525.Az

Azərbaycan KİV rəhbərlərinin Moskva şəhərinə səfəri davam edir


 

Azərbaycan KİV rəhbərlərinin Moskva şəhərinə səfəri davam edir<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərindən ibarət 12 nəfərlik nümayəndə heyətinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər proqramı davam edir. Nümayəndə heyətinin səfər çərçivəsində Rusiyanın jurnalist təşkilatlarında və aparıcı KİV-lərin redaksiyalarında görüşləri keçirilir.

KİVDF-dən bildiriblər ki, növbəti görüş Ümumrusiya Dövlət Teleradio Şirkətində keçirilib. Heyət üzvlərini şirkətin Xarici əlaqələr departamentinin rəhbəri Pyotr Fyodorov və onun müavini Aleksey Perevoşçikov qarşılayıblar. KİVDF-nin icraçı direktoru, səfər qrupunun rəhbəri Vüqar Səfərli KİV təmsilçilərinin Moskvaya səfərinin məqsədi, həmçinin Azərbaycanda KİV-in durumu və KİVDF-nin fəaliyyəti barədə məlumat verib. Vüqar Səfərli Rusiya-Azərbaycan media qurumlarının sıx təmaslarının qurulmasının hər iki ölkənin maraqlarına xidmət etdiyini vurğulayıb.

Pyotr Fyodorov Azərbaycan KİV təmsilçilərinin Rusiya Federasiyasına səfərini, Rusiya KİV-ləri ilə əməkdaşlıq əlaqələrini möhkəmləndirmək təşəbbüslərini yüksək qiymətləndirdiyini bildirib.

Nümayəndə heyətinin üzvləri Rusiyanın Dövlət Teleradio Şirkətinin xəbərlərində Azərbaycan barədə informasiyaların və ayrı-ayrı proqramlarında ölkəmizlə bağlı müzakirələrin daha səmərəli olması üçün təkliflərini səsləndiriblər. Pyotr Fyodorov təklifləri qəbul etdiyini bildirib. Şirkətin təşkil etdiyi proqramlarda Azərbaycan tərəfindən ekspertlərə istinadlar edilməsi, onlarla əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə olunub.

Nümayəndə heyətinin növbəti görüşü “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyində keçirilib. Azərbaycan KİV təmsilçiləri əvvəlcə agentliyin iş şəraiti ilə tanış olublar. Daha sonra agentliyin baş direktoru Dmitri Kiselyovla görüş keçirilib. D.Kiselyov Azərbaycanın müstəqilliyini möhkəmləndirmək yolunda atdığı addımları diqqətlə müşahidə etdiklərini və bu yolda Prezident İlham Əliyevin yürütdüyü siyasəti təqdir etdiklərini diqqətə çatdırıb. O, Azərbaycanın regionda oynadığı rola, Rusiya ilə münasibətlərdə sərgilədiyi mövqeyə diqqət çəkərək, iki ölkənin münasibətlərinin daha da möhkəmlənməsində KİV-lərin də üzərinə mühüm məsuliyyət düşdüyünü, bu baxımdan Azərbaycan KİV təmsilçilərinin Rusiya Federasiyasına səfərini, Rusiya KİV-ləri ilə əməkdaşlıq əlaqələrini möhkəmləndirmək təşəbbüslərini yüksək qiymətləndirdiyini vurğulayıb.

Səfər proqramı davam edir.

 

 





03.07.2019    çap et  çap et