525.Az

“Marş İrəli” hərbi-vətənpərvərlik düşərgəsi yenidən başladı


 

“Marş İrəli” hərbi-vətənpərvərlik düşərgəsi yenidən başladı<b style="color:red"></b>

Gənclər Fondunun və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə növbəti dəfə “Marş İrəli” layihəsi keçirilir.
“İrəli”dən verilən məlumata görə, layihənin keçirilməsində məqsəd Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda yetişməsinə dəstək verməkdir.

“Marş İrəli”nin açılış mərasimi Goranboy rayonunda keçirilib.

Tədbirdə “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, müharibə veteranları, qazilər iştirak ediblər.

M.Seyidov çıxış edərək Azərbaycan Ordusunun gücündən, qüdrətindən danışıb. O, Silahlı Qüvvələrimizin ildən-ilə daha da gücləndiyini, maddi-texniki bazasını möhkəmləndirdiyini, hərbçilərimizin döyüş hazırlığını daha da artırdığını bildirib: “Biz ordumuzun gücünü hər zaman inanırıq”.

Layihənin ilk günü iştirakçıların bir-birinə uyğunlaşması üçün komanda quruculuğu ilə bağlı praktiki sessiya keçirilib. Layihə Qarabağ həqiqətləri mövzusunda ictimai müzakirə ilə davam edib.

Qeyd edək ki, 10 gün davam edəcək layihədə gender bərabərliyi qorunmaqla respublikanın müxtəlif regionlarından müsahibə yolu ilə seçilən 17-25 yaş arasında 150-yə yaxın gənclər iştirak edir. Bu gənclər layihədə iştirak əsnasında aktiv fiziki tapşırıq və oyunlarda həqiqi hərbi xidmətə öncədən hazırlaşacaq, fiziki dözümlülüyünü artıracaq, keçirilən motivasiya xarakterli görüşlər, seminarlar, simulyasiya oyunlarında mənəvi olaraq möhkəmlənəcək və xüsusi təlim modulları vasitəsi ilə daha çox maariflənə biləcəklər. Həmçinin, gənclər bir sıra fiziki, psixoloji və sosial fəaliyyətlərə cəlb olunacaqlar. Hərbi simulyasiya formatında keçiriləcək düşərgə gənclərin fiziki və mənəvi möhkəmlənməsinə şərait yaradacaq.
Xatırladaq ki, “Maşr İrəli” layihəsi ilk dəfə ötən il keçirilib.

C.ABASOV

 





04.07.2019    çap et  çap et