525.Az

İqbal Ağazadə: ”İlham Əliyevə uğur arzulayıram”


 

İqbal Ağazadə: ”İlham Əliyevə uğur arzulayıram” <b style="color:red"></b>

Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadənin APA-ya müsahibəsi

- İqbal bəy, artıq Mərkəzi Seçki Komissiyası seçkinin ilkin nəticələrini elan edib. Nəticələrə münasibətiniz necədir?
 
- Bizim baxışlarımız barış və dialoqdur. Çox təəssüflər olsun ki, Azərbaycanın siyasi partiyaları çox zaman seçkinin nəticələrini tanıyıb-tanımamaq dilemması üzərində uzun müddətə fokslaşırlar. Bəzən bu mübahisə növbəti seçkiyə qədər uzanır. Bu müddətdə də müxalifət əldə etdiklərinin hamısını itirir. Məsələn, 2010-cu ildə böyük bir kəsim parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı prosesə başladı və gəldi elə yerə çatdı ki, prezident seçkiləri artıq qapını döyür. Çox qısa zamanda da prezident seçkilərinə hazırlığa başladılar. Seçkinin nəticələrini tanıyıb-tanımamağa qalanda isə onu demək kifayətdir ki, ortada Mərkəzi Seçki Komissiyasının rəsmi nəticəsi var. MSK-nın da elan etdiyi nəticəyə də nə mən, nə beynəlxalq təşkilatlar, nə də Avropa Məhkəməsi belə qarışa bilməz. Yalnız BMT-yə müraciət oluna bilər. Bizim üçün dünən dünəndir. Seçki bitib və biz artıq yeni seçkiyə - növbəti ilki bələdiyyə seçkilərinə hazırlaşırıq. Yolumuza davam edirik. Bütün siyasi partiyaları da barış və dialoqa, bundan sonrakı seçkilərə hazırlığa dəvət edirik. Hesab edirik ki, hakimiyyətin də bütün siyasi qüvvələri bu istiqamətdə hər şeyə yanaşmağı bacarmalıdır. Azərbaycanın gələcəyi üçün hamı əl-ələ verib, ən azı buraxılan qüsurları düzəltməlidir. Tərəfdarlarımı 9 oktyabr seçkinin nəticələri ilə bağlı mübarizəyə yox, 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərinə, 2015 – ci ildə keçiriləcək parlament seçkilərinə hazırlaşmağa çağırıram.
 
- Qalib namizədlə bağlı nə deyə bilərsiniz, nə arzulayırsınız?
 
- Biz seçki prosesində hansı mesajlar mümkün idi verdik, nə lazım idi cəmiyyətə çatdırdıq. Bəs nə arzulayırıq? Ortada bir nəticə var və biz də nəticələri dəyişmək istiqamətində xalqa, nə də beynəlxalq aləmə çağırış etmirik. Konkret olaraq İlham Əliyevə isə Azərbaycan problemlərinin həlli, barış və dialoqun yaranması, Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycanda yeni siyasi müstəvinin yaranması istiqamətində uğurlar arzulayırıq. Hesab edirəm ki, biz bu mövqeyi sərgilədiyimiz kimi hakimiyyət də barış və dialoq mövqeyini sərgiləməli, tərəflərini hamısına əl uzatmağı bacarmalıdır. Çalışmamalıyıq ki, birimizin yanaşmamızla münasibətlər fərqli şəkildə çözülsün. Bizim üzərimizə nə düşəcəksə, onu edəcəyik, hakimiyyət də bizim xidmətimizə ehtiyac duyacaqsa, dəstək verəcəyik. Bütün bu istiqamətlərdə hakimiyyətə uğurlar, hakimiyyətdəkilərə can sağlığı arzulayırıq. Dediyimiz problemlərin həllini gözləyirik.
 
- “Demokratik Qüvvələrin Milli Şurası”nda birləşən müxalifət seçkilərin nəticəsini legitim saymır və mübarizəni sona qədər davam etdirməyə qərar verib. Sizin bu barədə fikirləriniz necədir?
 
- Mən Milli Şuraya məsləhət vermək istəməsəm də, dostlarımıza bir dostyana fikrimizi bildirmək istəyirəm. 2010-cu ildə Milli Məclisə seçkilərdən sonra 3 ilə yaxın bir müddət seçkilərin nəticələri ilə bağlı mübarizəyə həsr olundu. Enerjilər sərf olundu. Halbuki seçkilərdən sonra biz dedik ki, gəlin bu mərhələni bitirin, yenisinə keçin. Dedik bircə dəfə üzvlərimizə səslənək ki, bura qədər nə olubsa oldu. Gəlin növbəti seçkiyə hazırlaşaq. Bu gün də eyni formada səslənirəm. Məsələni burada bağlamaq lazımdır. Çünki indiyə qədərki enerjini və bundan sonrakı enerjini bu istiqamətdə sərf edib insanları xəyal qırıqlığına uğratmaq, nəticəsizliyə gəlməyin heç bir mənası yoxdur.

 





10.10.2013    çap et  çap et