525.Az

AQTA zərərli orqanizmlərlə mübarizə tədbirlərini davam etdirir


 

AQTA zərərli orqanizmlərlə mübarizə tədbirlərini davam etdirir<b style="color:red"></b>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkə ərazisində apardığı fitosanitar müşahidələr zamanı Bakı ətrafı kəndlərdə respublika üçün xarici karantin hesab edilən zərərli orqanizmlərdən biri olan Aralıq dənizi meyvə milçəyi aşkar edib.

AQTA-dan verilən məlumata görə, zərərli orqanizmlərin aktiv fəaliyyət dövrünü nəzərə alaraq respublika ərazisində yayılma arealının müəyyənləşdirilməsi məqsədi ilə agentlik əməkdaşları müşahidələrə başlayıb. Müşahidələr zamanı meyvələrdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstititutunun müvafiq laboratoriyaların göndərilib, nümunələrdə zərərli orqanizmin özünə və ya izlərinə rast gəlinməyib.

Prosesin daha səmərəli həyata keçirilməsi məqsədi ilə agentlik Abşeron rayonu, Bakı və ətraf ərazilərdə feremonlu tutucu tələlərin istifadəsinə başlayıb. Prosesə iri təsərrüfat sahələrinin sahibləri ilə yanaşı, həyətyanı sahələrin sahibləri də cəlb olunub.

Qeyd edək ki, polifaq zərərvericilərdən olan Aralıq dənizi meyvə milçəyi dünyanın bir çox ölkələrində - Türkiyə, Albaniya, Əlcəzair, Fransa, Yunanıstan, Almaniya, İsveç, Avstriya, Belçika və Niderlandda daha geniş yayılıb. 200-dən artıq meyvə, giləmeyvə və tərəvəz bitkilərinə zərər vurmaq potensialına malik olan bu zərərverici meyvələrin, əsasən, lətli hissəsi ilə qidalanır, məhsuldarlığın kəskin aşağı düşməsinə səbəb olur.

C.ABASOV

 





07.07.2019    çap et  çap et