525.Az

Nəqliyyat vasitələri torpağı necə çirkləndirir? - Fəridə Əli yazır


 

Nəqliyyat vasitələri torpağı necə çirkləndirir? - <b style="color:red"> Fəridə Əli yazır</b>

Torpaq əvəzsiz və çox qiymətli bir təbii mühit obyekti kimi üzvi maddələrin parçalanmasını və yenilənməsini, müxtəlif biokimyəvi, fotokimyəvi proseslərin fasiləsiz gedişini təmin edir. Bundan əlavə, torpaqda müxtəlif bakteriyalar, viruslar, helmint yumurtaları məhv olur və yeni-yeni qeyri-üzvi birləşmələr əmələ gəlir. Torpaq öz-özünü təmizləmə yolu ilə mütəmadi olaraq yenilənir. Yaşayış məntəqələrinin zibildən, maye və bərk tullantılardan təmizlənməsində torpaq əsas vasitələrdən biridir. Ərazidə iqlimin formalaşmasında da torpağın mühüm rolu var. Milyon illər ərzində formalaşan təbii ətraf mühit antropogen təsirə məruz qalaraq müxtəlif formalı davamsız dəyişikliyə uğrayır.

Torpaq biosferin elə vacib bir hissəsidir ki, o, atmosfer havasının, suyun və qida məhsullarının kimyəvi tərkibinin formalaşmasında mühüm rol oynayır. Torpaqda təbii halda müxtəlif səviyyələrdə yayılmış mikroelementlər eqzogen kimyəvi amil kimi insan orqanizminin bir çox həyati proseslərində (boyatma, inkişaf, qanyaranma, hüceyrə tənəffüsü və s.) fəal iştirak edir. Qida məhsullarının tərkibində olan komponentlərin keyfiyyəti və  kəmiyyəti də torpağın tərkibindən, orada olan mikroelementlərin miqdarıından asılı olaraq dəyişir. Onu da qeyd etmək lazımdır ki, insanın yaşaması, böyüməsi, əqli və fiziki inkişafı, ağıllı, istedadlı, bacarıqlı, mədəni və ya bunların əksi olan xüsusiyyətlər qazanması qəbul etdiyi qidalar və onların tərkibindəki elementlərin keyfiyyəti ilə əlaqəli olaraq formalaşır.

Ətraf mühitə fasiləsiz olaraq müxtəlif mənbələrdən atılan tullantılar təkcə havanın  deyil, bu tullantıların daha çox çökdüyü  torpaqların da sürətlə çirklənməsinə səbəb olur. Torpaqların insanlar tərəfindən həm planlı şəkildə mütəşəkkil və məqsədyönlü (pestisidlər, mineral kübrələr, bitkilərin boyatmasını tənzimləyən maddələr və s.), həm də düşünülmədən (sənaye, nəqliyyat, məişət və s. tullantılar) çirkləndirilməsi danılmaz fakdır. Sənaye və kənd təsərrüfatı istehsalı torpağın çirklənməsinin  güclənməsi ilə torpaqda baş verən deqradasiya prosesi onun mikroelement tərkibinin pozulmasına, endemik xəstəliklərin artmasına şərait yaradır.

Müxtəlif təbii və antropogen mənşəli çirkləndiricilərin torpağa təsiri, toksik maddələrlə çirklənmə prosesi onun mikroorqanizm kompleksinin tərkibini və strukturunu dəyişdirir, xarakterik funksional fəaliyyətini pozur, yoluxucu xəstəlik  törədicilərinin artmasına və dolayı yolla insan orqanizminə təsir göstərməsinə və xəstəliklərin yaranmasına səbəb olur.   

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təyinatına görə, torpağın çirklənməsinin başlıca səbəbləri kimyəvi maddələr, bioloji orqanizmlər (bakteriyalar, viruslar, ibtidailər, helmintlər) və onların həyat fəaliyyəti nəticəsində əmələ gələn məhsulların müxtəlif ərazilərdə səviyyəsinin artması ilə bağlıdır. Kimyəvi və bioloji çirkləndiricilər torpaqla təmasda olan insan orqanizmi üçün təhlükəli hesab edilir. Torpaqla insanın birbaşa təmasından əlavə, oradakı çirkləndiricilərin insan orqanizminə düşməsi torpaq-su-insan, torpaq-su-bitki-insan, torpaq-hava-insan, torpaq-su-bitki-heyvan-insan kimi ekoloji zəncirlərdən biri vasitəsilə baş verə bilər.

Torpağı çirkləndirən güclü texnogen mənbələrdən ən mühümü avtomobil nəqliyyatıdır. Çirkləndirici mənbələr sayılan sənaye müəssisələri tullantıları məhdud ərazilərin havasına təsir etdiyi halda, nəqliyyat vasitələri mobil çirkləndirici olaraq hər yerdə mövcuddur. Məlumdur ki, bütün nəqliyyat vasitələri benzinlə idarə olunur. Ekologiyanın pozulmasına səbəb olan amil benzinlərin yanma məhsullarının tərkibindəki karbohidrogenlər, azot oksidləri, karbon oksidləri, his və s. 120  adda müxtəlif toksik maddələrin, bəzi aşağı oktanlı benzinlərdə isə qurğuşunun mövcudluğudur.

Avtomobil nəqliyyatı vasitəsilə ətraf mühitin çirklənməsi avtomobil magistrallarına yaxın ərazilərdəki torpaqların tərkibinə ciddi şəkildə təsir edir. Nəqliyyat vasitələrinin tüstü qazlarında, yağlarının, şinlərin tərkibindəki müxtəlif növ toksik maddələrin torpağa zərərli təsiri hesabına magistralətrafı torpaqların çirklənməsi nəticəsində şoranlaşma,  eroziya, münbitliyin aşağı düşməsi baş verir. Torpaqda, suda, havada zərərli maddələrin toplanması ekoloji mühitin pozulması, meşələrin, otlaqların, kənd təsərrüfatına yararlı torpaqların, yeraltı və yerüstü suların tərkibinin dəyişməsi, bir sıra bitki və heyvan növlərinin bioloji müxtəlifliyinin azalması, şəhərlərdə isə atmosfer havasının çirklənməsi ilə nəticələnir.  

Ekoloji tarazlığın pozulmasının qarşısının alınması üçün yüksək oktanlı benzinlərin istifadəsinə üstünlük verilməli, zərərli  tullantıların miqdarının azaldılması məqsədi ilə avtomobillərin mühərriklərinin vəziyyətinə daima nəzarət olunmalıdır. Bundan əlavə, magistrallara yaxın ərazilərdə (ən az 20 metr) bostan, tərəvəz məhsullarının becərilməsi məqsədəuyğun hesab olunmur. Unutmayaq ki, bu gün havaya, torpağa atılan, ətraf mühitin ekoloji tarazlığını pozan toksik tullantılar təkcə bugünkü yox, gələcək nəsillərin də sağlamlığına ciddi təhlükələr yarada bilər.

Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə respublikanın bütün  magistralətrafı ərazilərində geniş miqyasda yaşıllaşdırma işləri aparılır. Bu işlər magistralətrafı ərazilərdəki torpaqlarda nəqliyyat tullantıları ilə çirklənmə səviyyəsinin azaldılması istiqamətində aparılan profilaktik tədbirlərin əsasını təşkil edir.

 

 





03.07.2019    çap et  çap et