525.Az

Nazir: "Bu, xalqımızın mədəni irs tarixində fövqəladə hadisədir"


 

Nazir: "Bu, xalqımızın mədəni irs tarixində fövqəladə hadisədir"<b style="color:red"></b>

"Ümumdünya İrs Komitəsi Azərbaycandan artıq üçüncü nominasiyasını qəbul etdi. Bu gün Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan sarayı UNESKO-nun Ümumdünya İrs Siyahısına salındı”.

Bu sözləri iyulun 7-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Şəkinin tarixi mərkəzi ilə Xan sarayı” nominasiyası qəbul olunandan sonra jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bu proses asan başa gəlməyib. "Altı ildir ki, Azərbaycandan ekspertlər bu faylı hazırlayaraq müvafiq beynəlxalq təşkilatlara təqdim etmişdi. İlk mərhələdə onların təhlili kifayət qədər müsbət olmamışdı. Lakin Azərbaycanın gətirdiyi sübutlar və cənab Prezidentin məsələ ilə bağlı imzaladığı sərəncamın icrası bu qərarın verilməsində müsbət rol oynadı.

Əbülfəs Qarayev Azərbaycanın UNESKO ilə əlaqələrinin inkişafında Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolunu da vurğuladı: “Fürsətdən istifadə edərək Mehriban xanım Əliyevaya təşəkkürümü bildirmək istəyirəm".

Nazir Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan sarayının UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması münasibətilə Azərbaycan xalqını təbrik etdi: "Xalqımızın mədəni irs tarixində bu, fövqəladə hadisədir".

Qeyd edək ki, nazir Əbülfəs Qarayev sessiyada qərar qəbul olunandan sonra çıxış edərək Azərbaycan hökuməti adından sessiya iştirakçılarına təşəkkürünü bildirib. Nazir diqqətə çatdırıb ki, biz bu məsələ ilə bağlı edilən tövsiyələri və müvafiq öhdəlikləri yerinə yetirəcəyik: “Bu məsələdə dəstək göstərdiklərinə görə Ümumdünya İrs Komitəsinə üzv dövlətlərə, ICOMOS-a təşəkkür edirəm”.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov da müzakirə zaman qeyd olunan bütün fikirlərin nəzərə alınacağını deyərək, sessiyaya minnətdarlığını bildirib və hamını Şəkiyə dəvət edib.

 





08.07.2019    çap et  çap et