525.Az

"Mürtəce" Azərbaycan romantikləri - Timuçin Əfəndiyevin yazısı


 

"Mürtəce" Azərbaycan romantikləri - <b style="color:red"> Timuçin Əfəndiyevin yazısı</b>

Sosrealizm ədəbiyyatşünaslığı uzun müddət Azərbaycan romantizmini iki yerə - mütərəqqi və mürtəcelərə bölərək ikinciləri burjuaziya ilə bağlamış, adlarını çəkmiş, lakin yaradıcılıqları haqqında geniş məlumat verməmişdir. Bu romantiklərin içərisində Əbdülxalıq Cənnəti, Ağadadaş Müniri, Əliabbas Müznib, İbrahim Tahir Musayev, Əhməd Kamal, İsmayıl Səfa, Seyid Zərgər kimi şairlərin yaradıcılığının ideya və forma cəhətdən ədəbiyyata yenilik gətirmədikləri iddia olunurdu. Lakin zaman keçdikcə bu şairlərin hər biri öz fərdi üslubları, mövzu və problematikaları baxımından ədəbiyyatımızın faktlarından olduğu aydın oldu.

Əbdülxalıq Cənnəti

Yeni dövr poeziyasının görkəmli nümayəndələrindən biri Əbdülxalıq Cənnəti (1855-1931) Azərbaycanın romantik şairləri olaraq ədəbiyyat tariximizə daxil olub. Klassik poeziya ənənəsini yeni dövrdə davam etdirənlərdən biridir. Əsərlərini klassik üslubda yazan Bakışairlərindən biri kimi poetik məclislərin ən fəal nümayəndələrindəndir. "Qız qalası" və "Qılınc və qələm" poemalarının müəllifidir.
Əbdülxalıq Cənnəti Qafarzadə 1855-ci ildə Bakı şəhərində anadan olub. Onun həyatı haqqında geniş məlumatlar olmasa da, ana babasının Bakı xanı Hüseynqulu xanın ovçubaşısı olan Səfərəlinin oğlu olduğu, 9 yaşında dərsə gedib xüsusi müəllim yanında iki il yarım oxuması haqqında məlumatlar vardır. Ailə vəziyyətinə görə on iki yaşından işləməyə başlamışdır. Şeir yaradıcılığına gənc yaşlarından başlamışdır. Yaradıcılığının ilk dövründə klassik üslubda Azərbaycan və fars dillərində şeir və qəzəllər yazmışdır. "Məcmə-üşşüəra" cəmiyyətinin fəal üzvlərindən olmuşdur. O zaman şeir məclislərinə qatılan gənc şairlərlə şeirləşmələrdə yaxından iştirak etmiş və uğurlar qazanmışdır. O, şeirlərini müxtəlif təxəllüslərlə yazmışdır. Bu təxəllüslər içərisində "Vasif", "Əttar", "Həccarzadə", "Daşkəsənoğlu" və b. mühüm yer tutur. Yaradıcılığının ən yetkin çağında "Cənnəti" təxəllüsünü işlətmiş və bu təxəllüslə tanınmışdır. Onun şair S.Ə.Şirvaninin də iştirak etdiyi bir məclisdə şeirləşməsi ilə bağlı tədqiqatçılar Sona Xəyal və Mustafa Mailoğlu yazır: "Bir dəfə yeddi şairin şeirləşdiyi məclisdə Seyid Əzim də iştirak edirmiş. Cənnəti hamıya üstün gəldikdə Seyid Əzim demişdir: "Təəccüb edirəm ki, bunlar hamısı məşhur ikən, siz nə üçün belə kəmnam qalmısınız?" Cənnəti bu suala belə cavab vermişdir: "Kiminin məşhurəti olur, kiminin hünəri" (Cənnəti Ə. Vətən təranələri. Bakı, Nurlan, 2006, s. 3).
XX əsrin əvvəllərindən ictimai-siyasi hadisələrin təsirilə şeirlərində ictimai motivlər meydana çıxmış və müasir həyat məsələlərinə geniş yer vermişdir. Bu şeirlərin bir çoxu azadlıq və hürriyyət məsələlərinə həsr edilmişdir. Ə.Cənnəti şeirlərində vətən və millət mövzusunun yer aldığı ilk şairlərdəndir. Xüsusilə, klassik formada bu mövzu nadir hallarda özünün bədii həllini tapır. Şair Ə.Müznib onun şeirlərini məhz bu xüsusiyyətinə görə yüksək qiymətləndirir və onu şeirimizin "Hürriyyət peyğəmbəri" adlandırır. Onun yazdığına görə, "Cənnətinin hürriyyət şeirləri yazdığı vaxtda nə Sabirin, nə də Hadinin hürriyyət haqqında düşünüb şeir yazmadığı" göstərilir. Onun yeni ruhda yazdığı şeirlər o zaman "Təkamül", "Dirilik" və "İrşad" qəzetlərinin səhifələrində dərc olunurdu. Ə.Müznib əlyazmasını araşdıran tədqiqatçıların yazdığına görə, şairin dini mövzuda "Mühəssənati-şəriət" adlı risaləsi, nəsihətnaməsi, "Yənbuii-hikmət", "Təhvilül-övzan" adlı ədəbiyyat qaydaları kitabı, əxlaq elminə dair üçcildlik əsəri, altı min beytlik divanı və "Əs-səfər fil-həzər" adlı romanı olmuşdur" (Cənnəti Ə. Vətən təranələri. Bakı, Nurlan, 2006, s. 3).
Sovet ədəbiyyatşünaslığında adı mürtəce romantiklər sırasında çəkilən Ə.Cənnətinin şeirləri sağlığında çap olunmuşdurmu? Onun 20-ci illər mətbuatında dərc edilməsi məlum olan yeganə əsəri "Dəmir" şeiridir. Şeir "Maarif və mədəniyyət" jurnalının 1924-cü il aprel ayında gedib. Şair bu şeirində də özünün yaradıcılıq üslubuna sadiq qalır. Dövrün inqilabi, ideoloji basqılarına boyun əyməyən şairin bu şeirində bəzi poetik suallara da rast gəlmək mümkündür:

Ey bibəsirət, aç gözün ətrafə qıl nəzər,
Əfsürdə qılmasın səni füqdani-simü zər,
Toprağı zər yapar, kişi olsa ər oğlu ər,
Gər açsa cövhərin dəmirin sahibi-hünər.
Ecaz göstərib, bəşəri mat edər dəmir,
Zatında cövhər olduğun isbat edər dəmir.

...Bir fikr ver ki, bunları asan edən nədir,
Muzi olan səbai hərasan edən nədir,
Yüksək cibali xak ilə yeksan edən nədir,
Vəhşisifət xəlayiqi insan edən nədir.
E'caz göstərib, bəşəri mat edər dəmir,
Zatında cövhər olduğun isbat edər dəmir.
("Maarif və mədəniyyət", 1924 № 4, s. 9)

Lakin bu böyük ədəbi irs haqqında məlumat verilməmiş, sovet dövründə əsərləri dərc edilməmiş və haqqında araşdırmalar aparılmamışdır. Bunun başlıca səbəbi şairin mürtəce romantiklər sırasına daxil edilməsi və "mürtəce romantiklər" anlayışında bir düşmən obrazının yaradılması olmuşdur. Dövrün ən mötəbər tədqiqat əsərində (Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə, 2 c., B., 1960, s. 772) onlar haqqında yazılırdı: "Bunların (mürtəce romantiklər nəzərdə tutulur - T.Ə.) əksəriyyəti XIX əsrin axırlarında şeir deməyə nəzirəçi şairlər kimi başlamış, yeni əsrin əvvəllərində də yenə müasir dünyadan xəbərsiz nəzirəçi şairlər olaraq qalmışdılar. Onlar məclislər düzəldib bir-birilə bəhsə girir, öz yaxın adamlarından başqa heç kəsin diqqətini cəlb etməyən, heç kəsə lazım olmayan qəzəl, qəsidə, mədhiyyələri ilə öyünür, təsəlli tapır və bu yazılardan özləri üçün hansı məqsədlə isə divan tərtib edib saxlayırdılar. Bunlar müasirlikdən çox-çox uzaq düşmüş adamlar idi. Yeri gələndə maarifdən, mədəniyyətdən yazsalar da, onlar şeirə, ədəbiyyata, əsasən öz intim duyğularını və daha çox məhəbbət ehtirasını ifadə edən bir vasitə kimi baxırdılar". Əlbəttə, bu sözlərdə müəyyən həqiqət var idi, ancaq bunlar həmin şairlərin yaradıcılığının digər xüsusiyyətlərini kölgə altına almamalı idi. Bu şairlərin yaradıcılığındakı subyektiv duyğular, eləcə də millilik, vətənpərvərlik kimi amillər, romantik əhvali-ruhiyyə poeziyanın əsas mövzularından olmuşdur. Buna baxmayaraq, sovet dövründə şairin yaradıcılığı haqqında az da olsa tədqiqatlar aparılmışdır. 1946-cı ildə romantizmin görkəmli tədqiqatçılarından biri Mir Cəlalın Akademiyanın Ədəbiyyat və Dil İnstitutunun "Əsərləri"nin birinci cildində, daha sonra isə Cəfər Xəndanın məqalələrinin çap olunması sükut buzunu sındırmışdır. C.Xəndanın şairin yaradıcılığına böyük qiymət verib onun "Seçilmiş əsərləri"nin buraxılmasını təklif etməsindən dörd il sonra "Azərbaycan ədəbiyyatı tarixi"nin 2-ci cildində şairin yaradıcılığı kəskin tənqid olunurdu. Ona görə dəşairin nə əsərləri dərc edilmiş, nə də haqqında tədqiqatlar aparılmışdır. Yalnız 80-ci illərdə ədəbiyyatşünas N.Qarayevin "Poetik məclislər", C.Rəmzinin "Deyilən söz yadigardır" kitablarında şairin bir neçə qəzəli dərc edilmişdir.
Ə.Cənnətinin sovet dövründə ədəbi irsinin araşdırılmamasının iki səbəbi olmuşdur: birincisi, onun şeirlərində milliliyin və azadlıq probleminin qabarıq verilməsi, ikincisi, mürtəce romantiklər sırasına daxil edilməsi. Onun mürtəce romantiklər sırasına qatılmasının əsas səbəblərindən biri isə "Füyuzat" dərgisində nəşr edilməsidir. Çünki sovet ədəbiyyatşünaslığında bu dərgidə nəşr edilən şairləri mürtəce romantiklər sırasına daxil etmək tendensiyası başlıca yer tuturdu. Zamanla bu tendensiyadan əvvəlcə A.Səhhət, A.Şaiq, daha sonra isə M.Hadi qurtulmuşdur. Ə.Cənnətinin isə belə bir şansı olmamış, bunun üçün də mürtəce romantiklər sırasında qalmışdır.  Əslində, Ə.Cənnətinin "Füyuzat" juralında cəmi bir şeiri dərc edilmişdir. Bu da dərginin 24-cü sayındakı "Fəxriyyə" şeiridir. Şeir "Əbdülxalıq Qafarzadə" imzası ilə "Füyuzat"ın 1907-ci il 7 avqust tarixli 24-cü sayında getmişdir. Lakin bu şeir ədəbi mühitdə böyük rezonans doğurmuş və ona müxtəlif nəzirə və təxmislər yazılmışdır. Şeirdə diqqəti çəkən bəzi məqamlar vardır. Bu məqamlardan biri poeziyada mövzu və problematikanın dəyişməsidir. Klassik formadan istifadə etməsinə rəğmən, şair romantik ədəbi cərəyana məxsus bədii təsvir və ifadə vasitələrindən və obrazlardan istifadə etmişdir.

Hərçənd düçari-mühəni-əhli-cəfayiz,
Hərçənd bu əyyamdə pabəndi-bəlayiz,
Ey xar görən bizləri, bizlər nücəbayiz,
Meydani-həmiyyətdə ələmdari-vəfayiz.
Turanlılarız, sahibi-şə'nü şərəfiz biz,
Əslafımızın nayibi xeyrül-xələfiz biz.

Ey zülmi-cəhalət, həzər et göz yaşımızdan,
Dur olmalısan toprağımızdan, daşımızdan,
Bu yolda mədəd bizlərə məsləkdaşımızdan,
Hürriyyət üçün vaz keçəriz can-başımızdan.
Turanlılarız, sahibi-şə'nü şərəfiz biz,
Əslafımızın nayibi, xeyrül-xələfiz biz.
("Füyuzat" jurnalı, 1907 № 24, 7 avqust,  s. 6)

Şeirin bəndlərinin "Turanlılarız, sahibi-şəni şərəfiz biz, Əslafımızın nayibi, xeyrül-xələfiz biz" misraları ilə bitməsi və mövzunun milli fəxarət hissinə həsr olunması poetik dərketmədə yeni bir təmayüldən xəbər verirdi. İndiyədək publisistika və ictimai fikirdə Turan ideyası bu və ya digər şəkildə mövcud olsa da, turançılıq və onunla fəxr edilməsi poeziyada bu şəkildə öz əksini tapmamışdı. Şeirin məhz "Füyuzat"da dərc edilməsi də elə bununla bağlı idi. Turançılıq ideyası ən çox bu dərginin səhifələrində yayılırdı. Filologiya elmləri doktoru Ş.Vəliyev "Füyuzat ədəbi məktəbi" monoqrafiyasında bu barədə yazır: "Əgər "Füyuzat" jurnalının nəşrinə qədər Azərbaycan ədəbi-ictimai fikrində turançılığa xalis əxlaqi dəyər, bədii-estetik keyfiyyət kimi baxılır, o yalnız mifik-kosmopolitik məkanı təsvir etmək üçün əsas götürülürdüsə, füyuzatçıların yaradıcılığında bu ideya həm də siyasi-fəlsəfi notlarla, elmi-nəzəri prinsiplərlə zənginləşdi. Füyuzatçılar Turana mifik bir ölkə, super dövlət kimi deyil, real tarixi coğrafiyası olan bir ərazidə türk xalqlarının  mədəni-mənəvi birliyini yaşadan ideal bir cəmiyyət kimi baxırdılar".
Bu cəhətdən Ə.Cənnətinin "Fəxriyyə"sində ilk dəfə olaraq poetik məkanda özünü turanlı adlandıran toplumun bununla fəxr etməsi təsvir olunur. Buna qədər Ə.Hüseynzadənin "Sizlərsiniz, üy qövmi-macar, bizlərə ixvan" misraları ilə başlayan qitəsi yazılmışsa da, dərc edilməmişdi. Ə.Cənnəti isə "Turanlılarız...", - deyərək bütöv bir qövmi poetik cəhətdən birləşdirmək məqsədilə turanlı olmaqdan şərəf duyduqlarını demək istəyir:

Cür'ət bizə gəhvarədə adət verilibdür,
Məktəbdə bizə dərsi-bəsalət verilibdür,
Ehrazi-zəfər, töhfeyi-himmət verilibdür,
Əvvəlcə bizə müjdeyi-nüsrət verilibdir.
Turanlılarız, sahibi-şə'nü şərəfiz biz,
Əslafımızın nayibi, xeyrül-xələfiz biz.

Övsafi-nəcibə qoyulub tinətimizdə,
Əxlaqi-pəsəndidə əyan sirətimizdə,
Bir mövdiədir feyzi-hünər fitrətimizdə,
Məknuzi-ləali ədəbi-xilqətimizdə.
Turanlılarız, sahibi-şə'nü şərəfiz biz,
Əslafımızın nayibi, xeyrül-xələfiz biz.

Ə.Cənnətinin bu poetik manifestasiyası M.E.Yurdaqul, Z.Göyalp, Ə.Hüseynzadənin ictimai-siyasi Turanı və turançılığı iləüst-üstə düşürdü. Şeirdə türklük, türkçülük və turançılıq duyğuları millətin gələcəyinə yönəlik vətəndaşlıq hisslərini formalaşdırırdı. Cəmiyyətdə hələ sünni-şiə qarşıdurmasının hökm sürdüyü bir zamanda "Turanlılarız..." ideyasının poetik manifestində Turan mədəni-mənəvi birliyi müdafiə edilir:

Ey Cənnəti, biz sidqü səfadən ururuz dəm,
İxvani-səfayız ki, vəfadən ururuz dəm,
"Sanma ki, əbəs feyzi-dəvadən ururuz dəm,
Bu millətə daruyi-şəfadən ururuz dəm".
Turanlılarız, sahibi-şə'nü şərəfiz biz,
Əslafımızın nayibi, xeyrül-xələfiz biz.

Azərbaycanda poetik turançılığın formalaşmasında Ə.Cənnətinin böyük rolu olmuşdur. Təsadüfi deyil ki, satirik şairimiz M.Ə.Sabir şeirdəki bədii xətti və ideyadan istifadə edərək özünün "Fəxriyyə"sini yazır. Əgər 1907-ci il avqustun 7-də Ə.Cənnətinin şeiri çap olunursa, cəmi iyirmi gün sonra avqustun 26-da M.Ə.Sabirin "Fəxriyyə"si "Molla Nəsrəddin" jurnalında dərc edilir. Şair burada şairin ciddi şəkildə irəli sürdüyü "Turanlılarız..." ideyasına satirik planda münasibət bildirərək yazırdı:

Zülmətsevər insanlarız üç-beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan, daşımızdan,
Tarac edərək bac alırız qardaşımızdan,
Çıxmaz, çıxa bilməz də bu adət başımızdan...
Əslafımıza çünki həqiqi xələfiz biz,
Öz qövmümüzün başına əngəl-kələfiz biz!

M.Ə.Sabir Ə.Cənnətinin yazdıqları şərəfli tarixə başqa yöndən baxaraq tarixdə şəxsiyyətlərimizin bir-birinə hücum etməsi, təriqət davasının aparılmasına diqqət çəkir. Lakin əsas məsələ hansı kontekstdə olsa da, turançılıq ideyasının poetik məkanda yenidən gündəmə gəlməsi və bu dəfə romantik manifestin satirik yöndən təsvir edilməsi idi.
XX əsrin əvvəllərində Ə.Cənnətinin yaradıcılığında yeni bir səhifə açılır; bu səhifə yaxın gələcəkdə xalqı gözləyən azadlıq və hürriyyət duyğusu idi. Şair böyük bir uzaqgörənliklə "Cərəs sədasımı, yoxsa fəğani hüriyyət, Yaxınlaşıbmı bizə karivani-hüriyyət?", - deyə sual edirdi. İlk yazdığı "Hüriyyət" şeirində xalqı əsarətdə qalmamağa, özünün azadlığını tələb etməyə səsləyirdi.  Görünür ki, əsrin əvvəllərində baş verən inqilabın təsiri romantik şairin də yaradıcılığını etkiləmiş, xalqı "Rüstəm dastanı"nın yeni bir səhifəsi "hüriyyət dastanı"nı yazmasını istəmişdir.

Duayi-xeyrlə daim cənabına yarız,
Unutmarız səni, ey qədrdani-hürriyyət.
Hə bir dua ilə, bil, canü mal ilə daim,
Səninlə biz də varız canfəşani-hürriyyət.

Cəhənnəmi demək övladu Cənnəti sana gər,
Binanın etməsə daim bəyani-hürriyyət.

("Təkamül" 1907, 3 fevral)

Romantizm ədəbi cərəyanının müraciət etdiyi hürriyyət, azadlıq mövzusuna Ə.Cənnəti bir neçə dəfə müraciət etmiş və şeirlər yazmışdır. "Hüriyyət" adlı onun yaxın tarixlərdə yazdığı bir neçə şeiri vardır. Bu şeirlərdə xalqın çoxdan gözlədiyi azadlıq duyğusu tərənnüm edilir. 

Başında var isə şuri-şərabi-hürriyyət,
Qulaq ver, çala hər kim rübabi-hürriyyət.

Qəsuri-Qeysəri viranədən betər görürəm,
Ümumi-mərdümə açmazsa babi-hürriyyət.

Gözümə kül görünür misli-atəşi-Nəmrud,
Məşamə yetməsə buyi-gülabi-hürriyyət.

Adın mədrəsə qoymaqdan isə, cəhl evi qoy
O məktəbi ki, yox onda kitabi-hürriyyət.

 
Şair hürriyyəti yaxın və doğma hesab edir, onun əldə edilməsi üçün mücadilə verilməsini istəyir. Məlumdur ki, romantiklərin ən çox müraciət etdiyi mövzular hürriyyət, vətən və millət anlayışları olmuşdur ki, hər üç məfhum həm də bir-birinə çox yaxındır. Romantizmşünas alim V.Osmanlı doğru yazır ki: "Bizim romantizmin də, romantik yaradıcıların da mili-ədəbi-tarixi xidməti bu üç anlayışla - "hürriyyət", "millət" və "Vətən" sözlərilə bilavasitə bağlıdır. İyirminci əsrin başlanğıcında məhz romantizm ədəbiyyatı Vətəni, milləti və hürriyyəti-bu ümumxalq problemini zamanın əsas probleminə çevirə bilmişdilər" (Osmanlı V. Azərbaycan romantikləri. B., 1985, s. 8). Doğrudan da, Ə.Cənnətinin yaradıcığından hürriyyət mövzusu qırmızı bir xətlə keçir. O, hürriyyəti yalnız arzulamır, həm də onun artıq qapının ağzında olduğunu, qazanıldığını poetik qətiyyətliliklə bildirir. Hətta bəzən "Könül, ta var əlində sağəri-şarşari hüriyyət, Şərabi eyşi nuş et, ta əlində var hüriyyət", - deyə şair bu azadlığın artıq əldə edildiyi fikrinə gəlib çıxır:

Suvarmış məmləkət gülzarını əhrar qanı ilə
Hökumət bağbanı, ta bitə əzhari-hürriyyət.

Günəş tək kəsbi-şöhrət eyləməzmi, olsa hər kimsə
Nizami-aləm içrə mətlə'i-ənvari-hürriyyət?

Müzəyyən eylər əlhəq səfheyi-tarixi təsviri
O kəs kim, dəhrdə baqi qoyar asari-hürriyyət.

Verir su məmləkət bağinə mərdüm qanlı yaş ilə,
Sola ibrət dirəxti, gər yetirsə  bari-hürriyyət.

Cəvanlar almağa hürriyəti can ilə talibdir,
Məşayix bəs nə yüzdən eyləməz əfkari-hürriyyət!?

"Hürriyyətə xitab" tərkib bəndində isə şair onu xitabla tərənnüm edir, "qamətində gizli qiyamət əlaməti", "Zahir yüzündə rövzeyi-cənnət əlaməti", "Qürbündə aşkar səadət əlaməti", - deyə vəsf edir, onsuz cahanın heç nə olduğuna diqqət çəkir. Hürriyyət onun üçün hər şeydir:

Hürriyyət olmasa, nədü məclis, nədir büsat?
Hürriyyət olmasa, hanı işrət, hanı nişat?

Ey tifli-sadədil, sənə layiqmidir qimat?
Ey şirxarə ağzına cari olur müxat.

Yox qüvvətin qəmatini çak etməyə sənin,
Yox qüdrətin dimağinı pak etməyə sənin.

Ə.Cənnətinin "Əziz dostum Müznib cənablarına", "Mənsur cənablarına nəzirə deyil, cavabdır", "İntibah", "Torpaq", "Hilal imiş", "Vətən təranəsi" və s. şeirlərində romantiklərin vətən və millət problematikası əks etdirilir. "Vətən təranəsi" şeirində digər romantiklər kimi vətəni tərənnüm edir, onu düşməndən qorumağı, yolunda "xəncər kimi" durmağı tövsiyə edir. Vətən şair üçün hər şeydir - hər şeydən əvvəl, namusdur, ona görə də onu göz bəbəyi kimi qorumaq lazımdır:

Namusi-vətən hifzi üçün bəzl edəlim can,
Ta vizrü vəbali götürək gərdənimizdən.

Can ilə, dil ilə, pul ilə, həm qələm ilə,
Bu yolda dəriğ etməyəlim hər fənimizdən.

Ə.Cənnəti yaradıcılığı romantik poeziyanı zənginləşdirmək və ona yeni çalarlar gətirmək baxımından bədii dəyərini qoruyub saxlayır.

 

 





05.07.2019    çap et  çap et