525.Az

Baş hidroloq: "İyul-avqust aylarında sel və daşqınlar istisna olunmur"


 

Baş hidroloq: "İyul-avqust aylarında sel və daşqınlar istisna olunmur"<b style="color:red"></b>

“Azərbaycanda əsasən Böyük Qafqazın cənub yamacı və Naxçıvan Muxtar Respublikasının dağlıq əraziləri sel təhlükəli ərazilərdir”.

Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. O bildirib ki, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Kiçik Qafqaz, Quba-Xaçmaz bölgəsinin ərazilərindəki çaylarda da tarixi sellər müşahidə olunur.

A.Verdiyevin sözlərinə görə, son illərdə daşqın və sel hadisələrində artım tendensiyası müşahidə olunur: “Əsasən Böyük Qafqaz ərazisindəki çaylarda daşqınlar daha çox olur”.
 
Baş hidroluq bildirib ki, yay aylarında çaylarda sululuq azalır: “İyun, iyul və avqust ayları, xüsusən də iyul və avqustda yağıntılar az düşür, hava şəraiti isti keçir. Çaylarda buxarlanma artır, bunun nəticəsində çaylarda sululuq azalır. Bu ilin aprel-may aylarında yağıntılar nisbətən çox olsa da, iyunda sululuq normadan az olub. Buna baxmayaraq, sel və daşqınların ən çox müşahidə olunduğu aylar iyul-avqust aylarıdır. Çünki uzun müddət istilər, quraqlıq olur, çayın hövzəsinə yağan leysan yağışlar nəticəsində sel hadisəsi müşahidə edilir”.

A.Verdiyev qeyd edib ki, son illərdə ən güclü  sel 2016-cı ilin iyulun 2-dən 3-nə keçən gecə müşahidə olunub.

Onun sözlərinə görə, iyul-avqust aylarının ayrı-ayrı günlərində çay hövzəsinə leysan yağışlar yağarsa, sel hadisəsi istisna olunmur: “Qeyd edim ki, yaxın 3 gündə respublikanın şimal və qərb rayonlarında yağış yağacaq. Leysan xarakterli yağışların gözlənilməsi ilə əlaqədar dağ çaylarında, xüsusən də Böyük və Kiçik Qafqazın çaylarında qısa müddətli sel və daşqınlar istisna olunmur”.

 





05.07.2019    çap et  çap et