dağlıq Qarabağ azərbaycanlılarının təhlükəsizliyi uğrunda çarpışan və təcavüzə qarşı sipər olan yeganə qüvvə məhz Azərbaycan milisi oldu.

Bu döyüşlərdə Azərbaycan polisinin 1695 əməkdaşı və hərbi qulluqçusu şəhidlik zirvəsinə ucaldı. 1710 nəfər xəsarət aldı, göstərdikləri şücaət və fədakarlıqlara görə 68 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

1993-cü ilin 15 iyunu Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Hüquq-mühafizə orqanları sahəsində də yenilməz bilik ve təcrübəyə malik Ümummilli lider yaxşı bilirdi ki, ölkədə ictimai sabitliyi bərpa etmədən heç bir müvəffəqiyyətdən danışmaq olmaz. Yuxarıda qeyd etdiyim birinci iki dövrü xarakterizə edən əsas cəhət ondan ibarət olub ki, hüquq-mühafizə işinin əlifbasını belə bilməyənlər rəhbər vəzifələrə irəli çəkiliblər. Müharibə gedən zaman cinayətkarlığa qarşı mübarizə aparılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi tamamilə arxa plana keçirilib. Ali Baş Komandan cənab İlham Əliyev həmin dövrü belə qiymətləndirib: "Əfsuslar olsun ki, müstəqillik bərpa olduqdan sonra polis orqanlarında vəziyyət ürəkaçan deyildi. Məhz o illərdə ən böyük cinayətləri törədən insanlar polis orqanlarının rəhbəri işçiləri, Daxili İşlər nazirliyinin rəhbərləri idilər".

Yalnız 3-cü dövrdən başlayaraq Azərbaycan DİN sözün əsl mənasında müstəqil dövlətin nazirliyi olaraq qanunlarla müəyyən edilmiş vəzifələrini icra etməyə başladı. Ümummilli liderə təxminən 3 il lazım gəldi ki, həm ölkədə ictimai-siyasi sabitlik bərqərar olunsun, həm də kriminogen duruma nəzarət edilsin.

Ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizə Ulu öndər Heydər Əliyevin 9 avqust 1994-cü il tarixdə imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanla başlayıb

1999-cu ildə "Polis haqqında" qanunun qəbul olunması, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il fərmanı ilə "Daxili İşlər Mazirliyinin Əsasnəməsi və strukturu"nun təsdiq edilməsi, 2004-cü il iyunun 30-da qəbul olunmuş "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair" Dövlət Proqramının müəyyənləşdirilməsi hüquq-mühafizə orqanları sistemində mühüm yer tutan, polisin fəaliyyətini nizama salan, qanunvericiliyin əsaslarının yaradılmasına xidmət edən çox sanballı sənədlərdir. Ümumiyyətlə, Azərbaycan polisinin fəaliyyətini tənzimləyən və müasir standartlara uyğun quran çoxsaylı qanunlar və normativ aktlar qəbul edilib, ciddi struktur dəyişiklikləri həyata keçirilib. Onların işlək mexanizmi var.

Qarşıda duran vəzifələri yerinə yetirmək üçün isə həm də çoxsaylı infrastruktur layihələri həyata keçirilib. Bütövlükdə 1993-2018-ci illər ərzində ümumi dəyəri 300 milyon manat olan 300-dən çox obyektin tikintisi və ya yenidən qurulması başa çatdırılmış, minlərlə nəqliyyat vasitəsi, xüsusi texnika alınmışdır.

Sanballı uğurlar

Cinayətkar aləm demokratik dəyərlərə xələl gətirilmədən daim artan hüquq-mühafizə təzyiqini hiss etməkdədir. Aparılan iş proqnozlaşdırılan nəticələri təsdiqləyir. Ağır cinayətlərin, qəsdən adam öldürmələrin, quldurluqların, azyaşlılar tərəfindən törədilən hüquq pozuntularının sayı ilbəil aşağı düşür. Artıq neçə illərdir ki, Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindən, Bakı isə ən təhlükəsiz şəhərlərdən biridir. Məhz ona görədir ki, ən nüfuzlu mədəni və sosial tədbirlər, dünyanın diqqətini özünə cəlb edən idman yarışları ölkəmizdə keçirilir. Beynəlxalq aləmdə xüsusi çəkisi və yeri olan dövlətlərin başçıları və iri ranqlı rəsmiləri həm də təhlükəsizlik məsələrini nəzərə alaraq Azərbaycan paytaxtında görüşməyə üstünlük verirlər. Respublikamızda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı keçən 25 ildə orta hesabla 230-a bərabər olmuşdur. Bu dövrdə cinayətlərin illik orta açılması 90% -dən yuxarını göstərmişdir. 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, axtarışda olan 85 mindən artıq təqsirləndirilən şəxs tutularaq istintaqa, yaxud ədalət məhkəməsinə verilmişdir. Qanunsuz saxlanılan 45 mindən çox odlu silah yığılmış, onların tətbiqi ilə törədilən cinayətlərin sayı təxminən 10 dəfə azalmışdır. Qeydə alınan hüquqazidd əməllərin yalnız 10 faizə qədəri ağır və xüsusi ilə ağır cinayətlər olmuşdur. İnsan alverinə, narkomanlığa, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və digər hüquqazidd əməllərə qarşı barışmaz mübarizə aparılmışdır. Təkcə 2018-ci ildə narkotik maddələrinin qanunsuz qövriyyəsi ilə məşğul olan 78 qrup zərərsizləşdərilmişdir.

Təbii ki, Azərbaycan cinayətsiz cəmiyyət deyil və ola da bilməz. Reallıq utopik sosializim və utopik kommunizmin uydurduğu "cinayətsiz cəmiyyət" ideyalarını rədd etsə də, bəzi siyasətbazlar, qondarma ekspertlər yeri gəldi-gəlmədi DİN-in "bostanına daş atmaqla" məşğul olurlar. Dünyanın hansı ölkəsində cinayət və cinayətkarlıq yoxdur?

Azərbaycanda dayanıqlı sabitlik var, asayiş keyfiyyətli şəkildə qorunur, cinayətkarlığa qarşı ciddi mübarizə aparılır, kriminogen duruma nəzarət ən üst səviyyədə həyata keçirilir. 10 milyondan bir az çox əhalisi olan ölkəmizdə gündə orta hesabla 30-40 cinayətin törədilməsi nəyin göstəricisidir?

Ulu öndər Heydər Əliyev deyirdi:  "Bu peşəni - polis peşəsini qəbul edən DİN əməkdaşı bilməlidir ki, o, sədaqətlə xidmət etməlidir. Mən bu məsələni ön plana çıxarıram. Ön plana çıxararaq bir daha Azərbaycanın dövlət müstəqilliyinə bərabər səviyyəyə gətirirəm. Biz dövlət müstəqilliyimizə sadiq olduğumuz kimi, peşəmizə də sadiq olmalıyıq. Əgər peşəmizə sadiq olmasaq, onda dövlətimizə, dövlət müstəqilliyimizə sadiq ola bilmərik".

Azərbaycanda bugünkü sabitliyin, inkişafın, gələcəyə inamın təməlində möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət durur. Ali Baş Komandan vurğulayır:  "Cəmiyyətdə polis orqanlarına çox böyük hörmət olmalıdır və bu hörməti polis orqanları özləri qazanmalıdır. Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis orqanları cinayətkarlığa qarşı mübarizə aparırlar, onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm. Bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm". 

Elə buradaca DİN-ə 25 ildən çox bir müddət ərzində rəhbərlik etmiş general-polkovnik Ramil Usubovun xidmətlərinə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin verdiyi yüksək qiyməti qeyd etmək yerinə düşər. DİO-nun 25 il ərzində əldə etdiyi uğurlarda, şəksiz, Xocalıda özünün 65-ə yaxın qohum-əqrabasını, doğmasını itirən Ramil Usubovun imzası var.

DİO əməkdaşları məhz xidmətlərinə Ali Baş Komandan tərəfindən verilən yüksək qiymətə görə yeri gələndə canlarını qurban verməklə cavab verir. Ötən 25 il ərzində cinayətkarlıqla mübarizədə 95 polis əməkdaşı həlak olub, 2220-dən çoxu yaralanıb. Cinayətkarlıqla mübarizədə və daxili təhlükəsizliyin təmin olunmasında nümunəvi xidmətlərinə görə 700-dən çox əməkdaş dövlət mükafatına layiq görülüb.

Bu gün Azərbaycan DİN dövlətin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq dünyanın, xüsusi ilə də Avropanın beynəlxalq polis strukturlarına tam inteqrasiya olunmaq yolunda inamla irəliləyir. İkitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması əldə olunan nəaliyyətləri daha çox möhkəmləndirir. İndi Azərbaycan polisi BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Beynəlxalq Miqrasiya və İslam İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB - habelə digər beynəlxalq qurumlarla yüksək səviyyədə təmsil olunur. İndiyədək əlliyə yaxın dövlətlə 48 ikitərəfli, 27 dövlətlə çoxtərəfli hökümətlərarası, həm də idarələrarası saziş, memorandum, protokol imzalanmışdır. Transmilli cinayətkarlığa qarşı mübarizədə "İnterpolun" Milli Mərkəzi Bürosu ilə səmərəli əməkdaşlıq həyata keçirilir.

Azərbaycan dövlətçiliyinə zərbə vurmaq üçün əvvəllər mövcud olan təhlükələr bu gün də tamamilə aradan qalxmayıb. Bəzi dairələr və qüvvələr, regionda xüsusi maraqları olanlar Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasında maraqlıdırlar. Onlar rəngarəndir, fəaliyyət göstərdikləri məkanlar və ortamlar da fərqlidir. Ona görə də Azərbaycan polisi kriminogen duruma daim nəzarət etmək, sabitliyin pozulmasına yönələ biləcək fitnəkarlıqları önləmək üçün zamanında ən müxtəlif təsirli tədbirlər görür. 1994, 1995, 2003 və 2005-ci illərdə ictimai-siyasi sabitliyi pozmağa, qeyri-qanuni yollarla hakimiyyətə gəlməyə cəhd göstərən qüvvələr və onların təhrikçiləri ilk növbədə Azərbaycan polisinin qətiyyəti, dövlətə və dövlətçiliyə sədaqəti ilə rastlaşdılar. Bir çox siyasətbazların başı əhlət daşına dəydi də.

DİN bu nailiyyətlərə həm də ona görə nail olur ki, vətəndaş və vətəndaş cəmiyyətləri ilə qarşılıqlı etimad ve etibara söykənən əlaqələri var. Statistik məlumatlara görə, il ərzində nazirliyin rəhbərliyi, baş idarə və idarə rəisləri tərəfindən 3600-ə yaxın, ərazi strukturları da nəzərə alınırsa 10 mindən çox vətəndaş qəbul edilir. Onların qaldırdıqları məsələlərin əksəriyyəti yerində müsbət həll olunur, əlavə yoxlama tələb edən ərizələr nəzarətə götürülərək araşdırılır. Cinayətlər və hadisələr barədə daxil olan məlumatların qəbulu, vətəndaşlarla polis orqanları arasında operativ rabitənin təşkili və müvafiq informasiya sisteminin təkmilləşdirilməsi məqsədi ilə yaradılan 102 xidmətinin effektli fəalliyyət göstərməsi, yol hərəkəti qaydalarının pozulmasına mərkəzləşdirilmiş nəzarəti həyata keçirən avtomatik idarəetmə sisteminin tətbiqi üzrə quraşdırma işlərinin başa çatdırılması, AMAS sisteminin tam işə düşməsi cinayətkarlığa, asayişin pozulmasına qarşı daha təsirli formada mübarizə aparılmasına imkan verir. Bir sözlə, dövlətə və dövlətçiliyə Ulu öndərin müəyyənləşdirdiyi uzun müddətli strategiyaya, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasətə sədaqətlə xidmət edən Azərbaycan polisi şərəfli bir vəzifəni yerinə yetirir. Bu müqəddəs vəzifələri yerinə yetirməkdə cənab nazir başda olmaqla Azərbaycan polisinin bütün şəxsi heyətinə can sağlığı, uğurlar və şərəfli yolu şərəflə getməyi arzulayıram.

P.S. DİN və onun strukturları da, obrazlı dillə desək, "şəffaf evdə yaşayır və daim müşahidə olunurlar". Şəksiz, DİO hər hansı tədbir keçirəndə, yaxud DİN hansısa qərar qəbul edəndə kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq qanunlardan çıxış edir. Lakin onlar qərar qəbul edərkən sosial kontektstə əhəmiyyət verməyə bilməzlər. Hüquq və onu formalaşdıran cəmiyyət arasında münasibətlərdə balans olmalıdır. Azərbaycan polisi bu balansın qarşılıqlı etibar, səmimiyyət, qanunlara hörmət əsasında formalaşmasının tərəfdarı olduğunu fəaliyyəti ilə təsdiqləyir.

İndi Azərbaycan qatarı parlaq gələcəyə doğru gedən yola çıxıb. Şübhəsiz, bu qatarın təhlükəsiz hərəkətini təmin edənlərin və onu qoruyanların ön cərgəsində həmişə Azərbaycanın DİN və onun strukturlarının əməkdaşları olacaq. 101 yaşın mübarək, Azərbaycan polisi!

 

 

 





01.07.2019    çap et  çap et