525.Az

Türkiyənin qlobal nüfuzu növbəti dəfə təsdiqləndi


 

QARDAŞ ÖLKƏ İQTİSADİ GÜCÜ, DEMOKRATİK ƏNƏNƏLƏRİ VƏ SİYASİ İSLAHATLARI İLƏ DÜNYA ÖLKƏLƏRİ ÜÇÜN STRATEJİ TƏRƏFDAŞDIR

Türkiyənin qlobal nüfuzu növbəti dəfə təsdiqləndi<b style="color:red"></b>

Yaponiyanın Osaka şəhərində keçirilmiş G-20 ölkələrinin Zirvə Sammiti olduqca mühüm siyasi və iqtisadi hadisələrlə yadda qaldı. Türkiyə Prezidenti Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi sammitdə dünya liderlərinin verdiyi olduqca mühüm iqtisadi və siyasi mesajlar son günlərin əsas aktual mövzusu kimi medianın diqqətindədir. Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlər isə həm geosiyasi, həm də iqtisadi baxımdan böyük maraq doğurdu.

Ərdoğan dünyada baş verən gərginliklər fonunda Zirvə görüşünün keçirilməsinin önəmini qeyd edərək aparılan açıq dialoqun, geniş səmərəli müzakirələrin bütün dünyada sülhə, təhlükəsizliyə, iqtisadi, siyasi, mədəni və digər sahələrdə əməkdaşlığa töhfə verdiyini söyləməklə yanaşı, yaşanan son ağrılı məsələlərə də geniş yer verdi.

Türkiyə Prezidenti son illər müsəlmanların yaşadıqları bölgələrdə baş verən münaqişələrin, terrorizmin, təbii fəlakətlərin ciddi fəsadlarla nəticələndiyinə diqqət çəkərək qlobal ədalətsizliyin azalmaq əvəzinə, daha da artmasıydan təəssüfləndiyini bildirdi. Dünyada İslamla terrorizmin əlaqələndirilməsi cəhdlərinin, islamofobiyanın və ksenofobiyanın artmasından narahatlığını ifadə edərək beynəlxalq birliyi sülhün, rifahın, təhlükəsizliyin bölgənin və bütövlükdə dünyanın xoşbəxt gələcəyi üçün önəmli addımlar atılmasına çağırdı.

Terrorun, müharibənin, ədalətsizliyin olmadığı bir dünyada yaşamaq üçün əməkdaşlığın vacibliyinə toxunan Ərdoğan dünya birliyini bu cür təhdidlərə qarşı qətiyyətli addımlar atmağa dəvət etdi. Regionda sabitliyin möhkəmlənməsində xüsusilə də ABŞ-ın roluna toxundu. Zirvə görüşündə ən mühüm məqamlardan biri təbii ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Trampın görüşü idi. Bütün siyasi institutların, beynəlxalq medianın diqqətində iki liderin verəcəyi mesajlar dayanmışdı. Son aylarda iki ölkə arasında münasibətlərdə soyuqluğun artması, Türkiyənin siyasi, maliyyə və iqtisadi sektorlarında baş verən proseslərdə ABŞ-ın spekulyativ oyunlarının təsiri, Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi barədə bəyanatlar və digər amillər fonunda Ərdoğan və Trampın hansı münasibət sərgiləyəcəyi sammitə toplaşanların və tədbiri izləyən milyonlarla ictimai qüvvənin səbirsizliklə gözlədiyi məqamlar idi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın olduqca təmkinli və nikbin davranışı, Trampla görüşdə öz dövlətinin qüdrətini təcəssüm edən əzmkar duruşu Osakada çoxlarını pərt vəziyyətdə qoydu. Ərdoğanın Trampın son aylarda verdiyi bəyanatlardan sonra geri çəkiləcəyini düşünənlər və vəziyyətin gərgin aurada davam etməsini arzulayanlar bunun tərsini gördülər. Türkiyə Prezidenti qətiyyəti, güclü və xarizmatik lider obrazı və siyasi qətiyyəti ilə dünyaya tək qütbdən baxan ABŞ-ın bu ölkə ilə təzyiq və iltimatium dilində danışmağa və Türkiyənin daxili işlərinə qarışmağa haqqının olmadığını nümayiş etdirdi.

ABŞ prezidenti Donald Trampla görüşün müsbət ab-havada keçdiyini deyən Ərdoğan S-400 və F-35 məsələsinin müzakirə olunduğunu bildirdi. Rusiyadan S-400 zenit-raket kompleksi aldıqlarına görə Türkiyənin ABŞ tərəfindən heç bir sanksiyaya məruz qalmayacağını, sanksiyaların tətbiqinin mümkünsüz olacağını bəyan etdi: “Sanksiyalar məsələsinə cənab Tramp aydınlıq gətirdi, heç bir sanksiyanın olmayacağını dedi. Biz Amerika ilə strateji tərəfdaşıq. Biz regionun təhlükəsizliyi ilə bağlı birlikdə çalışmağa davam edəcəyik: "İki ölkə olaraq daha əvvəl planlaşdırdığımız 75 milyard dollarlıq ümumi ticarət dövriyyəsinə nail olmağa çalışacağıq. Cənab Tramp bu il ərzində Türkiyəyə səfər edəcək".

Türkiyənin siyasi lideri Zirvə görüşündə dünya liderləri qarçısında açıq-aşkar bəyan etdi ki, onun ölkəsi Qərbin siyasi oyunlarında vasitə olmayacaq. Türkiyənin milli maraqları hər şeydən öndədir. Türkiyə artıq qlobal güclər arasında özünün layiqli yerini tutmağa başlayıb, dünya gücləri Ankara ilə danışarkən siyasətlərinə diqqət yetirməlidir. Eyni zamanda, Türkiyə  digər ölkələrlə starteji müttəfiqliyi qurarkən ABŞ-la razılaşdırmaq öhdəliyi götürməyib, Rusiya və İranla Vaşinqtonun problemlərinin də Türkiyəyə aidiyyatı yoxdur. Rəsmi Ankara tərəf tutmaq siyasəti ilə vidalaşıb, balanslı və tarazlı siyasət yürüdür.

Ərdoğanın bu mesajları qarşısında Donald Tramp da Türkiyənin qlobal nüfuzu və mövqeyi ilə razılaşdığını etiraf edib. Bildirib ki, Türkiyə ABŞ-ın strateji müttəfiqidir və raket məsələsi ilə bağlı problemlərin yaranması əslində keçmiş prezident Barak Obama vaxtında yaranıb. Türkiyə hökuməti ABŞ-dan "Patriot" raket sistemlərini almaq istəsə də, Obama hökuməti onun satışına icazə verməyib. Ona görə də Türkiyə Rusiyadan "S-400" raket sistemləri almağa məcbur oldu. Tramp qeyd edib ki, Ərdoğan dostum, yaxşı əlaqələrim olan bir liderdir. O, ABŞ-la Türkiyə arasında ticarət dövriyyəsinin həcminin 75 milyard dollar olduğunu və bu rəqəmi 100 milyard dollara çatdırmağın vacibliyini vurğulayıb.

Zirvə görüşünü şərh edən nüfuzlu siyasətçilər hesab edirlər ki, ABŞ-Türkiyə münasibətlərinin normallaşması bölgədə sabitlik, təhlükəsizlik, antiterror fəaliyyəti və iqtisadi inkişafa müsbət təsir edə bilər. Çünki Türkiyə demokratik prinsiplərlə idarə edilməklə yanaşı, həm də müsəlman dövlətidir. Ona görə də ehtimal etmək olar ki, ABŞ Türkiyənin bu üstünlüyünü perspektivdə yürüdəcəyi siyasətdə yenə nəzərə alacaq.

İyulun sonunda Donald Trampın ehtimal edilən səfərinin reallaşacağını isə tərəflər arasında buzların əriməsi kimi qiymətləndirmək mümkündür. Yeri gəlmişkən, G-20 ölkələrinin Zirvə görüşü çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan Yaponiyaya səfəri də mühüm siyasi hadisə kimi əlamətdar oldu. Asiya və dünya iqtisadiyyatının nəhəngərindən olan Yaponiya ilə siyasi və iqtisadi münasibətlərin strateji nöqtəyə çatması Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasında son illər intensivləşən münasibətlər bütün sahələrdə dinamikliyi artırıb. 2019-cu ilin Yaponiyada "Türk Mədəniyyəti ili" elan edilməsi isə strateji tərəfdaşlığını yaxşı bir nümunəsi kimi region üçün örnək oldu.

Ərdoğanın bəyan etdiyi kimi, uzun Türkiyə bölgənin ən etibarlı ölkələrdən birinə çevrilib, əlverişli sərmayə iqlimi yapon şirkətlərinin bu ölkədəki investisiyalarını şaxələndirmək üçün yaxşı imkanlar açır. Ölkədə fəaliyyət göstərən 200-dən çox yapon şirkəti son 10 ildə təxminən 3 milyard dollar sərmayə qoysa da,  bu, qanedici sayıla bilməz. Yapon şirkətləri Türkiyədə meqalayihələrin həyata keçirilməsində fəallıqlarını daha da artırmalıdır. Bu məqsədlə 2019-cu ildə tərəflər iqtisadi tərəfdaşlıq müqaviləsi imzalamağı, gömrük rüsumlarını qarşılıqlı şəkildə aradan götürməyi planlaşdırır. Türkiyənin yüngül sənaye və kənd təsərrüfatı məhsulları Yaponiya bazarları üçün rəqabətdə xüsusi yer tutur. Ona görə də, bu sahədə tariflərin liberallaşdırılması məqsəduyğun hesab edilir.

Türkiyə bu gün həm qlobal miqyasda, həm də daxili məkanda öz iqtisadi gücü, demokratik ənənələri və siyasi islahatları ilə dünya ölkələri üçün strateji tərəfdaşdır. Ölkə demokratik prinsipləri ali hesab edərək, həm Qərblə, həm də Şərqlə dərin inteqrasiyanı möhkəmləndirir. 23 iyun İstanbul bələdiyyə seçkiləri bir daha təsdiqlədi ki, Türkiyədə demokratik seçkilər ənənəsi dayanıqlıdır. Bu ölkə demokratiya, söz və seçki azadlığı kimi fundamental prinsiplərə sadiqdir, prinsipialdır.

Prezident cənab Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, millətin iradəsi hər şeydən üstündür, ədalətin qorunması demokratik sistemin təməl prinsiplərindən biridir. Türkiyə ötən illərdə və 23 iyunda keçirilmiş seçki qətiyyəti ilə bəzi Avropa dövlətlərindən daha demokratik iradə nümayiş etdirdiyini, çoxlarına nümunə olduğunu təsdiqlədi. Bəli, Türkiyə sahib olduğu demokratiya mədəniyyəti, hüquqi dövlətçilik ənənələri və təcrübəsi ilə çoxlarına demokratiya dərsi keçməyə qadir güclü dövlətdir.

 

 

 

.

 





05.07.2019    çap et  çap et