525.Az

"Narahat olmayın, O, bizə Babanın yadigarıdır..." - Maral Poladovanın Şirməmməd Hüseynova vida yazısı


 

"Narahat olmayın, O, bizə Babanın yadigarıdır..." - <b style="color:red">Maral Poladovanın Şirməmməd Hüseynova vida yazısı</b>

Adətən, Ülkər xanımın özü və yaxud Şirməmməd müəllim xəstə olanda hər gün ona zəng vurub hal-əhval tutmağa adət etmişik. Bu il iyun ayının əvvəlindən Şirməmməd müəllim xəstə olduğuna görə, işə çıxmayan Ülkər xanımla yenə də hər gün telefon əlaqəsi saxlayırdıq. Ancaq həmin gün - iyun ayının 24-ü işin axırına yaxın Ülkər xanıma zəng edəndə, mənim "alo" deməyimlə, onun ağlaya-ağlaya dediyi, "Maral, daha zəng vurmayın", - deməsi məni bir anlıq çaşdırdı. Nə edəcəyimi bilmədiyimdən elə otağın küncündəki stula oturdum. Bir az özümə gələndən sonra Ülkər xanımın "qeyri-adi" xahişini şöbəmizin əməkdaşlarına çatdırdım. Doğrusu, ikinci dəfə zəng etməyə cürət etmədim...

Amma evə çatandan sonra eşitdiyim ağır xəbəri adi qarşılamaq çox çətin idi. "525-ci qəzet"in tanınmış əməkdaşı Şahanə xanımın yazdığı - "Daha redaksiyada "Şirməmməd müəllimin səhifələri hazırdır? sualını eşitməyəcəyik" mesajı ilə birlikdə Şirməmməd müəllimin əlində açıq kitab olan fotoşəkli sözün həqiqi mənasında nekroloq əvəzi bir mesaj idi...

Hər həftəsonu "525"də çıxan yazıların həmişə bizim yanımızda hazırlanması səhnələri bir anlıq gözlərim önündən kino lenti kimi keçməyə başladı. Bu yazıları Şirməmməd müəllim evdə yazıb qurtaran kimi, aparıb qoyurdu Ülkər xanımın iş çantasının üstünə. Bu isə o demək idi ki, bunları kompüterdə yazdırıb qəzetə göndərmək lazımdır. Və Ülkər xanım gəlib işə çatandan 1-2 dəqiqə sonra telefonu zəng çalan kimi götürür və "hə, Baba, gəlib çatmışam, yazıları da vermişəm Rəşidə yazır", - deyəndən sonra iş stolunda yerini rahatlayırdı.

Sonra isə həmin yazılar "525"ə - Şirməmməd müəllimin sevimli tələbəsi Yusifə göndərilirdi. Bildiyimizə görə, hələ bundan sonra Şirməmməd müəllim yenidən Yusifə zəng vurur, yazının çatıb-çatmadığını öyrənirdi... Və beləliklə, hər həftə hamıya tanış olan yazılar işıq üzü görürdü...

Həmkarım Yusif Rzayev yazır ki, Şirməmməd müəllimin tələbəsi olduğuna görə, özünü çox xoşbəxt hesab edir. Həqiqətən bu, belədir. Şirməmməd müəllimi tanıdığım vaxtdan artıq 51 il keçməsinə baxmayaraq, elə bizim nəslin nümayəndələri də bu cür fikirləşir və hər yerdə onun adı ilə fəxr edirlər. Mən də özümü o cərgədə olanlardan biri hesab edərək, demək istəyirəm ki, mənim bəxtim bir qədər də çox gətirib. Artıq 40 ilə yaxındır ki, müəllim-tələbə yaxınlığından başqa, Şirməmməd müəllimin ömür-gün yoldaşı Ülkər xanımla çiyin-çiyinə işləmək məni bu ailəyə daha da yaxınlaşdırıb. Bu ailənin ən xoş günlərinin iştirakçısı kimi, onlarla bir yerdə olmaq, ailə üzvlərini və onların simasında hörmətli müəllimimizi daha yaxından tanımaq şansı da düşüb bəxtimə.

Əvvəllər övladlarının, sonra nəvələrinin ən xoşbəxt günlərində bu ailənin üzvləri ilə birlikdə olmaq, ən mötəbər tədbirlərdə Şirməmməd müəllimin çıxışlarını ləzzətlə dinləmək özü böyük bir universitetdir, - desəm, səhv etmərəm.

Doğrusunu deyim ki, hələ təhsil aldığım 1968-1973-cü illərdə təkcə Jurnalistika fakültəsində təhsil alan tələbələrin deyil, hətta ağsaqqal müəllimlərin də Şirməmməd müəllimdən çox çəkinib, qorxduqlarının dönə-dönə şahidi olmuşam. Amma sonralar başa düşdüm ki, bu "qorxu"nun arxasında çox böyük bir məsuliyyət hissi dayanır...

Vətəninə, millətinə, dilinə və öz aliləsinə qarşı həmişə vicdanla xidmət edən professor Şirməmməd Hüseynov həqiqətən hər bir azərbaycanlıya örnək ola biləcək əsl ziyalı olduğu üçün, ailəsində də bu ənənə həmişə davam etdirilmişdir. Şirməmməd müəllimlə Ülkər xanım Azərbaycan üçün özləri kimi vətənpərvər və zəhmətkeş övladlar yetişdirməklə bərabər, həm də savadlı, imkansız və köməyə ehtiyacı olan gənclərin himayədarları kimi də böyük nüfuz sahibidirlər. Mayası zəhmətdən tutulmuş bu insanlar ünsiyyətdə olduqları hər kəsə öz vəzifəsinə can yandırmağı, zəhmətdən zövq almağı, vicdanlı olmağı, vətən və millət mənafeyini şəxsi mənafedən üstün tutmağı var qüvvələri ilə aşılamağa çalışıblar həmişə.

Son vaxtlar keçirilən tədbirlərdə cavan jurnalistlər Şirməmməd müəllimə "işləməkdən yorulmamısınız ki?" sualını verəndə, onun "Bilirsiniz, indi mənim nə istirahətə, nə də xəstələnməyə ixtiyarım yoxdur, çünki hələ görüləsi vacib işlərim var" cavabı hər kəsi təəccübləndirdi. Şirməmməd müəllim hər kəsdən də belə işləməyi tələb edirdi, deyirdi ki, hər insan öz işi ilə məşğul olarsa, lazımsız işlərə də vaxt qalmaz.

Uzun illər müşahidələrimə əsasən deyə bilərəm ki, Şirməmməd müəllimin ailəsində bəlkə də dünyanın heç bir yerində, heç bir ailəsində olmayan, yalnız onlara xas olan qəribə bir xoşbəxtlik çırağı yanıb həmişə. Onların birgə yaşadıqları 60 il müddətində bu çırağın işığı nəinki öləzimiş, əksinə, onları bölünməz bir varlığa çevirmişdi. Tanıdığım illər ərzində bir dəfə də olsun Ülkər xanımın hansısa bir iş barədə sərbəst qərar verməyini görməmişdim. Çünki Şirməmməd müəllimin uzaqgörənliklə söylədiyi fikirlər, verdiyi məsləhətlər həmişə xeyirli nəticə ilə sona çatırdı.

Məlum 20 Yanvar hadisələrindən sonra Ülkər xanımla birgə çalışdığımız "Elm və həyat" jurnalının "ölüm", ya "qalım" məsələsi ortaya çıxan dövrlərdə Şirməmməd müəllimin "öz hüquqlarınızı müdafiə etmək üçün mübarizə aparmaqdan qorxmaq lazım deyil" məsləhəti jurnalın cəmi 4-5 nəfərlik kollektivinin şüarına çevrildi. Və nəhayət, Ülkər xanım ön cərgədə olmaqla, aparılan "mübarizə" nəticəsində Azərbaycanın yeganə elmi-populyar jurnalı kimi tanınan "Elm və həyat" yaşamaq hüququnu bərpa etdi...

Son illər Ülkər xanım nəvələrin dili ilə Şirməmməd müəllimə Baba deyə müraciət edən zaman bəzən cavanların təəccüblü baxışlarını hiss edəndə, köhnə əməkdaşların açıqlamasından sonra yaranan qibtə və həsəd hissi açıq-aydın hiss olunurdu...

25 iyun 2019-cu il. Ömrünün çox hissəsini keçirdiyi Bakı Dövlət Universitetinin böyük zalında keçirilən vida mərasiminə gələnlər əvəzolunmaz müəllimimiz, böyük Ustad, yorulmaz tədqiqatçı alim, alovlu vətənpərvər, bir çox fəxri adların, orden və medalların sahibi olan bir ziyalıya - professor Şirməmməd Hüseynova son borclarını qaytarmaq üçün toplaşmışdılar. Əvəllər bu zalda keçirilən bütün möhtəşəm tədbirlərdə Şirməmməd müəllimin qürurla dayandığı səhnədə indi onun yaşıl qumaşa bürünmüş səssiz-səmirsiz cənazəsi qoyulmuşdu. Şirməmməd müəllimin çıxış etdiyi kürsüdə isə onun haqqında xatirə söyləyən insanlar tez-tez bir-birlərini əvəz edirdilər...

Zalda 1-ci sırada əyləşmiş qara geyimli 3 qadının və digər doğmalarının simasına çökmüş qəm yükünü çəkə biləcək elə bir qüvvə isə mövcud deyildi. Zala daxil olanlar həmin sıranın önündən keçərək, Ülkər xanımın, Fərəh xanımın və Lalə xanımın qarşısında dayanaraq, başsağlığı verməyi, onların əllərindən öpməyi özlərinə borc bilirdilər... Ülkər xanımın "mən 2 yaşım olanda anadan yetim qalmışdım, indi 82 yaşımda yenə yetim qaldım" sözləri bəlkə də çoxlarına qəribə görünə bilər. Amma bu, Ülkər xanımın ağır itkiylə barışmazlığının sözlə idafə olunmuş əks-sədası idi. Fəxri Xiyabanda dəfndən sonra isə "mən onu burada qoyub necə gedim evə, axı, mən evə gedəndə, həmişə liftin yanında məni o qarşılayırdı", - dedi Ülkər xanım...

İnanıram ki, hər birimizin çox cəsarətli və dözümlü insan kimi tanıdığımız Ülkər xanım şəxsi həyatında yaranmış bu boşluğu Şirməmməd müəllimin yarımçıq qalmış işlərini tamamlamaqla, onun haqqında olan xatirələrini yazıb gələcək nəsillərə hədiyyə etməklə, həm Şirməmməd müəllimin ruhunu şad edəcək, həm də sağlam nəslin yetişməsində böyük rolu ola biləcək nəşrlər hazırlamaqla, daha xeyirli işlər görə biləcəkdir.

Mərasimin sonunda Toğrula müraciətlə "Nənədən muğayat olun, onu fikir eləməyə qoymayın" deyəndə, onun çox inamla, "Narahat olmayın. O, bizə Babanın yadigarıdır", söyləməsi Toğrulun lap uşaq yaşlarından çox zəhmətkeş və yanımcıl, istiqanlı uşaq olması barədə Ülkər xanımın söhbətlərini yadıma saldı. Ailə qurandan sonra baba və nənəsi ilə birlikdə yaşayan Toğrulun ailəsi və onun balaca balası Camal yəqin ki, Ülkər xanımı qəm çəkməyə qoymayacaqlar...

Maral POLADOVA

 

 





03.07.2019    çap et  çap et