525.Az

Banklarda "Öz müştərini tanı" prinsipləri tətbiq ediləcək


 

Banklarda "Öz müştərini tanı" prinsipləri tətbiq ediləcək<b style="color:red"></b>

Azərbaycanda fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında “Öz müştərini tanı” prinsipləri tətbiq ediləcək.

“APA-Economics”in məlumatına görə, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nda əksini tapıb.

Qaydalara əsasən, banklar bank hesablarının açılması, aparılması və bağlanması məqsədilə “Öz müştərini tanı” prinsiplərinə uyğun daxili qaydalara malik olmalıdır. Daxili qaydalar “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna (PL/TMM Qanunu), bu Qaydaların, digər hüquqi aktların tələblərinə və bankın risklərin idarə edilməsi sisteminə uyğun olaraq hazırlanmalıdır. Daxili qaydalar bankın Müşahidə Şurası tərəfindən təsdiq olunmalıdır.

Daxili qaydalarda aşağıdakı məsələlər əks olunmalıdır:

-öz müştərini tanı və müştərinin qəbul edilməsi prinsipləri;

- müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyası prosedurları;

- bank hesablarına və əməliyyatlara davamlı nəzarət;

- risklərin idarə edilməsi.

Daxili qaydalarda yeni müştərinin qəbul edilməsi, müştərilərin risk səviyyəsinin müəyyən edilməsi və həmin səviyyələr üzrə kateqoriyalaşdırılması, o cümlədən müştərilərlə münasibətlərin qurulması barədə qərarların qəbul edilməsi üzrə dəqiq prosedurlar mövcud olmalıdır. Daxili qaydalar müştərilərin maliyyə xidmətlərinə çıxış imkanlarını məhdudlaşdırmamalıdır.  Bank müştərinin risk kateqoriyasından asılı olaraq bank hesablarına və əməliyyatlara davamlı nəzarət edir, o cümlədən əməliyyatların qeyri-adi və şübhəli olmasını müəyyən edən prosedurlar və mexanizmlər müəyyən edir. Bank hesablarının açılması, aparılması və bağlanması üzrə risklərin idarə edilməsi məqsədilə bank bütün idarəetmə səviyyələrində dəqiq səlahiyyət bölgüsünü müəyyən edir. Daxili qaydalar hazırlanarkən peşəkar və etik normaların təmin edilməsi, maraqlar münaqişəsinin və qeyri-qanuni fəaliyyətin qarşısının alınması istiqamətləri əsas götürülməlidir.

 





08.07.2019    çap et  çap et