525.Az

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimləri davam edir


 

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimləri davam edir<b style="color:red"></b>

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq həqiqi hərbi xidmətə çağırış davam edir.

Təntənə ili keçirilən yolasalma mərasimlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli strukturlarının şəxsi heyəti, rayonların icra hakimiyyətinin, idarə və təşkilatların, eləcə də hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil işçiləri, ziyalılar, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, valideynlər, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri, mədəniyyət və incəsənət adamları iştirak edirlər.

İyulun 5-də Zərdab rayonunda keçirilən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin tarixi xidmətlərindən və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərb quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan söz açıb.

SHXÇDX-nin Zərdab rayon bölməsinin rəisi, polkovnik-leytenant Asif Əhədov hərbi xidmətə yola düşmələri münasibətilə gəncləri təbrik edib. Qeyd edib ki, Azərbaycan əsgərinin döyüş qabiliyyəti, vətənpərvərlik ruhu çox yüksəkdir. Bu gün zərdablı gənclərin də həyatında əlamətdar gündür. Onlar həqiqi hərbi xidmətə yola düşürlər. O, çağırışçılara nümunəvi xidməti etməyi, Azərbaycan əsgəri adını şərəflə daşımağı arzulayıb.

Silahlı Qüvvələrdən ehtiyata buraxılmış İbrahim Neman oğlunun çıxışı mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb. O, əsgər kimi hərbi xidmət zamanı qazandığı təcrübəni çağırışçılarla bölüşərək onlara dəyanətli, əzmkar olmalarını, komandirlərin əmr və tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmələrini, hərbi sirlərini mükəmməl öyrənməyi tövsiyə edib. Ehtiyata buraxılsa da hər an Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşə hazır olduğunu bildirib.

Tədbirdə çıxış edən müharibə veteranları və valideynlər Vətəni qorumaq kimi müqəddəs bir borcun yerinə yetirilməsində gənclərə uğurlar diləyib, onların nümunəvi hərbi xidmət keçəcəklərinə dərin inam ifadə ediblər.

Yardımlı rayonunda keçirilən mərasimdə isə rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov  bütün istiqamətlərdə inkişaf edən respublikamızın ordu quruculuğunda qazanılmış nailiyyətlərdən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hərbi sahəyə diqqət və qayğısından danışıb, çağırışçılara hərbi xidməti şərəflə başa vurmaqlarını arzulayıb.

SHXÇDX-nin Yardımlı rayon bölməsinin rəisi, polkovnik-leytenant Rusif Babayev xalqımızın Azərbaycan əsgərinin gücünə inandığını bildirib. Müddətli həqiqi hərbi xidmətə yola düşən gənclərə Vətən qarşısında müqəddəs borclarını layiqincə yerinə yetirməyi arzulayıb. Gənclərə hərbi xidmətdə nizam-intizamlı olmağı tövsiyə edib.

Valideynlər adından çıxış edən Əli İsgəndərov övladının hərbi xidmətə yola düşdüyünə görə qürur duyduğunu söyləyib. Silahlı Qüvvələrimizin qüdrəti ilə fəxr etdiyini deyib, bu gün xidmətə yola düşən çağırışçıların da  Azərbaycan əsgəri adını uca tutacaqlarına dərin inamını ifadə edib.

Tədbirdə iştirak edən ziyalılar, müharibə veteranları və ağsaqqallar vurğulayıblar ki, hərbi xidmətə yola düşən çağırışçılar Vətən və xalqımız qarşısında xidməti borclarını şərəflə yerinə yetirməli və torpaqlarımızın azad edilməsi naminə döyüşə hər an hazır olmalıdırlar. Bunun üçün hərbi sirlərə yiyələnməli, mətin və mübariz olmalıdırlar. Çünki hər bir azərbaycanlı Silahlı Qüvvələrimizin gücünə, qüdrətinə güvənir və əmindir ki, tezliklə Azərbaycan bayrağı Xankəndində, Şuşada və işğal altındakı digər tarixi torpaqlarımızda dalğalanacaq.

 

 





05.07.2019    çap et  çap et