525.Az

"Türkologiya"nın yeni sayı


 

"Türkologiya"nın yeni sayı <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu "Türkologiya" jurnalının 2-ci sayı (2019) çapdan çıxıb.

Jurnalın məsul katibi, Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov bildirib ki, "Türkologiya"nın bu sayına Azərbaycan, rus və türk dillərində Azərbaycan, Türkiyə, Albaniya, Rusiya, Fələstin, Yaponiya və Çin türkoloqlarının türkologiyanın müxtəlif sahələrinə aid məqalələri daxil edilib.

Elçin İbrahimov onu da qeyd edib ki, jurnalın bu sayında "Klassik irs - Portretlər", "Dilçilik", "Ədəbiyyat və folklor", "Yazılı abidələr", "Tarix və etnoqrafiya", "Müzakirə və diskussiya" rubrikalarında türk runik yazılı abidələrinin öyrənilməsində V.V.Radlovun göstərdiyi xidmətlərə, türk xalqları ədəbiyyatında əruz vəznli vücudnamələrə, "Aşıq Qərib" hekayəsinin yeni tapılmış bir variantına, uyğur dastançılıq ənənəsinə dair orijinal elmi-nəzəri məqalələr dərc olunub. O əlavə edib ki, jurnalın "Müzakirə və diskussiya" rubrikasında Qorqudşünaslığa aid əlamətdar bir hadisə haqqında üç məqalə dərc olunub. Belə ki, bu rubrikada "Kitabi-Dədə Qorqud"un yeni tapılmış 13-cü boyu ilə bağlı türkiyəli professorların araşdırmaları verilib.

"Elmi həyat" rubrikasında dünyanın bir çox ölkələrində türkologiya sahəsində keçirilən konfrans və simpoziumlar, bu elmi toplantılarda müzakirə edilən məsələlər haqda məlumat verilib. "Resenziyalar" və "Personalia"rubrikalarında isə türkologiya sahəsindəki əlamətdar hadisələrə dair maraqlı yazılar əksini tapıb.  

Qeyd edək ki, "Türkologiya" jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

ŞAHANƏ

 





06.07.2019    çap et  çap et