525.Az

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri"


 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN ADMİNİSTRASİYASININ RƏHBƏRİ, AKADEMİK RAMİZ MEHDİYEVİN AZƏRBAYCAN ELMİNƏ LAYİQLİ TÖHFƏ OLAN BU ƏSƏRİ TƏDQİQATÇILAR VƏ BEYNƏLXALQ İCTİMAİYYƏT ÜÇÜN ZƏNGİN HÜQUQİ BAZADIR

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri"<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru,
hüquq üzrə elmlər doktoru

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli daim xarici siyasətimizin prioritetini təşkil edib. İşğalçı ölkənin başqa dövlətlərin əraziləri hesabına "böyük Ermənistan" yaratmaq  xülyası Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ problemi  regional məsələ olmaqla yanaşı, bu gün dünya siyasətinə təsir göstərən amillərdən birinə çevrilib. Məlum olduğu kimi, Sovet hakimiyyəti dövründə - 1923-cü ildə Qarabağın dağlıq hissəsində 4,4 min kvadratkilometr ərazidə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Bununla da bu ərazidə separatçılıq meyllərinin əsası qoyulmuşdur. Əslində isə problemin kökündə Qarabağa XVIII əsrdən başlayaraq, köçürülən ermənilərin Azərbaycan torpaqlarına yiyələnmək iddası dayanır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına aqressiv formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə açıq müstəviyə keçmişdir. Keçmiş SSRİ-nin rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin əvvəllərindən Sovet İttifaqının mərkəzi hakimiyyətinin zəifləməsindən, habelə Ümummilli lider Heydər Əliyevin tutduğu vəzifələrdən istefa verməsindən istifadə edərək, Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi üçün fəaliyyətə başladılar.

1987-89-cu illərdə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulduqdan sonra Dağlıq Qarabağ münaqişəsi daha kəskin xarakter aldı. Məlum olduğu kimi, həmin hadisələrdə 216 nəfər soydaşımız vəhşicəsinə qətlə yetirilmiş, 1154 nəfər isə yaralanmışdı. Sovet İttifaqındakı havadarlarına güvənən erməni separatçıları  bundan sonra daha da azğınlaşaraq işğalçı siyasətlərini açıq şəkildə həyata keçirməyə başladılər.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illər ölkədə yaranmış hərc-mərclik, hakimiyyətsizlik, anarxiya xarici siyasət kursunu arxa plana çəkdi. Ölkədə baş qaldıran silahlı münaqişə vətəndaş müharibəsi həddinə çatmışdı. Digər tərəfdən isə ermənilər elan olunmamış müharibə vasitəsilə ərazilərimizi işğal edir günahsız insanlarə qətlə yetirir, xarici havadarlarının himayədarlığı ilə ərazi iddialarını daha da qabardırdılar. Ölkədə yaranmış siyasi böhran vəziyyəti getdikcə ağırlaşdırırdı.

Yalnız ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin yaradılması və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasət kursunun prioritetinə çevrildi. Ümumiyyətlə, ümummilli lider  müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli dövlət siyasətində başlıca yer tutub. Müdrik şəxsiyyət münaqişənin həllinə nail olmaq üçün ikitərəfli formatda keçirdiyi çoxsaylı görüşlərdə, beynəlxalq tədbirlərdə, ATƏT-in zirvə görüşlərində Minsk qrupunun həmsədrləri ilə aparılan çoxsaylı müzakirələrdə, o cümlədən, Ermənistan prezidenti ilə təkbətək danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti, onun hər iki xalq üçün törətdiyi ağır fəsadlar barəsində təkzibedilməz faktları və arqumentləri ortaya qoyub.

Həmin dövrdə münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüququn prinsipləri əsasında həllinin təsdiqlənməsi ilə nəticələndi. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Konfransı Təşkilatının qərarları ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi baza yaratdı.

Ulu öndər 1993-2000-ci illər ərzində münaqişənin beynəlxalq hüquq çərçivəsində aradan qaldırılması üçün  ATƏT rəhbərliyi və Minsk qrupunun təmsilçiləri ilə 130-dan çox görüş keçirmişdir. Heydər Əliyev bu məsələ ilə əlaqədar 1993-cü ildən 2001-ci ilədək 68 ölkənin dövlət başçısı ilə 485 dəfə görüşmüşdür. Bu görüşlərin hamısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur. NATO-nun, Müstəqil Dövlətlər Birliyinin zirvə görüşlərində, İslam Konfransı Təşkilatının iki, İqtisadi Əməkdaşlıq Təşkilatının dörd zirvə görüşündə, türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərində hər dəfə Ulu öndər Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini gündəliyə çıxarmağa nail olmuşdur.

Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu və balanslı xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik və hücum taktikasına əsaslanmaqla davam etdirən Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində mövqeyi dünya birliyi tərəfindən də dəstəklənir. Bu siyasətin uğurlu nəticələri göz önündədir. Bu gün Ermənistan beynəlxalq aləmdə küncə sıxışdırılıb. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz prinsipial mövqeyini qəti olaraq bildirib: "Bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır".

Bütün bunlar Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin əsərlərində əhatəli şəkildə öz əksini tapıb. Akademikin əsərində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanda cərəyan edən  siyasi proseslərə, separatçı rejimin "böyük Ermənistan" yaratmaq ideyası, həmçinin, Ermənistanın işğalçı siyasəti, ərazi iddiaları və hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi, onun kökləri, yaranma səbəbləri, həlli perspektivlərinə fəlsəfi baxış ortaya qoyulur. Bu günlərdə nəşr olunmuş "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri" əsəri bu baxımdan böyük əhəmiyyət kəsb edir. Faktlarla zəngin olan bu əsər bir daha təsdiqləyir ki, akademik tədqiq etdiyi mövzu ilə əlaqəli proseslərin canlı şahidi və iştirakçısı olub. Azərbaycan elminə layiqli töhfə olan bu əsər oxucular və tədqiqatçılar üçün zəngin hüquqi baza rolunu oynayacaqdır.

Hər bir soydaşımız, eləcə də beynəlxalq ictimaiyyət üçün zəngin məlumat mənbəyi olan əsərdə Dağlıq Qarabağ problemi bir çox aspektlərdən - tarixi, siyasi, hüquqi -təhlil edilmişdir. Əsərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, gedişatı, habelə danışıqlar prosesi, həllinin hüquqi bazası barədə yığcam, amma eyni zamanda, məzmunlu məlumat verilmiş, ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi imperiya siyasətinin tərkib hissəsi kimi təhlil edilmişdir. Əsərdə Rus imperiyasının ermənipərəst siyasətinin Sovet rəhbərliyi tərəfindən də davam etdirilməsi rəsmi sənədlərlə təqdim edilmişdir. Müəllif yazır: "1980-ci illərin axırlarında SSRİ-də "yenidənqurma" adı altında baş verən hadisələrə və dağıdıcı proseslərə diqqətlə nəzər saldıqda, qondarma "Dağlıq Qarabağ problemi"nin tamamilə süni mahiyyət daşıdığı aydın olur. Həmin dövrdə SSRİ-nin ali rəhbərlərindən biri olan Heydər Əliyevin hakimiyyətdən kənarlaşdırılması nəticəsində Ermənistanın ultramillətçi dairələri, onların Kremldəki və xarici ölkələrdəki havadarları tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycanın tərkibindən çıxarılması və onun Ermənistana inteqrasiya edilməsi üçün əlverişli siyasi zəmin yaradıldı. M.Qorbaçov başqa olmaqla SSRİ-nin ovaxtkı rəhbərliyi öz konstitusion borcunu və vəzifələrini yerinə yetirmək, qanunçuluğu müdafiə etmək əvəzinə, erməni millətçilərin separatçılıq səylərinə himayədarlıq yolunu seçdi".

Akademik daha sonra qeyd edir ki, Mixail Qorbaçovun və onun ətrafındakıların cinayətkar hərəkətləri nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tədricən genişlənərək iki xalq arasında tammiqyaslı silahlı qarşıdurmaya çevrildi və sonradan Sovet İttifaqının dağılması prosesinin katalizatorlarından biri oldu: "Təəssüf ki, bu faciəli hadisələr başlanan dövrdə Azərbaycanın ovaxtkı kommunist rəhbərləri (K.Bağırov, Ə.Vəzirov, A.Mütəllibov) və Xalq Cəbhəsinin liderləri (Ə.Əliyev (Elçibəy) və başqaları) mövqesizlik, məsuliyyətsizlik və qeyri-peşəkarlıq nümayiş etdirdilər. Dağlıq Qarabağın taleyi unuduldu, daxili çəkişmələr, Azərbaycanda hakimiyyət uğrunda mübarizə ümummilli maraqlardan üstün tutuldu, bu da sonradan Azərbaycan ərazilərinin işğalına xeyli kömək etdi".

Əsərdə qeyd edildiyi kimi, bu münaqişə nəticəsində Azərbaycana çox böyük maddi və mənəvi ziyan vuruldu.1988-1993-cü illərdə Qarabağda 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzey, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb". Bu münaqişə nəticəsində hərbi əməliyyatlar dövründə 20 min azərbaycanlı həlak olub, 50 min nəfər şikəst olub, 4 minə yaxın azərbaycanlı itkin düşüb, 2 mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb.

Heç bir ölkəyə xeyir gətirməyən müharibənin, əslində, Ermənistanın özünə ciddi zərbə vurduğu işğalçı ölkənin dövlət rəsmilərinə də bəlli idi. Ermənistanın getdikcə iqtisadi tənəzzülə uğraması, iri infrastruktur layihələrdən kənarda qalması, bəzi qonşu dövlətlərlə əlaqələrinin kəsilməsi  Azərbaycanın isə ərazisinin 20 faizinin işğal olunmasına baxmayaraq, inkişaf dinamikasını artırması, beynəlxalq aləmə inteqrasiyası, iqtisadi qüdrətini artırması, mövqelərini möhkəmləndirməsi işğalçı ölkənin rəhbərliyini ciddi narahat edirdi. Akademik Ramiz Mehdiyevin Ermənistanın ovaxtkı prezidenti L.Ter-Petrosyanın dediklərindən gətirdiyi "Qarabağ müharibəni yox, döyüşü udub", müharibəni yalnız o vaxt udurlar ki, düşmən təslim olsun" - faktı bunu bir daha sübut edir.

L.Ter-Petrosyan da etiraf edirdi ki, Dağlıq Qarabağ münaqişəsi yalnız dinc danışıqlar yolu ilə nizamlanmalıdır: "Status-kvonu uzun müddət saxlamaq mümkün deyil, çünki buna nə dünya birliyi imkan verər, nə də Ermənistanın iqtisadi potensialı; münaqişənin nizamlanmamış vəziyyəti Qarabağa və Ermənistana sərfəli deyil, çünki bu, Ermənistanın və deməli, Qarabağın da iqtisadi inkişafına ciddi əngəl törədir, beynəlxalq birliklə və xüsusən qonşu ölkələrlə münasibətlərdə isə qarşısıalınmaz nəticələrə gətirib çıxara biləcək fəsadlar yaradır; Qarabağ münaqişəsinin həllinin yeganə variantı kompromisdir, bu, tərəflərdən birinin qələbəsi və digərinin məğlubiyyəti deyil, münaqişədən bezmək şəraitində razılığa nail olmaq imkanıdır".

Dünyada baş alıb gedən ikili standartlar Dağlıq Qarabağ münaqişəsinin uzun müddət davam etməsinə şərait yaradıb. Bu gün də beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrin icrasız qalması ikili standartların hələ də mövcudluğunun nəticəsidir. Akademikin təbirincə desək, ədalət naminə qeyd edilməlidir ki, bütün bu təzyiqlərə baxmayaraq, qondarma "ikinci erməni dövləti"nin dünya miqyasında tanınması haqqında məsələ heç vaxt praktiki müstəvidə qoyulmayıb: "Bir məsələni anlamaq olmur: əgər Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımağa cəsarət etmirsə, beynəlxalq birlik isə bunun heç vaxt baş verməyəcəyini çoxsaylı qətnamələr vasitəsilə birmənalı şəkildə göstərirsə, onda hansı tanıma haqqında söhbət gedə bilər! Təsadüfi deyil ki, Paşinyanın şəxsində yeni erməni dövləti bunu başa düşərək, uydurma bəhanələrlə qondarma rejimin nümayəndələrini danışıqlar prosesinə cəlb etməyə çalışır".

Əsərdə Dağlıq Qarabağ münaqişəsinin əsassız iddialardan birbaşa təcavüz mərhələsinə keçməsi göstərilmişdir. Danışıqlar prosesi barədə də geniş məlumat verilmiş, Dağlıq Qarabağın hər iki icmasının bərabər statuslu olması əsaslandırılmış, Ermənistanın münaqişənin həllindən qeyri-konstruktiv mövqeyi beynəlxalq təşkilatların qərarlari ilə ziddiyyət təşkil etdiyi göstərilmişdir. Fikrimcə, əsərin qayəsini akademik R.Mehdiyevin bu fikri təşkil edir: "Ermənistan, əslində, qalib gəlməyib, uduzub! O... Sülhü uduzub".                                                                                               

Çoxsaylı misallarla, təhlillərlə, xarici konsaltinq şirkətlərinin təqdim etdiyi analizlərə istinad edərək, akademik məhz bu fikri tam əsaslandıraraq, Ermənistanın işğalını tam doğru olaraq Pirr qələbəsinə bənzətmişdir. Yeri gəlmişkən, qədim Epir dövlətinin hökmdarı Pirrin ibrətamiz əhvalatını xatırlatmaq yerinə düşər.

Yeni istilalar arzusunda olan hökmdar Pirrə vəziri sual edir: - Bəs dediyiniz ölkədələri fəth edəndən sonra nə edəcəyik?

Pirr cavab verir: - Növbəti ölkəni fəth edəcəyik.

Vəzir davam edir: - Bəs sonra?

Pirr deyir: - Növbəti ölkə.

Beləcə bütün ölkələr sadalanandan sonra vəzirin sualına Pirr cavab verir:  - Sonra isə dincələcəyik, ziyafətlər təşkil edib  vaxtımızı maraqlı keçirəcəyik.

Bu zaman vəzir, fikrimcə, dünya fikir  tarixinə qızıl hərflərlə yazıla biləcək cavab verir: - Bəs dediklərinizi indi etməyə bizə nə mane olur?!

Bu əhvalatın məntiqi odur ki, normal, dinc və rahat yaşamaq üçün heç də kiminsə torpaqlarını işğal etmək lazım deyil. Amma təəssüf ki, milli şüuru, milli ideyası gələcəyə deyil, keçmişə, həm də yalançı keçmişə köklənmiş Ermənistan öz milli varlığını "soyqırımı", "böyük Ermənistan" və bu kimi kollektiv miflər üzərində quraraq, ərazilərimizi işğal altında saxlamış, özü soyqırımı və etnik təmizləmə siyasəti aparmışdır. Ermənistandan fərqli olaraq Azərbaycan öz tarixi keçmişi ilə fəxr edərək ondan ilhamlanaraq, gələcəyə baxış üzərində  köklənmişdir.

Əsərdə beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etmə və "uti possitetis yuris" kimi prinsipləri təhlil edilərək, Azərbaycanın mövqeyinin haqlı olduğu və beynəlxalq hüququn ümum tanınmış normalarına əsaslandığı diqqətə çatdırılmışdır.

Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq aləmdə nüfuzu Ermənistan ilə müqayisə olunmazdır. Azərbaycan bir çox beynəlxalq əhəmiyyətli layihələrin əsas aktoru olduğu təqdirdə Ermənistan təcrid vəziyyətində varlığı uğrunda mübarizə aparır. Müəllifin fikirləri ilə, son illərin bestsellerlərinə çevrilmiş "Homo sapiens", "Homo deus" və "XXI əsr üçün 21 dərs" kimi əsərlərin müəllifi olan Yuval Noah Hararinin  Yaponiyanın inkişafı barədə fikirləri həmahəngdir. Yuval Noah Harari "XXI əsr üçün 21 dərs" əsərində Yaponiyanın inkişafa işğal etdiyi koloniyalardan azad olduqdan sonra nail olduğunu vurğulayıb.

Əsər Azərbaycan cəmiyyəti qədər, bəlkə ondan da çox, Ermənistan cəmiyyəti və Ermənistan rəhbərliyinə ünvanlanmışdır. Öz sələflərinin acı səhvlərindən nəticə çıxarmağa məhkum olan Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinə bir intellektual xatırlatmadır.

 





05.07.2019    çap et  çap et