525.Az

Paşinyan reytinqini itirməkdə davam edir


 

Paşinyan reytinqini itirməkdə davam edir <b style="color:red"></b>

Ermənistanda mövcud ağır sosial-iqtisadi vəziyyət, əhalinin durumunun getdikcə pisləşməsi Paşinyan hakimiyyətinə olan etimadı da azaltmaqdadır.

Bir ildən çoxdur, hakimiyyətdə olan baş nazir Nikol Paşinyan və onun komandası erməni xalqının ümidlərini doğrula bilmədi. Və artıq bu hakimiyyətin hansısa prinsipial addımlar atacağı, islahatlar aparacağı gözlənilən deyil. Ermənistanda aparılan rəy sorğuları da Paşinyanın nüfuzunun azaldığını sübut edir. Belə ki, ABŞ-ın Beynəlxalq Respublika İnstitutu (IRI)  bu yaxınlarda  Ermənistanda sosioloji sorğu keçirib. Sorğunun nəticələrinə əsasən, Ermənistan prezidenti Armen Sarkisyan respublikanın əhalisi arasında populyarlıq reytinqinə görə baş naziri Nikol Paşinyandan irəlidədir. Ötən həftə isə tədqiqatın nəticələri yekunlaşdırılıb. Amma hələ də ictimaiyyətə açıqlanmayan nəticələr bir sıra dövlət qurumlarına təqdim edilib. Sorğunun nəticələrə görə, Paşinyanın əhali arasında reytinqi 56%, prezident Sarkisyanın reytinqi isə 61 faiz təşkil edir. Bundan bir müddət əvvəl də Ermənistan xüsusi xidmət mərkəzinin sifarişi əsasında beynəlxalq sorğu mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələri Paşinyanın nüfuzunun azaldığını sübut edib.

Paşinyan hakimiyyətinə tənqidlər də artmaqdadır. Keçmiş deputat, iqtisadçı Vardan Bostancyan Ermənistanın iqtisadiyyatında bədbin vəziyyətin yarandığını hesab edir. Onun sözlərinə görə, selfi çəkməklə yanaşı, inqilabı dəstəkləyən əsas kütlə pul oyunları və əyləncələrlə məşğuldur. İnstitutlar isə yalan maliyyə vəsaitlərindən söz açır və belə təəssürat yaranır ki, ötən il ilə müqayisədə iqtisadiyyatımız daha fəaldır. Amma bu, fəallıq deyil, perspektivsiz və mənasız işdir. İqtisadi vəziyyətin acınacaqlı olduğunu deyən ekspert əlavə edib ki, bizim müasir iqtisadiyyatımız yoxdur, bizə fundamental dəyişikliklər lazımdır.

Ermənistanın Respublika partiyasının sədr müavini Armen Aşotyan isə Asiya ölkələrinə səfərə yollanmış baş nazir Nikol Paşinyanı "siyasi turizm"də günahlandırıb. Aşotyan Ermənistan üçün ən əhəmiyyətli dövlət bayramlarından birində - konstitusiya günündə Paşinyanın Vyetnama gedib, sonra isə Sinqapura gedəcəyini vurğulayıb:  "Əminəm ki, heç bir ciddi gündəm yoxdur və bu səfər daha bir turizm səfərinə çevriləcək. Siyasi turizm bütün səviyyələrdə bu hakimiyyətin ən sevimli məşğuliyyətlərindən biridir. Maraqlı olan başqa bir məsələ də var. Belə görünür ki, Paşinyanın özü tərəfindən icad edilən vətəndaşlar günündə o, Ermənistanda qalır, "BBQ party" təşkil edir və Pekində İpək Yolu kimi vacib forumda iştirak etmir, ancaq konstitusiya günü  ölkəni tərk edib, məlum olmayan məqsədlərlə Vyetnam və Sinqapura səfərə gedir. Mən hələ də baş nazirin yanında qaldıqlarına ümid etdiyim dövləti düşünən insanlardan xahiş edirəm ki, onun əlini qlobusdan götürsünlər. Yaxud da, məşhur lətifədə deyildiyi kimi, Paşinyanın və komandasının bizim hesabımıza mənasız səfərlərini dayandırmaq üçün Ermənistan üçün qlobus sifariş versinlər".

Paşinyana daha bir zərbə isə hazırda həbsdə olan ikinci prezident Robert Koçaryanın tərəfdarlarının etiraz aksiyası olub. Aksiya iştirakçıları hökumətinin binasına doğru irəliləyərək "Nikol, çıx!" şüarını səsləndiriblər. Nazirlər Kabinetinin qarşısındakı çoxsaylı polislər binaya giriş tamamilə bağlayıb. Moskvada da Ermənistan səfirliyinin binasının qarşısında piket keçirilib.  Hakimiyyət siyasi təqiblərə, siyasi həbslərə son qoymağa çağırılıb. Həmçinin, Robert Koçaryan, KTMT-nin sabiq rəhbəri Yuri Xaçaturov, sabiq müdafiə naziri Seyran Ohanyan və digərlərinə qarşı qurulmuş cinayət işinə son verilməsi tələb edilib.

Yada salaq ki, Koçaryan iyunun 25-də keçirilən məhkəmə prosesi zamanı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin onun mayın 18-də girov qarşılığında zaminə buraxılmasına dair qərarını ləğv edib. Bununla bağlı etirazı isə Baş Prokurorluq vermişdi.  Əslində, məhkəmənin bu qərarının sifarişli olduğu məlumdur. Çünki baş nazir Nikol Paşinyan üçün Koçaryan real bir təhlükə olaraq qalmaqdadır.

PƏRVANƏ

 





07.07.2019    çap et  çap et