525.Az

Azərbaycanda demoqrafik vəziyyət: əhalinin artım tempinə təsir edən amillər


 

BU SAHƏDƏ HANSI TƏDBİRLƏRİN GÖRÜLMƏSİNƏ EHTİYAC VAR?

Azərbaycanda demoqrafik vəziyyət: <b style="color:red">əhalinin artım tempinə təsir edən amillər</b>

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması 

Bu il Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəldi. Bu əlamətdar hadisə ölkənin 4 bir yanında təntənəli şəkildə qeyd olundu. Hətta Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində yeni doğulan uşaq - Mehriban Həsənovanın valideynləri ilə görüşdülər, onlara öz təbriklərini çatdırdılar. Eyni zamanda, ölkə rəhbərliyi Azərbaycan xalqına bu əlamətdar hadisə münasibətilə təbrik ünvanladı.

Əhalinin sayının artması ölkənin demoqrafik inkişafı, güclənməsi, xalq, millət kimi sözümüzün çəkisinin daha da artması deməkdir. Savadlı, təhsilli, müasir dünyagörüşlü insanlarımızın sayı nə qədər çox olarsa, ölkə bir o qədər də inkişaf edər, dünyada nüfuzu daha da artar. Ona görə də bu hadisə hər bir Azərbaycan vətəndaşını sevindirməlidir. Ancaq əhalinin sayı artsa da, artım tempi azalır. Dövlət Statistika Komitəsinin və Dünya Bankının məlumatlarına əsəsan, Azərbaycanda əhalinin artım tempi 1990-cı ilin əvvəllərində indikindən yüksək olub. Əhalinin artım tempi 1992-ci ildə 1.55 faiz, 1993-cü ildə 1.47 faiz, 2018-ci ildə isə 0.98 faiz olub. 2019-cu ildə isə tempin daha da azaldığı - 0.91 faiz civarında olduğu müşahidə edilir. Ümumiyyətlə isə Azərbaycanda əhalinin artım tempi 1962-ci ildə ən yüksək (3.5 faiz), 1999-cu ildə ən aşağı (0.8 faiz) səviyyədə qeydə alınıb. Artım tempi sonradan 2012-2013-cü illərdə 1.3 faiz həddinə çatsa da, sonrakı dövrlərdə yenə azalıb.

Bu azalmanın başlıca səbəbləri nələrdir?  

Əhalinin təbii artımındakı enişin səbəbləri sırasında ölkədə boşanmaların, ölüm hallarının artması, ölümün cavanlaşması, xaricə miqrasiyanın çoxalması, eləcə də sosial-iqtisadi problemlər göstərilir. Bu siyahını bir az da uzatmaq olar.

Cari il ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət səviyyəsində atılan addımlar, o cümlədən, minimum əməkhaqqının 250 manata çatdırılması, pensiya və digər sosial müavinətlərin artırılması müsbət tendensiya yaratsa da, pensiya yaşının aşağı salınması, uşaqlara görə müavinətlərin bərpası cəmiyyətin əsas gözləntiləri sırasındadır. Bu amillər demoqrafik inkişafa mənfi təsir imkanlarını saxlasa da, ölkə üzrə fertillik (nəsilvermə) əmsalını pisləşdirsə də, ən acı reallıq qız uşaqlarına görə abortların sayının artmasıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 4 ayı ərzində doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,5 faiz təşkil edib. Ümumilikdə ölkə üzrə cins nisbətində qadınların sayı kişiləri üstələsə də, yeni doğulan körpələrlə bağlı rəqəmlər Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini hərəkətə gətirib. 

Hicran Hüseynova: "Qız uşaqlarının doğulmasını stimullaşdırmaq üçün sosial yardım məsələsi hələ gündəmdə deyil" 



Adıçəkilən komitənin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında (mənbə: "Trend") bildirib ki, Azərbaycanda qız uşaqlarının sayının azalması təbii hal deyil: "Bir çox ailələr biləndə ki, qız uşaqları dünyaya gələcək, hamiləliyi dayandırırlar. Bunun mənfi tərəfləri var. Biz bu məsələni müvafiq qurumlar qarşısında qaldırdıq, lakin bu qanunla tənzimlənən məsələ deyil. Maarifləndirmə işi aparılmalıdır. Biz komitə olaraq bunu edir və əhalinin məsələyə diqqətini cəlb edirik".

Komitə sədri vurğulayıb ki, bu istiqamətdə yaranan boşluqlar insanların şüurunda dəyişikliklərə səbəb olur: "Stereotiplər olmamalıdır. Çalışırıq ki, tədbirlərimizdə atalar qızları ilə iştirak etsinlər. Qız uşaqlarının yaxşı oxumasına baxmayaraq, ailələr oğlanların oxumasına üstünlük verirlər. Başa düşürəm ki, oğlan gələcəkdə ailə başçısı olacaq və pul qazanmalıdır. Lakin yaxşı oxuyub, peşəkar mütəxəssis olan qızı dəstəkləmək lazımdır. Bu məsələ bizi hərtərəfli narahat edir".

H.Hüseynova qeyd edib ki, qız uşaqlarının doğulmasını stimullaşdırmaq üçün sosial yardım məsələsi hələ gündəmdə deyil, hazırda yalnız söhbət səviyyəsindədir. 

Musa Quliyev: "Selektiv abortla mübarizəyə dair qanun layihəsi hazırlanıb" 



Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə bildirib ki, bioloji normaya görə, oğlan və qız uşaqları arasında faiz nisbəti 49-51 olmalıdır.

Deputat qeyd edib ki, Azərbaycanda faiz nisbətində belə fərqlənmə subyektiv amillərin, yəni konkret insan müdaxiləsinin göstəricisidir.

M.Quliyev qeyd edib ki, dünyanın bir çox ölkələrində, xüsusən də Şərq ölkələrində bu problem mövcuddur: "Bu ölkələrdə də qız və oğlan uşaqlarının faiz nisbətində problemi aradan qaldırmaq üçün mübarizə aparılır. Təcrübə göstərir ki, mübarizənin ən uğurlu yolu və forması maarifləndirmədir. İnzibati qaydada şübhəsiz ki, tədbirlər görülməlidir, amma burada insanların tibbi və dini baxımdan maariflənməsinin böyük əhəmiyyəti var".

Deputat əlavə edib ki, selektiv abortla mübarizə aparmaq üçün qanun layihəsi də hazırlanıb: "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsində xüsusi müddəalar var. Ultrasəs müayinəsi ilə uşağın cinsiyyətinin öyrənilməsinin qadağan olunması, hamiləliyin pozulmasının bir ginekoloqun qərarı ilə deyil, konsiliumun qərarı ilə həyata keçirilməsi, eyni zamanda, bu qanunun pozulmasına görə cinayət və inzibati məsuliyyət də nəzərdə tutulur. Ancaq burada insanların maarifləndirilməsi aparılmasa, problemin qarşısını almaq çətindir".

Qız və oğlan uşaqları arasında faiz nisbətinin pozulmasının mənfi təsirləri haqqında danışan M.Quliyev bildirib ki, bu cür hal gələcəkdə demoqrafik gərginliyə səbəb olur: "Hər il oğlan uşaqlarının sayı artır, qız uşaqlarının sayı isə azalır. Evlənmə yaşına çatanda oğlanların sayı qızlardan çox olacaq. Belə olan halda isə subayqalma halları olacaq, oğlanlar başqa ölkələrdən, başqa millətdən olan qızlarla evlənəcək, nikahların milliliyini qorumaq çətinləşəcək. Milli mentalitetin qorunması üçün atanın da, ananın da eyni millətdən olması vacibdir, xüsusən də bunun bizim kimi o qədər də əhalisi çox olmayan və gənc ölkə üçün böyük əhəmiyyəti var". 

Əhməd Qəşəmoğlu: "Cəmiyyətdə əxlaqi-mənəvi dəyərlərdə gedən sürətli aşınmalara görə bir çox ailələr qız övladı arzulamırlar" 



Sosiaoloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, yeni doğulan körpələr arasında cins nisbətinin 55,50 faiz (oğlan) - 46,50 faiz (qız) faiz səviyyəsində olması ciddi narahatlıq doğurmamalıdır: "Müəyyən həddə qədər qız uşaqlarının az doğulması normal haldır. Demoqrafik cəhətdən qorxulu deyil. Cins nisbəti 10 faizdən artıq olsa, bu, artıq əhalinin artımına təhdid yarada bilər".

İndiki vaxt və şəraitdə daha çox oğlan uşağının doğulmasını müsbət tendensiya hesab edən sosioloq bunun səbəbləri barədə danışıb. Azərbaycanda daha çox kişi cinsinə mənsub gənclərin xaricə miqrasiya etdiklərini deyən Ə.Qəşəmoğlu demoqrafik balansda bu amilin nəzər alınmalı olduğunu bildirib. Sosioloq, eyni zamanda, müharibə faktorunu səbəblər sırasında qeyd edib: "Biz Qarabağ müharibəsi zamanı xeyli şəhid verdik. Bu zaman ordu sıralarına qoşulan könüllülərin sayı artdı. Təəssüf ki, onların da əksəriyyəti şəhid oldu. Ona görə də indiki şəraitdə yeni doğulan oğlan və qız uşaqlarının sayında bərabərlik olsa, bu gələcəkdə çox ciddi demoqrafik problemlərə yol aça bilər".

Ötən əsrin 80-ci illərində gənclik problemləri ilə məşğul olan Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyini deyən Ə.Qəşəmoğlu həmin dövrdə oxşar problemin yarandığını xatırladıb. O qeyd edib ki, o zaman ölkədən çıxıb gedən oğlanların sayı bu qədər deyildi. Amma ölkədə 40 yaşına qədər ailə qura bilməyən qızların sayı hədsiz çox idi. Ona görə də ekspert hesab edir ki, hazırda daha çox oğlan uşağının dünyaya gəlməsi heç bir narahatlıq doğurmamalıdır: "Azərbaycanda qədim zamanlardan valideynlər oğlan uşaqlarına daha çox üstünlük verirlər. Bununla bağlı el deyimimiz də var: "Yeddi oğul istərəm, bircə dənə qız gəlin".

Ə.Qəşəmoğlu hesab edir ki, bütün zamanlarda ailədə daha çox oğlan uşağının arzulanması müdafiə, maddi təminat, nəsil artırmaq faktorlarına dayanır. Həmçinin, müasir dövrdə cəmiyyətdə əxlaqi-mənəvi dəyərlərdə sürətli aşınmaların getdiyini deyən ekspert buna görə də bir çox ailələrin qız övlad arzulamadıqlarını bildirib.

Ancaq qədim zamanlardan fərqli olaraq müasir dövrdə texnoloji inkişafın övlad planlaşdırma ilə bağlı qeyri-təbii yollara şərait yaratdığını deyən Ə.Qəşəmoğlu nəticədə qız uşaqlarına görə abortların sayının artmasının dəhşət doğuran fakt olduğunu qeyd edib.

Sosioloq hesab edir ki, selektiv aborta qarşı mübarizədə təkcə maarifləndirmə işi kifayət etmir: "Bu problemin həllində kompleks yanaşmaya ehtiyac var. Ortada düşünülmüş fəaliyyət proqramı olmalıdır. Qanunvericilikdə zəruri dəyişiklər, maarifləndirmə planı, sosial müdafiənin gücləndirilməsi istiqamətində stimullaşdırıcı tədbirlər burada öz əksini tapmalıdır".

Roman Qaraşov: "Bu məsələdə hökumətin öz rolunu artırmasına ehtiyac var" 



Azərbaycan Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov isə məsələnin hüquqi tərəfləri barədə danışıb. O qeyd edib ki, Azərbaycan abort məsələsində liberal siyasəti ilə fərqlənir: "Hamiləliyin ilk 12 həftəsində abort etdirmək imkanı var, qanunla bu qadağan deyil və hər hansı məhdudiyyət yoxdur. Bundan başqa, abort dölün 22 həftəsinədək müəyyən sosial-iqtisadi göstərişlərlə etdirilə bilər. Hamiləliyin bu, dövründə abort etdirmək üçün şəxsi səbəblərə, o cümlədən, hamiləlik zamanı ərin vəfatı, hamilə qadının və ya onun ərinin həbsi, analıq hüquqlarından məhrum edilmə, çoxuşaqlılıq (uşaqların sayı 5-dən çox olduqda), hamiləlik zamanı boşanma, zorlanma nəticəsində hamiləlik və ailədə əlil uşağın olması daxildir. Hamiləliyin 22-ci həftəsindən sonra abort yalnız tibbi əsaslarla həyata keçirilə bilər".

Vəkil hesab edir ki, dölün cinsinin diaqnostikasından sui-istifadənin və selektiv abortların qarşısının alınmasında hökumətin öz rolunu artırmasına və yeni qanunların qəbul edilməsinə ehtiyac var: "Hesab edirəm ki, əgər valideynlər dölün cinsi haqqında məlumatlandırılmasalar, abortların sayı belə yüksək olmaz".

R.Qaraşov xatırladıb ki, Azərbaycan Respublikası Cinayət məcəlləsinin 141-ci maddəsi qanunsuz abort etmə ilə bağlı məsuliyyət məsələlərini müəyyən edir: "Həkim tibb müəssisələrindən kənarda abort etməyə görə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya altı ayadək müddətə islah işləri cəzası, ali tibbi təhsili olmayan şəxs bu əməl törədildiyi təqdirdə isə bir ilədək müddətə islah işləri ilə cəza nəzərdə tutulub".

Ceyhun ABASOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur

 





06.07.2019    çap et  çap et