525.Az

"Yoxlama"ya sözardı - Əlisəfdər Hüseynov məşhur Azərbaycan kinosundan söz açır


 

"Yoxlama"ya sözardı - <b style="color:red">Əlisəfdər Hüseynov məşhur Azərbaycan kinosundan söz açır</b>

Kinonu həyatın adicə surəti, plyonka üzərində oxşar modeli kimi başa düşənləri bu ölçülərdən kənar meyarlarla yaradılmış filmlərlə nəinki heyrətləndirmək, heç ekran qarşısına dəvət etmək də mümkünsüzdür. Belə filmlər həmin tip tamaşaçıların təsəvvürünə, təxəyyülünə pərçimlənmiş ənənəvi kino modelinin tələblərinə uyğun gəlmədiyinə, adi gözlə görünən dünyanın məntiqindən kənara çıxdığına görə tamaşaçı onunla dil tapa bilmir.

Əslində, hər hansı ekran əsərinin düzgün qavranılması onun dilinin düzgün başa düşülməsindən başlayır. Filmin dili isə onun bütün strukturu boyu, özü də fikrin, bədii məramın dərinliyinə doğru kodlaşdırılır. Ekranda görünənlər, deyilənlər məhz bu kodların düzgün oxunuşundan və açılışından sonra bədii informasiya kimi idrak predmetinə çevrilir.

Rejissor Vaqif Mustafayev də tamaşaçı ilə öz ekran kodları, şifrələri ilə danışmağa, ünsiyyət yaratmağa üstünlük verən rejissorlardandır. Ən gərgin psixoloji yaşantıları, dramatik situasiyaları, çıxılmaz məqamları zarafat, lətifə dili ilə yumşaltmağı, bizi öz avand üzü ilə usandıran dünyamızı gülüşün köməyi ilə astar üzünə çevirməyi müasir Azərbaycan rejissorları içində onun qədər ustalıqla bacaran başqa rejissor tapmaq çətindir. Vaqifin çəkdiyi tammetrajlı "Yaramaz", qısametrajlı "Hər şey yaxşılığa doğru" filmləri, əgər belə demək mümkünsə, çox ciddi mətləblərin lətifə estetikası, zarafat və ironiya dili ilə ifadəsi baxımından mükəmməl ekran əsərləridir. Əgər birinci filmdə Vaqif yaramazlıq kimi sosial bəlanın anatomiyasını gülüş prizmasından antisintez edirdisə, ikinci filmdə müharibənin insanlar üçün nə qədər lazımsız bir şey olduğunu, onun ümumbəşəri maraqlara qarşı çevrilən vəhşi təbiətini açıq ironiya ilə, gülüş yaradan epizodların dili ilə göstərirdi.

Rejissorun öz ssenarisi əsasında quruluş verdiyi "Yoxlama" teleserialı təhkiyə poetikası baxımından onun əvvəl çəkdiyi filmlərə çox yaxındır. Yenə də ciddi bir mövzu (cəmiyyətimiz üçün aktual olan korrupsiya, kölgə iqtisadiyyatı, iqtisadi quldurluq) və onun  ironiya üzərində qurulmuş gülüş estetikası ilə həlli.


Korrupsiya, iqtisadi diversiya, mütəşəkkil cinayətkarlıq və onlara qarşı bir şəxsin  mübarizəsi fonunda əksini tapan üsyan, protest mövzuları dünya kinosunda kifayət qədər geniş işlənib. Lakin bu genişliyin meyarı keyfiyyət yox, kəmiyyət olduğundan nəticədə müxtəlif janrlarda çəkilmiş filmlərdəki oxşar süjetlər, tanış obrazlar gözümüzü yormaq qədərində şablonlaşaraq bəsitləşib. Hətta o dərəcədə bəsitləşib ki, hansısa süjetin hardan başlayıb harada qurtaracağını, hansı personajın hansı məqamda nə deyəcəyini gözlərimizi yumub ekrana baxmaya-baxmaya da proqnozlaşdırmaq, deyək ki, pişiyin pusqu qurub tutduğu siçanla nə edəcəyini söyləmək kimi asan bir məşğuliyyətə çevrilib.

Açığı "Yoxlama" filmində də süjetin sxemi seriala verilən tələblərə uyğun olaraq ənənəvi ölçülərdə qurulub. Vergilər Nazirliyinin müfəttişi Habil Dadaşov (aktyor Ə.Həmidov) böyük bir metallurgiya kombinatını yoxlamağa gəlir və elə ilk gündən Habillə birlikdə biz tamaşaçılar da bilirik ki, burada iri məbləğdə vergidən yayınma, dövlət büdcəsinə keçməli olan külli miqdarda pulun mənimsənilməsi halları var.

Aydın məsələdir ki, belə məqamlarda ucu ələ keçmiş kələfi dolaşdırmaq, izi itirmək üçün illərin (və müxtəlif mafiyaların) sınağından uğurla çıxmış metodlar - rəsmi rəislərin, qeyri-rəsmi patronların göstərişi ilə şantaj hədələri, bunlar bir nəticə vermədikdə adam kimi yaşamağın ləzzətini bilməyən binəva Don Kixotu ələ almaq, ona adam olmağın fəlsəfəsini başa salmaq üçün külli miqdarda rüşvət, bıçaq sümüyə dirənəndə isə fiziki təzyiq, aradan götürmə variantları işə düşəcək. Bütün ənənəvi janr kononları "Yoxlama"da da var. Fəqət "Yoxlama"nın poetikası yalnız bu sadalanan sxemlərlə məhdudlaşsaydı biz, təbii ki, hazır qəliblər üzərində qurulmuş növbəti bir boyevikdən danışmaq zorunda qalardıq ki, xoşbəxtlikdən belə olmamışdır. Çünki öz üslubuna, təhkiyəsinə sadiq qalan V.Mustafayev yoxlamanın gedişini, gözlənilən və gözlənilməyən məqamlarını ənənəvi formanın məngənəsindən, tanış, yorucu təhkiyənin yeknəsək ritmindən, bəzən belə filmlərin etiketinə çevrilmiş pafoslu nitq sistemindən yan keçirir, filmin poetik strukturunu tamam fərqli və gözlənilməz bir müstəvi üzərində qurur, personajları yeni qiyafədə təqdim edərək mövzunun, süjetin gülüş, lətifə estetikası ilə fərqli yozumunu verir. Nəticədə "Yoxlama" dövlətin qəsdinə dayananlara qarşı bir supermenin zəkası ilə yanaşı, həm də əzələlərinin gücü ilə apardığı ənənəvi mübarizəni kəskin təqiblər, savaş səhnələri fonunda göstərən film kimi yox, əksinə, bu tipli filmlərə ironiya təsiri bağışlayan ekran əsəri kimi öz estetik dəyərini qazanır. Adətən bu tip filmlərdə hadisələrin inkişafı Hiçkoksayağı saspens (tamaşaçı marağını tədricən artan psixoloji gərginlik hesabına yüksək həddə çatdırmaq) sxemi üzrə qurulur ki, tamaşaçı bir-birinə calaq edilmiş epizodları seyr edə-edə nəticəni intizarla, həyəcanla gözləsin. V.Mustafayev bu ənənəvi formadan imtina etmir, amma onu gülüş-oyun estetikası üçün səciyyəvi olan üslubu vasitələrlə ərsəyə gətirir. Bütün film boyu biz təkcə intriqanın gərginliyinin, dramatizminin yox, zahirən bu dramatizmə uyuşmayan bir gülüş stixiyasının da təsir dairəsində qalırıq. Personajların qəfil hərəkətləri, bəzən absurd səviyyəsinə çatan gözlənilməz reprikaları tamaşaçını gördüklərinə və eşitdiklərinə bir qədər fərqli baxışdan yanaşmağa sövq edir.

Bayaq dedik ki, müasir Azərbaycan kinosunda xalq gülüşü - lətifə təfəkkürünü yaşarılığı baxımından heç bir rejissorun filmləri V.Mustafayevin yaradıcılığı ilə rəqabətə girə bilmir. Maksimum dərəcədə konkret situasiyalarda ani deyilən replikalar, əslində, ağlın gücünü göstərən "ağılsız", "axmaq" maskalarının rəngarəng çeşidləri, yaranan səfeh situasiyadan məhz "səfeh" üsullarla çıxmaq bacarığı bu filmdə təhkiyəyə bir şuxluq gətirir. Nümunə kimi filmdən bəzi epizodları yada salaq.

1. Habil ilə köməkçisi Plombir kombinatın baş mühasibinin kabinetinə daxil olurlar. Baş mühasib nəzakətlə:

- Xoş gördük, buyurun əyləşin.

- Çox sağ olun, amma vaxtımız yoxdur.

- Onda ayaqüstə siqaret çəkək...

 2. Plombir:

- Habil müəllim, işığı yandırım?

Habil müəllim:

- Yandır.

Plombir:

- Axı gündüzdür.

Habil müəllim:

- Onda söndür.

Plombir:

- Otaq qaranlıqdır, işığı söndürsəm, heç nə görməyəcəyik.

Habil müəllim:

- Onda yandır.

Təsvir  sırasından "qoparılıb" burada quruca sitat kimi verilən bu replikalar bəlkə də kiməsə mənasız, artıq cümlələr kimi görünə bilər. Amma birinci halda müfəttişə yol tapmaq istəyən mühasibin cəhdlərinin üzünü astarına çevirən, ikinci situasiyada isə mənasız sualların mahiyyətini elə mənasız formada açan cavabların lətifə təfəkküründən qidalandığını danmaq mümkün deyil.

"Yaramaz" filmində qəhrəman bürokrat direktorun yanına girmək üçün qəbul otağına daxil olan kimi dərhal direktorun qapısına tərəf qaçır ki, katibə onu saxlamamış özünü içəri dürtə bilsin. "Yoxlama"da isə V.Mustafayev  "daim məşğul olan" direktoru qəbula gələnlərdən qorumağın daha "təkmil" üsulunu tapıb. Pəhləvan cüssəli katibə kabinetə gedən yolunun ağzını Ərəbzəngi kimi kəsib, hətta həddini aşanları çiyni ilə itələyib yerə sərə də bilər.

Əslinə qalsa filmin bütün hadisə - təsvir sistemi hamımıza tanış olan vəziyyətləri ironiya qarışıq bir zarafat dili ilə təqdim edən belə epizodlardan, səhnələrdən ibarətdir. Filmin poetikası məhz zarafat, lətifə estetikasının prinsipləri ilə qurulduğundandır ki, bu epizodlar məlum intriqanın - "mafiya-ədalət" çarpışmasının məhz ədalətin, həqiqətin təntənəsinə xidmət edən qələbəsini də, qəhrəmanı bu qələbəyə aparan cəhdlərini də ironiya predmetinə çevirir. Başqa sözlə, rejissor bir güllə ilə iki dovşan vurur: həm neqativ halları göstərir, həm də bu hallara qarşı çıxan qəhrəmanın hərəkətlərini parodiya etməklə (direktorun bağ evinə, oradan da yataq otağına girmək üçün onun tuneldən istifadə etməsi, öz mənzilində barrikada qurması və s) reallığa çevrilmiş neqativ tərəfin - mafiyanın gücünü göstərir.

Aktyor Ə.Həmidov bütün film boyu eyni intonasiya, ritm və tempdə danışır. Həyəcanlanmağı, əsəbiləşməyi Habilin nitqində qətiyyən hiss olunmur ki, bu da hərəkətləri, yaddaşı proqramlaşdırılmış maşını xatırladan qəhrəmanı psixoloji planda adi insani ölçülərdən daha da uzaqlaşdırır. Aktyorun bu filmə qədərki yaradıcılıq təcrübəsindən çıxış etsək, bunu onun ifa manerasından irəli gələn cəhət kimi də qiymətləndirmək olar, rejissorun istəyinin ifadəsi kimi də. Aktyorun ifa tərzi ilə rejissor yozumunun bir-birini bu cür tamamlaması filmdə son dərəcə yerinə düşür, Habilin hərəkət və davranış kompleksinin daha çox maska xarakteri daşıdığını bir daha təsdiq edir.

Habilin bu qeyri-bərabər döyüşdə qalib gəlməsini təmin edən əsas amillər onun ağlı, güclü əzələləri, möhkəm arxası deyil, fenomenal yaddaşıdır. Məhz bu yaddaş hesabına o, qəsdən yandırılımış cild-cild hesabat kitablarındakı nəhəng rəqəmləri bərpa edir, dövlət budcəsindən gizlədilən məbləğin həcmini tapır. Amma Habilin qələbəsinə xidmət edən fərdi-psixoloji keyfiyyəti eyni zamanda bu qələbənin pafosunu heçə endirir, hələ ki, arzuolunan bir şey, ilğım olduğunu dolayısı ilə təsdiqləyir. Axı həyatdakı bütün müfəttişlərin belə yaddaşa malik olması mümkünsüzdür. Elə isə onları qələbəyə hansı yollar aparacaq?

Filmin Habilin qələbəsi ilə başa çatdığını fikirləşənlər (baxmayaraq ki, o, oğurlanan pulları dövlətə qaytara bilir) yanılırlar. Habil əslində, məğlub olur, daha doğrusu, o, bu mübarizənin elə başlanğıcından məğlub vəziyyətdədir. Onun qələbə cəhdləri, qeyri-adi qərar və hərəkətləri isə bu məğlubiyyətin tərs üzünün - yəni qələbənin mümkünsüzlüyünə eyham kimi başa düşülür.

Habilin quldurları yola gətirmək üçün  göstərdiyi canfəşanlıq qeyri-bərabər mübarizənin əslində, gülüş doğuran mahiyyətini açır, nəinki Habilin mübarizə aparmaq əzmini və bacarığını. Bu mənada filmdə kriminogen intriqanın başa çatmasını təmin edən son nöqtə də məntiqi deyil, simvolik səciyyə daşıyır. Mütəşəkkil cinayətkar dəstənin monolitliyi Habilin təkidi ilə müəssisənin direktorunun dilindən telefonla Patrona ünvanlanmış bir ana söyüşünün dağıdıcı gücü ilə darmadağın olur...

Yoxsa hər şey elə bu ana söyüşünün başında imiş?

Bəs onda bu söyüş nə üçün bu qədər gecikir?

V.Mustafayevin digər filmlərində olduğu kimi "Yoxlama"da da aktyorlar çox rahat və yüngül oynayırlar. Bu rahatlıq və yüngüllük rejissorun bütün göstərişlərini yerinə yetirən, istədiklərini ona verməyi bacaran istedadlı aktyorların (Yaşar Nuri, N.Əhmədova, S.Quliyeva, G.Baxşəliyeva) oyununa sirayət etmiş təbiilikdən güc alır.

Vəssalam.

 

 

 

 





03.07.2019    çap et  çap et