525.Az

Şamaxıda baş verən zəlzələnin nəticələri aradan qaldırılır


 

Şamaxıda baş verən zəlzələnin nəticələri aradan qaldırılır <b style="color:red"></b>

Bu ilin fevralında Şamaxı, Ağsu və İsmayıllı rayonları ərazisində baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir.

APA TV-nin xəbərinə görə, bu günə kimi rayon Fövqəladə Hallar komissiyalarına 10 137 müraciət daxil olub. Bu müraciətlərdən 10087-nə baxılıb.

Şamaxıda yeraltı təkanlar zamanı dağılıb yararsız hala düşən ərazilərdə tikinti işləri davam edir. Mart ayından start götürən işlər nəticəsində bir çox fərdi evlər və yaşayış binalarının tikintisi başa çatıb. Bəzilərində isə tikinti-bərpa işləri davam etdirilir. Təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin Şamaxıya gəlişindən və mövcud vəziyyətlə yerindəcə maraqlanmasından sonra sakinlərə dəyən zərərin qısa müddətdə aradan qaldırılması ilə bağlı konkret tapşırıqları yerinə yetirilib. Əhaliyə dəyən ziyanla əlaqədar daxil olan 5985 müraciətin 5974-ə baxılıb. Müəyyən edilib ki, evlərdən 358-i təhlükəli qəza vəziyyətindədir. 1358 evin bərpa-gücləndirmə işlərinə, 2360-ın isə təmirə ehtiyacı var.

Yeraltı təkanlar zamanı dağılıb yararsız hala düşən bəzi evlərin yerində yeni mənzillərin inşası mümkün olmadığına görə şəhərin 20 Yanvar küçəsində 4 mərtəbəli, 44 mənzilli, 2 girişli binanın tikintisinə başlanıb. Mart ayında prezident tərəfindən təməli qoyulan binanın, sentyabr ayında təhvil veriləcəyi planlaşdırılır.

Ümumilikdə 133 evdə yenidənqurma işləri aparılıb, 129-un tikintisi davam etdirilir. Şəhərin Aşıq Məmmədağa küçəsində isə 3 binanın tikintisi nəzərdə tutulub.

FHN-nin zəlzələ bölgəsi üzrə qərargah rəisi Həsən Qasımzadənin sözlərinə görə, hazırda 830 qəzalı evdən 381-də işlər aparılır. Bu evlərdən 112-də tamamlama işləri görülür, 120-si isə tamamlanaraq sakinlərin, vətəndaşların istifadəsinə verilib.

Sakinlərin fikirlərini öyrənmək üçün istifadəyə verilən fərdi yaşayış evlərindən birinə baş çəkirik. Ev sahibi deyir ki, yeraltı təkanlar nəticəsində yararsız hala düşən evini sökərək yerində yenisini tikiblər və onlar şəraitdən razıdırlar: “5 fevral 2019-cu ildə baş verən zəlzələ nəticəsində evimiz qəzalı vəziyyətə düşdü. Dövlətimizə müraciət elədik. Sağ olsun komissiyalar, gəldilər, baxdılar. Qəzalı olmağı təyin olundu, söküldü və yerində təzə bina inşa edildi. İndi gördüyünüz kimi, binamız tam hazırdır və köçüb içində yaşayırıq”.

Əlbəttə, hər kəs rahat, təmirli və təhlükəsiz mənzildə yaşamaq istəyir. Sevindirici haldır ki, zəlzələdən əziyyət çəkən sakinlərin bir qismi artıq bu istəyinə nail olub. Digər vətəndaşlarımızın da qısa zamanda yeni evlərlə təmin olunacağına isə az qalıb.

 





03.07.2019    çap et  çap et