525.Az

Soyadı "qəbiristanlıq" olan filosof - Sorn Kyerkeqor


 

Soyadı "qəbiristanlıq" olan filosof - <b style="color:red">Sorn Kyerkeqor </b>

İnsanın yaşadıqları və onlardan qazandığı təcrübə onun fərd kimi formalaşmasında, öz azadlığını tapmasında əsas şərtlərdən biridir.
 
Uşaqlığımızda və gəncliyimizdə yaşadıqlarımız isə bu prosesdə böyük rol oynayır. Əvvəlki yazılarda qeyd etdiyim kimi, ekzistensializmin mahiyyətini təşkil edən də elə bu prosesin özüdür. Buna bir növ aldığımız psixoloji travmalarda deyə bilərik. Məsələn, məni neçə ildir ekzistensializmi araşdırmağa vadar edən hansı yaşantımdır, niyə varolmaq fəlsəfəsini bu qədər iştahla öyrənirəm? Bəlkə də bu, mənim uşaqkən yaşıdlarım tərəfindən kənarlaşdırılmağımdan, çox oxuduğum üçün lağlağı obyekti olmağımdan qaynaqlanır. Onlarla aramdakı fərqi tapmaq, öz bildiyim yoldan varolmaqdır bəlkə də bu yazıları yazdıran. Bu fəlsəfi cərəyanın banisi hesab edilən Sorn Kyerkeqorun həyatına baxdıqda da insanın yaşadıqlarının onun azad varlıq kimi yetişməsində oynadığı rolu daha aydın şəkildə anlamaq olur.

1813-cü ildə Kopenhagəndə doğulan Kyerkeqorun uşaqlığı və gəncliyi Danimarkanın böhran yaşadığı illərə təsadüf edir. Belə ki, tarixə "Napolen savaşları" (1803-1815) adı ilə düşmüş müharibədə Britaniya Kral Donanmasının Kopenhageni bombalaması və bunun ardından ölkəni bürüyən iqtisadi böhran bütün danimarkalılar kimi onun da həyatında öz izlərini buraxmışdı. İnsanlar müharibənin gətirdiyi aclıq və səfalət içərisində boğuşarkən bir tərəfdən də bilmədən öz kimliklərindən, mövcudluqlarından sıyrılır, var olduqlarını unudurdular. Heç kim həyatına sirayət etmiş böhrandan qurtuluşun yollarını axtararkən nələr itirdiyinin fərqində deyildi. Keşişlər insanlara hər şeyin tanrının əlində olduğunu, ona sığınmalı, ondan imdad diləməli olduqlarını deyirdi. Sorn Kyerkeqor isə bu məsələdə başqa cür düşünürdü. Onun fikrincə, keşişlər insanları böhranın içinə çəkir, onların yox olmasını daha da sürətləndirirdi. Özü xristian olsa da, Danimarka kilsəsini, onun tutduğu yolu bəyənmirdi. Kyerkeqor tez-tez deyirdi ki, kilsənin işi mahnı oxumaq olmamalıdı. Tanrı sevgisi bu cür göstərilə bilməz. Bu, insanın özünə məxsus prosesdir və fərd tanrıya gedən yolu özü tapmalıdır. Hətta bəzən daha irəli gedir, Danimarka kilsəsini xristian olmamaqda ittiham edirdi.

Özü xristian olmasına baxmayaraq, dinə qarşı tutduğu bu mövqeyin bir səbəbi vardı: Qatı dindar ailədə böyüməsi, dini təhsil alması və bütün bunların əslində, din olmadığını anlaması. Amma bir nüansı da unutmaq olmaz ki, dini mühitdə böyüməsinə və təhsil almasına baxmayaraq, Kyerkeqor incəsənətə marağı olan, həyatını avaralıqla keçirən biri olmuşdu. Ancaq iyirmi beş yaşında özünün "İnanc sıçraması" adlandırdığı prosesdən keçərək həyatının qalan hissəsini xristian kimi yaşadı. Lakin bu dindarlığın başqalarından fərqlənən bir tərəfi var idi: Öz yolu ilə tanrıya çatmaq istəyi, hamılıqla mühakimə edilmədən qəbul edilmiş bəzi dini əhvalatlara başqa bucaq altında baxılması və şərh edilməsi. İbrahimin oğlu İsakı (İslamda İsmayıl) qurban etməsi əhvalatına baxışı kimi.

O, İsakın qurban edilməsi məsələsinə bir çox insandan (xüsusən də dindarlardan) fərqli yanaşırdı. Kyerkeqorun yanaşmasında istehza dərhal hiss edilir. "Qorxu və titrəmə" əsərində məsələ ilə bağlı yazdığı şərhləri oxuduqca yazı masası arxasında oturmuş Kyerkeqorun dodaqlarındakı istehzalı gülüşü görmək olur. İnsanlar düşünür ki, İsak əhvalatından çıxan nəticə budur ki, "Tanrının dediklərinə olduğu kimi əməl et, imanlı ol və hər şey yaxşı olacaq".

S.Kyerkeqor isə məsələnin bu qədər sadə olmadığını, bunun bir alt qata sahib olduğunu vurğulayırdı. İbrahim oğlunu qurban etməyi əmr edən tanrıya inana bilərdi, amma unutmaq olmaz ki, o, bir insan idi və düşünmə qabiliyyəti vardı. O, evindən oğlunu qurban edəcəyi dağa qədər olan üç günlük səfər ərzində mütləq "Oğlunu qurban etməlisən!" deyən səsin sahibi haqqında düşünməli idi: Həqiqətənmi o səsin sahibi vardı, yoxsa bu, sadəcə qarabasma idi. "Qorxu və titrəmə" bu düşüncələri özündə ehtiva edən fikirlərdən ibarətdir və Kyerkeqorun filosof ünvanına yüksəlməsində böyük əhəmiyyətə sahibdir.

İbrahimin eşitdiyi səsə inanması, iman gətirməsi, öz canından, qanından olan övladını qurban etməyə razı olması həm də onun azad fərd kimi qərar verməsinə işarədir deyir filosof.

Çünki onun üçün tanrının varlığına inanmaq insanın bəlkə də həyatı boyu verdiyi ən vacib qərarlardan biridir. Tanrıya inanmaq sadə məsələ deyil, hətta bəzən bunun üçün zülmətin içindən keçmək lazımdır: İnsan o zaman işığın böyüklüyünü, əvəzedilməzliyini anlayır. Fərdin qərar vermək məsələsinə Kyerkeqor "Ya, ya da" əsərində toxunur.

Əvvəlcə qeyd edim ki, bu əsərin maraqlı tarixi var. Sorn Kyerkeqor evlənmə ərəfəsində olarkən ani bir qərarla nişanı atır. Nişanlısı Regine Olsen bir neçə dəfə barışmağı təklif etsə də, o, sevgilisinin bütün cəhdlərinə qarşı çıxır. Bu qərarı vermək onun üçün elə də asan olmamışdı. Günlərlə otağına qapanmış, ağlamışdı. Özünü toparlamağı zaman alsa da, bunu bacarmış və bundan sonra yazılarının əksəriyyətində insanın necə yaşamalı olduğu və doğru qərarın necə veriləcəyi problemlərinə toxunmuşdu. Uğursuz sevginin səbəb olduğu "Ya, ya da" əsəri iki hissədən ibarətdir.

Birinci hissədə qəhrəman hər şeydən zövq almağı bacaran, yeni həzlər axtaran və bir gənc xanımı toruna salmaq istəyən biridir. Onun maraq dairəsi opera və incəsənətdir. Birinci hissənin qəhrəmanının maraq dairəsi və gənc xanımla olan münasibəti bu obrazın Kyerkeqorun özü olması fikrini doğrulayır.

İkinci hissə isə birinci ilə müqayisədə olduqca darıxdırıcı dillə və uzun-uzadı şəkildə sanki bir hakim tərəfindən yazılmışdır. Əxlaq prinsiplərindən çıxış edən hakim obrazı birinci hissədəki həyata tam qarşıdır. Bu obrazı tanrı da adlandıra bilərik.

Bu əsərin əsas qayəsi insanın iki seçim qarşısında olduğu və bunlardan birini seçməyə qərar verməli olmasıdır: Ya səfa içində yaşayacaq, ya da ümumiləşmiş əxlaqi qaydalara əməl edəcək. Daha aydın dillə desəm, bu kitabda estetik həyatı təmsil edən Epikürçülüklə, əxlaqi prinsiplərdən çıxış edən Stoaçılığın müqayisəsi verilmişdir. Hansına qərar verəcəyi insanın öz seçimidir.

"Ya, ya da" əsərindən çıxış edərək İsakın qurban edilməsi məsələsinə qayıdaq. Kyerkeqor düşünürdü ki, İbrahim oğlunu öldürsəydi, bu, əxlaqi cəhətdən səhv addım olardı. Çünki o, atalıq vəzifəsinin (övladını qorumaq, böyütmək) əksini edərdi. Tanrı isə ondan bu əxlaq prinsipin əksinə getməsini istəyirdi ki, İbrahim də buna razı olur. Onun bu hərəkəti dində iman etməyin əsası hesab edilir və dinlə təzə-təzə maraqlanan insanlara danışılır. Bir anlıq düşünək ki, İbrahimin eşitdiyi səsin sahibi yoxdur və o, sadəcə hallüsinasiya görüb. Sonda olacaqları təsəvvür etmək dəhşətlidir. Bir tərəfdən də əgər İbrahim ucundan-qulağından eşitsəydi ki, tanrı sonda qərarını dəyişdirəcək, bu, onun üçün daha asan olardı. Amma bu situasiyada oğlunu qurban etməyə qərar verməyəcəkdi. Sonunu bildiyi üçün bu ona görə teatr tamaşasını xatırladacaqdı. Bunu bilmədən verdiyi qərar isə onun birbaşa tanrıya olan inam və imanına bağlı idi. Əlindəki iti bıçaq günəşin şüasından parıldayanda onun ürəyi oğlunu öldürəcəyinə tamamilə inanırdı. Dini mətnlər də elə bu hissəni xüsusi olaraq vurğulayır və ballandıra-ballandıra nəql edir. İbrahim də inancına sığınmış və tanrısına güvənmişdi. Burada məntiq və ya ağıllı qərar verməni axtara, İbrahimi mühakimə edə bilmərik. Çünki onun sığındığı inancın əsas prinsipi riskdir və o, ağıla boyun əymir. İbrahimin doğru qərar verib, vermədiyini və qərarında nə qədər haqlı olduğunu dərk etmək üçün onun yerində olmalıyıq.

Bütün bu düşüncələr, özünün dili ilə desək, tanrıya olan yalın inanc Sorn Kyerkeqorun yaşadığı böhranların nəticəsidir. O, bu böhranlardan çox şey əldə etmişdi və bu yaşadıqları, qazandığı təcrübələr Kyerkeqoru ümumi sistemləşməsini aparmasa da, ekzistensializmin banisi etdi. Onun fəlsəfəsinin təməlini isə insanın qazandığı təcrübənin üç mərhələdən ibarət olduğu fikri əmələ gətirir: 

Estetik mərhələ

Bu mərhələdə fərd heç nədən doymur. Hər şeydən həzz almağa çalışır və bunun üçün əlindən gələni edir. Kyerkeqor bunu belə izah edirdi: İnsan yaşadığı yerdən bezərək kəndə, ordan da bezərək yenidən şəhərə qayıdır. Bir gün ölkəsindən bezir, xaricə səyahət edir, zamanla getdiyi hər yerdə darıxmağa başlayır və səyahətləri çoxalmağa başlayır. Bu, beləcə davam edir və insan bir gün başa düşür ki, özünü ancaq öz içində tapa bilər. Bu an isə etik mərhələyə istiqamətlənir. 

Etik mərhələ 

Bu mərhələdəki fərd sərhədləri olduğunu qəbul edir və qaydalara uyğunlaşır. Birinci mərhələdəki insan aclıq, susuzluq və seksual çağrışımlar anında öz instinktləri qarşısında diz çökür. Etik mərhələnin insanı isə təslim olmur. Bu mərhələdə fərd əxlaqın əmrləri ilə (missiyalarla) doyur. Bu mərhələnin insanının həyatı mərkəzləşir. Soktarın "Özünü bil" ifadəsi burada "Özünü seç" ilə əvəzlənir.  

Dini mərhələ 

Bu mərhələnin əsas səciyyəvi xüsusiyyəti özünü tanrıya həsr etməkdi. Bu isə Kyerkeqorun üzərində tez-tez dayandığı "hər fərdin tanrıya gedən öz yolu var" fikri ilə mümkün olur. Bu mərhələ insanın tanrı ilə əlaqə yaratması üçün onun qarşısındakı əngəlləri aradan qaldırır və insana tanrıya dair ilk təcrübəni yaşadır. Dini mərhələ digər iki mərhələnin zirvəsi hesab edilir.

Hər zaman özünü dini missioner adlandıran və insanları xristianlığın əsas mahiyyətinə istiqamətləndirməyə çalışan Sorn Kyerkeqor, böhrana düşmüş insanlardan fərqli olaraq bu vəziyyəti öz lehinə çevirə bilmiş, ondan nəticələr çıxararaq özünə dönməklə Danimarka dilində "qəbiristanlıq" mənası verən soyadının əksinə olaraq mənəvi məzarlıqdan çıxmış və başqalarını da çıxarmağa çalışmışdı.

Yazdıqları həm sağlığında, həm də ölümündən uzun müddət sonra da tam dərk edilməyən Sorn Kyerkeqor, Jan-Pol Sartrın ekzistensializmə yönəlməsi ilə birlikdə məşhurlaşdı.

 





06.07.2019    çap et  çap et