525.Az

Poeziyanın elmi, elmin poeziyası... - Barat Vüsal Nizami Cəfərovdan yazır


 

Poeziyanın elmi, elmin poeziyası... - <b style="color:red">Barat Vüsal Nizami Cəfərovdan yazır </b>

Cənublu böyük şairimiz Bulud Qaraçorlu öz ədəbi təxəllüsünü Səhənd dağının adından götürmüşdü. M.H.Şəhriyarın ona həsr etdiyi "Səhəndiyyə" şeirində bir misra belədir: "Adaş olunca onunla, daha da ucalırsan".

Akademik Nizami Cəfərov da adaşdır.

Özü də şeyx Nizami Gəncəvinin adaşı!

Dahi şairimizlə adaşlığı ona düşüb. Ucaldıqca ucalır. Sorağı həmişə ucalardan gəlir.

Amma hər adaşdan da adaş olmaz. Lap atalar sözü kimi səslənir.

Qoy olsun!

Keçmişdə Nizami Cəfərov kimi adamlar haqqında deyirdilər ki, çox bilikli (kəlləli) adamdır.

Aristotel beyin fəaliyyəti ilə məşğul olanları allahlara yaxın olanlar hesab edirdi. Onları ən uğurlu adam adlandırırdı.

Ucalığın və uğurunsa bir sirri də varmış:

Nizami Cəfərov kimi olmaq!

Yaşamaq! Yazmaq! Yaratmaq!

Xalqını, millətini, türk dünyasını - bəşəriyyəti sevmək! Onun ədəbiyyatını, tarixini, elmini, milli dəyərlərini bayraq kimi öz başı və başlar üstdə uca tutmaq!

Oljas Süleymanov demişkən, dünya sözə dönənəcən yazmaq, yaratmaq, nə varsa hamısını sözə çevirmək!

Min sözün içində bircə söz tapmaq.

Bir sözün içində min söz demək!

M.Füzuli şeirdə elmiliyi yüksək qiymətləndirirdi. O, "ömrümü sərf edib şair oldum" deməyib. Deyib ki, "Ömrümü sərf edib hikmət və həndəsəni öyrənməyə çalışdım".

Oljas Süleymanov "Sözün kodu" adlı kitabında "Elmin poeziyası" deyilən bir istilah da işlədib. Böyük şairə və tədqiqatçıya görə "Elm poeziyası nə vaxtsa dərrəkəli insan dünyasını birləşdirməlidir".

Məncə, poeziyanın elmi də bu missiyanı yerinə yetirməlidir.

Nizami Cəfərov gəncliyində şeirlər yazıb, sonralar şeir yazmaq fikrindən vaz keçsə də, şairanə ruhunu qoruyub saxladı. Poeziya elminin və Elm poeziyasının dalınca getdi.

Düz etdi.

Şairlik hər adamın missiyası deyil. Alimlik də hər kəsin missiyası ola bilməz!

Nizami Cəfərov şairliklə alimliyi, alimliklə şairliyi birləşdirdi.

Poeziyanın elmini, Elmin poeziyasını yaratdı!

... Hərdən təəssüf hissi ilə fikirləşirəm ki, söz dövrümüzdə yaman aşağılara endirilib. Söz yaman alçaqdadır, ona görə də ona çoxunun əli çatır, hamı guya yazıb-pozur.

Aramızda sözü yaxşı ki, alçaqlara düşməkdən qoruyanlar var.

Sözün ucalığını qoruyanlar öz ucalığını qoruyur. Millətin ucalığını qoruyur. Ruhun ucalığını qoruyur.

"Elm poeziyası"nın nadir simalarından biri olan akademik Nizami Cəfərov kimi!

Adı qorumadım addan ötəri,
Qorudum millətdən, xalqdan ötəri!

Nizami Cəfərov hər dəfə danışanda, çıxış edəndə elə bil ki, bunu demək istəyir.

Qədim mütəfəkkirləri xatırladan Nizamini nə qədər danışan, çıxış edən halda daha çox görsəm də, sanıram ki, o, həmişə sükut içindədir.

O, sükut etməyi bacarır! (Danışa-danışa!)

Nizami Gəncəviyə görə, ən çox sükut edən nöqtədir.

Nizami Cəfərovun çıxışı nöqtənin çıxışıdır.

Nöqtə Vəhdətin timsalıdır. Vəhdətin nə olduğunu (bir damladakı ümmanı, yaxud ümmanda bir damlanı) görənlər ömür boyu öz böyüklüyünü, qüdrətini dərk etdiyindən özünü öymür, "Nöqtəyəm. Hərfəm" - deyir.

Ulu babamız Nəsimi kimi!

Nadir insanlar belə olurlar, belə deyirlər.

... İmam Qəzaliyə görə, nadir insan qırmızı kükürdə oxşayır, ona da təbiətdə az rast gəlinir.

Nadir şair də, sənətkar da, alim də, ziyalı da həmin qırmızı kükürddür.

Elə Nizami Cəfərov da!

... Xalq şairi Vaqif Səmədoğlu yazırdı: "Ünvanım kağız və qələmdir". Əziz Nesin də öz fikrini bir az fərqli şəkildə ifadə etsə də, həmin ünvandan danışırdı. "Məndən qələm düzəldin" deyirdi.

Qələmi müqəddəs tutanlar axırda özləri də müqəddəs sayılırlarmış.

Bir çox şeyxlər və sufilər ağ kağıza yaxınlaşmazdan əvvəl dəstəmaz alırmışlar.

Qələmi qəddəyəndə qırıntılarını yığıb təmiz bir yerdə basdırırmışlar.

Akademik Nizami Cəfərovun da ünvanı qələmdir. O da qələmi müqəddəs tutan (müqəddəsləşdirən!) qələm, kəlam, söz əhlidir. Fikir, düşüncə nəhəngidir!

... Nizami Cəfərovun dilimizlə, dinimizlə, tariximizlə, soykökümüzlə, fəlsəfi düşüncə tərzimizlə bağlı yazdığı əsərlər, kitablar, bütövlükdə ensiklopedik bir gücə, əhatə dairəsinə malikdir.

Bu böyük şəxsiyyətli alim hər şeyə şəxsiyyət kimi baxır:

Tarixə də, Ədəbiyyata da, Dilə də, Dinə də, Fəlsəfəyə də!

Nizami Cəfərov şairliyin alimidir, alimliyin şairidir.

Şairin alimliyi poeziyanın elminə çatmaqdır.

Alimin şairliyi Elmin poeziyasını yaratmaqdır!

... Bütün sözlərin mənbəyi Allahın üstdə oturduğu taxtın altındakı gizli xəzinədir, əslində, "Ol" sözüdür!

Bu mənbəyə varanlar, bu mənbəyi bilənlər axırda özləri də mənbə olurlar.

Nizami Cəfərov da Sözdən və sözlərdən istifadə edə-edə bugünkü ucalığa çatdı. İndi onun Sözünə və sözlərinə də mənbə kimi istinad edirlər...

Sözü Əməlidir, Əməli Sözü,
O, söz kimi yoldur, yol kimi sözdür.
Niyə düşündürür bizi bu qədər,
Adi söz ha deyil, ləl kimi sözdür.

Niyə gücü çoxdur? Azdan yaranıb,
Dədələr çaldığı sazdan yaranıb.
Hər nə yaranıbsa sözdən yaranıb,
Bal kimi şirindir, gül kimi sözdür. 

Bizim Nizami də neçə söz deyir,
Ay Barat, özü də necə söz deyir!
Baxıb görürsən ki, bircə söz deyir,
Sanki o Kəlamdır - "Ol" kimi sözdür!

P.S. Ömür pəncərəsindən hər şeyi görmək olmur.

Könül pəncərəsindən baxasan gərək!

Onda hər şeyi, az qala bütün dünyanı və bütün görmək istədiklərini görə bilərsən.

Akademik Nizami Cəfərov dünyaya ömrünün 60-cı pəncərəsindən - özü də könül pəncərəsindən baxır.

Elə bir ömür yaşayıb ki, bundan sonra da yüz illər boyu hər şeyə baxmaq haqqı olacaq.

Bax, beləcə, sağ-salim!..

 





07.07.2019    çap et  çap et