525.Az

"Mürtəce" Azərbaycan romantikləri - Timuçin Əfəndiyevin yazısı


 

"Mürtəce" Azərbaycan romantikləri - <b style="color:red"> Timuçin Əfəndiyevin yazısı </b>

Sosrealizm ədəbiyyatşünaslığı uzun müddət Azərbaycan romantizmini iki yerə - mütərəqqi və mürtəcelərə bölərək ikinciləri burjuaziya ilə bağlamış, adlarını çəkmiş, lakin yaradıcılıqları haqqında geniş məlumat verməmişdir. Bu romantiklərin içərisində Əbdülxalıq Cənnəti, Ağadadaş Müniri, Əliabbas Müznib, İbrahim Tahir Musayev, Əhməd Kamal, İsmayıl Səfa, Seyid Zərgər kimi şairlərin yaradıcılığının ideya və forma cəhətdən ədəbiyyata yenilik gətirmədikləri iddia olunurdu. Lakin zaman keçdikcə bu şairlərin hər biri öz fərdi üslubları, mövzu və problematikaları baxımından ədəbiyyatımızın faktlarından olduğu aydın oldu.

                                                                              İsmayıl Səfa

Azərbaycan romantizminin XX əsrin əvvəllərinin görkəmli nümayəndələrindən biri İsmayıl Səfa bu ədəbi cərəyanı ən çətin vaxtda inkişaf etdirənlərdən olub. Türk ədəbiyyatı tarixinin "Tənzimat" və "Sərvəti-fünun" dönəmləri arasında yazıb-yaradaraq Azərbaycan ədəbiyyatına müəyyən təsir göstərib. Şairin yaradıcılığı Azərbaycan ədəbi mühitinə "Füyuzat" dərgisi vasitəsilə tanış edilib.

İsmayıl Səfa atasının Məkkədə görəvdə olduğu zaman 21 mart 1867-ci ildə burada dünyaya gəlib.  Babası İsmayıl əfəndi ticarətlə məşğul olurmuş. Atası Mehmet Behcət əfəndi isə şeirlər yazıb.  Ana tərəfdən Sultan Mehmet Fatehin müəllimi Ağşəmsəddinə gedib çıxır. Uşaqlıq illərini Məkkədə keçirdiyindən həyatında dərin izlər buraxıb. Bu izlər onun "Hatirayi-müqəddəsə" şeirində də öz ifadəsini tapıb.

Ah ey mehd-i akdesim Kabe!
Ey güzergah-ıömr-i tıflanem
Yadı ey lerze-bahş olan kalbe
Mekke ey dilde mürtesim lanem
Develerle kavafil-i hüccac
Bedevilerle haymeler, çöller
Ki serapa seraptır göller
Ki bütün ab-ı rahmete muhtac
Mekke hac vakti ayn-i mahşerdir
Her tarafta sefidi-i ihram
Eylemişler kefenleriyle kıyam
Hepsi gufran ile mübeşşerdir.

(https://dergipark.org.tr./downloud)

Altı yaşında anasını, on üç yaşında isə atasını itirmiş, 1878-ci ildə qardaşları ilə birgə Məkkədən İstanbula köçmüşdür. Yetimlik və qardaşlarına baxması onun gəncliyinin ağır keçməsinə səbəb olmuşdur. 1886-cı ildə Darüşşəfəqi bitirdikdən sonra məmurluq etməyə başlamış, Evqaf Nəzarətində işləmişdir. Bir müddət sonra ədəbiyyat müəllimi işləmişdir. Bir müəllim kimi tələbələrinin oxumasını, elm öyrənməsini saxlamağa çalışmış və bu istiqamətdə şeirlər də yazmışdır. Bu şeirlərində şair maarifçilik dünyagörüşünü poetik şəkildə əks etdirirdi.

Yükselmek içün kitab lazım!
Bir kimsede olmayınca behre
Pek fazla gelir vücudu dehre
Nev-i beşerin bu ab ü tabı
Ancak okumakladır kitabı
Biz mekteb içindeyiz mahazır
Üstad gelir, kitab hazır!
Vicdan bizi sevk eder devama
Dahil niçün olalım avama.     
                   (İsmail Safa. Məniyyat. Blem Matbaası, İ.1896, s131)

Bir ziyalı kimi Osmanlıda baş verən hadisələrə biganə qalmır, Übeydullah bəy, Hüseyn Sirət, Tofik Fikrət, Abdullah Cövdət və başqaları ilə yaxınlıq edir, toplantılarda çıxış edərək haqq səsini ucaldırdı. "Ey haqq oyan!", "Sultan Həmidə" və b. şeirləri ilə özünün poetik etirazını bildirirdi. İ.Səfa bu üzdən Əbdülhəmid hakimiyyətinin basqısına məruz qalmışdır. Ədəbiyyatşünas İ.Hikmət yazırdı: "Əbdülhəmid istibdadının günahsız bir qurbanı da İsmayıl Səfadır. Kəndi keyfi idarəsini yaşatmaq, kəndi qanlı səltənətini sürmək üçün bir türlü cinnət və cinayəti işlətməkdə kəndini haqlı sayan bu müstəbid Sultan bir çox gənclərin və qiymətli adamların başını yemişdi" (Hikmət İ. İsmayıl Səfa və ədəbiyyata təsiri. "Maarif və mədəniyyət", 1925, N2, s. 24). Sağlığında bir neçə şeir kitabları və tərcümələri çıxmışdır.

İ.Səfa 1901-ci ildə Sivasda vəfat etmişdir.

İ.Səfa türk ədəbiyyatında bir keçiş dönəminin şairi kimi köhnə-yeni mübahisələrində daim Rəcaizadə Mahmud Əkrəmin tərəfini tutmuş, bunu əsərlərinin mövzu və problematikasında da göstərməyə çalışmışdır. Yeni şeir anlayışını müdafiə edən şair "Sərvəti-fünun"çu kimi tanınmış və yenilik mövqeyini yazdığı nəzəri əsərlərilə də təsdiq etmişdir.

İ.Səfa XX əsrin əvvəllərində Azərbaycan ədəbi mühitinə böyük təsir göstərmişdir. Ölümündən sonra onun şeirləri Azərbayacnda nəşr edilən toplu və dərsliklərdə nəşr edilmişdir. Bununla belə, düşünürük ki, onun Azərbaycanda tanınmasında Ə.Hüseynzadənin böyük rolu olmuşdur. Ə.Hüseynzadə onun şeirlərini Azərbaycanda ilk dəfə olaraq redaktoru olduğu "Füyuzat" dərgisində çap etdirmişdir. Bu zaman artıq şair həyatda yox idi. Onun mübarizə yoldaşlarının eynilə Ə.Hüseynzadənin də yaxın dostları olduğunu nəzərə almış olsaq, o zaman Ə.Hüseynzadənin İ.Səfa yaradıcılığına böyük önəm verdiyini və romantik şeirlərinin dərgidə nəşr edilməsini yəqin etmək olar. Onu da demək lazımdır ki, İ.Səfanın şeirlərinin  "Füyuzat"da dərc edilməsi onların romantik yönlülüyündən, yeni obraz və təsvir vasitələri ilə zəngin olmasından irəli gəlirdi.

"Füyuzat" dərgisi oxucularını şairin yaradıcılığı ilə 1907-ci il 16 iyul tarixli sayında tanış edir. Dərginin əməkdaşlarından olan Əhməd Kamal şairə "Bir səfheyi-həyat, yaxud İsmayıl Səfa" məqaləsini həsr edir və şairin "Qəmərə xitab" şeirini təqdim edir. Dərginin sonrakı sayında isə şairin "Yüksək bir dağa" şeiri verilir.

Ə.Kamalın məqaləsindən aydın olur ki, İ.Səfanı yaxından tanımışdır. Onun imzası məşhur olan zaman hələ Ə.Kamal gənc idi. Bir gün əlinə həftəlik "Mirsad" qəzeti keçir və orada İ.Səfanın baş mühərrir olduğunu oxuyur. Həmin gün İ.Səfanın işlədiyi məktəbə gedir və onunla tanış olur. Ə.Kamal onu "Sarı saqqallı, mavi və iri gözlü, dolğun baxışlı, sarı pənbə bənizli, zəif vücudlu bir zat" olaraq təsvir edirdi. İ.Səfa burada Ə.Kamala "Maarif" qəzetinin çıxarılmasında ona kömək etməsini istəyir və o, bununla razılaşır. Bundan sonra onun imzası bu qəzetdə T.Fikrət, İ.Səfanın imzaları ilə yanaşı yazılmağa başlayır. İ.Səfanın türk ədəbiyyatındakı yeri ilə bağlı yazır: "Sonralar İsmayıl bəy ayrılıyor. "Mirsad"ı nəşr ediyor. "Mirsad"da bir "müsabiqeyi-ədəbiyyə" açıyor. Bu "müsabiqeyi-ədəbiyyə" bir çox şübbanı toplayor. Bu şübban əksəriyyətlə Rəcaizadə Əkrəm bəyin şagirdləridir. Burada bir-birini vəcahən və qiyabən tanıyan təlamizeyi-Əkrəm sıra ilə "Məktəb", "Maarif" qəzetələrinə nəqli-məclisi-təhrir edərək, nəhayət "Sərvəti-fünün"da toplandılar. Və "yeni ədəbiyyati-cədidə" denilən ədəbiyyatı tərvicə başladılar" ("Füyuzat", 1907, N22, s. 4).

İ.Səfa yaradıcılığının ilk mərhələsində şeirlərini müəllimi Naci təsiriylə yazmışdır. Bu şeirlər əsasən klassik üslubda idi. Sonralar onun yazılarında yeni ədəbiyyatın təsiri aydın görünməyə başlayır; mövzularında bir dəyişiklik baş verir, bədii təsvir və ifadə vasitələri dəyişir. Onun şeirlərində xalq düşüncəsi və onun təsviri mühüm yer tutur. Digər romantiklər kimi, onun da yaradıcılığında vətən və millət məfhumları funksionallıq qazanır. O, xalqı, milləti oyanmağa, öz haqqını tələb etməyə çağırır:

Giranxabi-qəflətdəsən ey qövm, oyan,
Oyan, bəlkə bir dövri-məkus olur.
Əzankən bu səslər oyan, qorxaram,
Vətən bir təningahi-naqus olur!
Bunu ruhi-paki Məhəmməd belə,
Görür ərşi-əladə məyus olur!..
                          ("Füyuzat", 1907, №22, s.4)

İ.Səfanın poeziyasında lirika və romantik ideyalar üstünlük təşkil edir. Onun şeirlərində romantiklərə məxsus hicran, qəm, kədər motivləri vardır. "Hissiyyat" və "Münisiyyat" adlı şeir məcmulərində toplanan şeirlər romantik bədii düşüncəni yeni sonadək təmsil edə bilmişdir. "Füyuzat"da dərc edilən "Qəmərə xitab" şeirində zəif, xəstə ruhun poetik ifadəsi müəyyən mənada M.Hadi şeirlərilə səsləşir:

Uçsaydım ah şu füshətsərayi-əflakə!
Fələk ataydı bəni mavərayi-əflakə.
Bəni bu mənzərə etməzdi dövrdən məbhut,
Rəvanım olmasa balacəhəndeyi-lahut.
Bulaydım ah dirazeyi-ömrdən fürcə,
Nəsib olaydı səfər öylə bürcdən bürcə!
Suallar yenə ruhumdan eyləməkdə südur:
Nədir fəzalər içində bu seyri-duvraduvr?
Səmayə bax da düşün kainatı bir kərrə,
Nədir bu səyi-təəbnapəziri-hər zərrə?
                            ("Füyuzat", 1907, №22, s.6)

Şairin "Füyuzat"da dərc edilən ikinci şeiri isə "Yüksək bir dağa" adlanır. Şair bu şeirində təbiətə üz tutur, ona müraciət edir. Onun xitabı yükəsk bir dağadır. Belə ki, bu dağ həmişə tufanların, fırtınaların qarşısında sinə gərmişdir:

Ey cəbəli-şahiqi-afaqbin!
Alçalaraq gah buludlar gəlir,
Gah dəniz dalğaları yüksəlir,
Yaz-qış edər xakinə vəzi-cəbin.
Sinə quayəndeyi-afatsən,
Bərq ilə həmdəsti-müsafətsən.
Səndəki vəzi-cəbəruti-mühib,
Dahiyəli fırtınalar dururdurur.
Bəlli ki, ziri qədəmində durur:
Hürü hərisi-fəvarən bir ləhib,
Qış günüşeyxüxətin eylər zühur,
Sən yenə laqeydi-müruri-dühur!
                       ("Füyuzat", 1907, №23, s.8)

Ədəbiyyatşünas Hüseyn Həşimli İ.Səfanın bu şeirlərinin Azərbaycan romantik poeziyasına təsiri ilə bağlı doğru qənaətlərə gələrək yazır: "Müəyyən romantik xüsusiyyətlərə malik olan həm "Qəmərə xitab", həm də "Yüksək bir dağa" şeirlərinin "Füyuzat"da nəşri sonrakı ədəbi mühitə təsirsiz qalmamış, M.Hadi, A.Səhhət kimi Azərbaycan romantiklərinin bəzi əsərlərində oxşar təsvir və təqdim üzə çıxmışdır" (Həşimli H. Azərbaycan ədəbi mühiti və türk dünyası. Bakı, "Mütərcim", 2009, s. 88).

İ.Səfanın romantik şeirlərinin çoxunda yoxsul və çarəsiz insanlar təsvir olunur, onların obrazı yaradılır. Bu şeirlərdə insanlara mərhəmət duyğusu ifadə olunur. Şair lirik qəhrəmanını təsvir etməklə qalmır, onun halına, taleyinə acıyır, insanları biganə qalmamağa səsləyir. "Öksüz Əhməd", "Səfaləti-Baridə", "Çirkin qız" və s. şeirlərində də belədir. Onların çəkdikləri acılar, yaşadıqları talelər iradələrindən kənardadır. Bununla şair onları bu duruma salan fərdləri günahlandırır, cəmiyyət içində bu cür insanların vicdanla qarşılanmalarına diqqət çəkir. Bu şeirlərdə türk cəmiyyətindəki sinif fərqinin törətdiyi duyğusuzluq, insanların ağır duruma düşməsi və s. məsələlərə geniş yer verilir. Yoxsulluq-kasıblılıq formulu romantik poeziyada hissi duyğuların təsvirində poetik obrazlılığa yeni meydan verir. "Çirkin qız" şeirində çirkin və axsaq qızın hekayəti verilir. Fərihanın bu durumunun vərəm xəstəliyinə də düçar olması onun taleyini oxucu önündə daha da acınacaqlı edir. Şair bu taleni Fəriha, anası, atası və həkim arasıdakı dialoqda ifadə edir. Fərihanı əhatə edən adamların ona münasibəti, baxışı, eləcə də Fərihanın bu insanlara münasibətindəki hissiyyatların təsvirində romantik əhvali-ruhiyyə aparıcı olur:

Çirkindi, inanmazdı "Gözəlsən", - desələr də,
Ayinə bu çirkinliyə eylərdi şəhadət.
Anlardı ki, bədbəxt idi aqranı içində,
Solğun dodağından mütehaşi idi handə.
Mahrumi tənasüb, sakat azayi-vücudu,
Gəlməz görücü, gəlsə dəçıxmaz Fəriha.
Biçarə qızın sərvəti- samanı da yoxdu,
Həp ailənin mücibi-əndişəsi oldu.
Bir validə qəlbində nə süzişli ceriha...
                              ("Sərvəti-fünun", sayı 432, s.243)

Şair Fərihanın qüsurlarını oxucuya olduğu kimi, təsirli dillə çatdırmaqla oxucunun qəlbində mərhəmət hissi oyadır. O, çirkindir, həyatda özünə yer tapa bilmir. Onun bu halı bir ailəyə sarsıntı gətirmişdir. Şair gənc qızın yaşadığı daxili sarsıntını poetik təsvirlə ona mərhəmət hissi aşılayır. Üstəlik, şair zövq və səfa içində yaşayan və qızlarına zəngin toy edən bir ailəni də təsvir etməklə bədii müqayisəyə yol verir və şeirdəki mərhəmətlilik hissini bir qədər də artırmış olur.    

İ.Səfa "Osmanlılıq ruhu" şeiri ilə milli duyğulara və mövzulara önəm verdiyini göstərmişdir. 1897-ci ildə Türk-yunan savaşlarına şeirlər həsr etməsi də bu milli duyğulardan irəli gəlirdi. İ.Səfanın həm Türkiyə, həm də Azərbaycan ədəbiyyatına müəyyən təsiri olmuşdur. Azərbaycan ədəbiyyatına ən böyük təsiri romantik poeziyaya olmuşdur. Türk ədəbiyyatına təsiri isə daha çox subyektiv duyğuların poeziyaya gətirilməsi ilə olmuşdur. İ.Hikmət İ.Səfa yaradıcılığının Türkiyə ədəbiyyatına təsiri haqqında belə bir doğru qənaətə gəlir: "Səfanın ədəbiyyata çox təsiri olmuşdur. Naci və Əkrəm ədəbiyyatı arasında "bir həd və sal" "traitdunion" olan Səfa Fikrəti tutmaq, istedad və qabiliyyətini anlayaraq inkişafına hizmət etmək surətilə böyük bir dirayət göstərmiş, sonra da yeni ədəbiyyatın inkişafına da çox çalışmışdır" (Hikmət İ. İsmayıl Səfa və ədəbiyyata təsiri. "Maarif və mədəniyyət", 1925, N2, s. 26).

İ.Səfa yaradıcılığı Azərbaycan romantik poeziyasının zənglinləşməsində önəmli yerlərdən birini tutur.   

 

 





03.07.2019    çap et  çap et