525.Az

"Titrəyə əlində qız barmaqları..." - Vaqif Aslanın şeirləri


 

"Titrəyə əlində qız barmaqları..." - <b style="color:red">Vaqif Aslanın şeirləri </b>

AĞACLAR

Bir qoca çinara işlədi balta,
O, bir ləngər vurdu, bir yırğalandı.
Yatdı xartıltıyla ağaclar üstə,
Ağaclar necə də tez sıralandı.

Havada tutdular onu, havada,..
Quşlar pırıltıyla uçdu hürküşüb.
Uçdu küləklərlə uçan yuva da...
Deyərdin meşəyə indi ün düşüb.

Əzildi ağaclar, sındı ağaclar...
Dağlar vüqarını itirdi sanki.
Bu son gedişi də qandı ağaclar,
Onu öz çiyninə götürdü sanki.

Ağacı yıxdılar, ağaclara bax...
Onu yıxılmağa qoymadı ancaq.

GƏRƏK

Hər sevən bilməyir, nədir məhəbbət.
Onun qadasına gələsən gərək.
Gülüş də yüz cürdür, min cürdür, fəqət
O səni güldürə, güləsən gərək.

Titrəyə əlində qız barmaqları,
İtə gözlərində dünyanın varı.
Sonra da tərləyən al yanaqları
Döyükə-döyükə siləsən gərək.

Qırmızı geyinə, üzdə tel əsə,
Didə ürəyini, səbrini kəsə.
"Yox"deyə, gedəsən gedər-gəlməzə,
"Hə"deyə, özünə gələsən gərək.

Dünya, Cumayoğlu, qoca dünyadır,
Heç nəyi almayan vecə dünyadır.
Bilmək istəsən ki, necə dünyadır,
Öləndə eşq ilə öləsən gərək.

BAXIŞLA

Sevirəm deməyə dildə nə var ki?
Kişisən, salamlaş, danış baxışla.
Küsəndə küsməyin gözdən oxunsun,
Barışmaq istəsən, barış baxışla.

Sirri pünhan saxla, vermə heç kimə,
Dilin ucbatından batarsan qəmə.
Yanıram sözünü dil ilə demə,
Alış öz içindən, alış baxışla.

Sevgidir, ey könül, dövlətin varın...
Sən od balasısan Odlu diyarın.
Hər gün əhvalını o nazlı yarın
Soruş, Cumayoğlu, soruş baxışla.

GƏRƏK

Mən sənə deyirəm: - Allah nurusan.
Olmasan, kor gözlər nəyimə gərək?
Sən baş ucalığı, qəlb qürurusan.
Olmasan, bu sözlər nəyimə gərək?

Gün çıxdı-çıxmadı,., mənə nə dəxli?
Ay doğdu-doğmadı,., yenə nə dəxli?
Bu dünya dolana, dönə,.. nə dəxli?
Gecələr, gündüzlər nəyimə gərək?

Olmasan, şövq ilə gedib-gəldiyim,
Məcnunu, Kərəmi ötüb gəldiyim.
Gəlmək niyyətimə yetib gəldiyim
Bu yollar, bu izlər nəyimə gərək?

Dağlarım dikəldi, ya çökdü - birdir.
Varlığın möcüzə, sehirdir, sirdir.
Gəzdiyin düzənlər mənimçün pirdir,
Olmasan, o düzlər nəyimə gərək?

Üstümdə göz olan göz səninkidir.
Ya "ol!" de, ya "öl!" de, söz səninkidir.
Gülə bənzətdiyim üz səninkidir.
O biri gülüzlər nəyimə gərək?

Mən sənə nə deyim? - Allah nurusan.
Olmasan, kor gözlər nəyimə gərək?
Sən baş ucalığı, qəlb qürurusan.
Olmasan, bu sözlər nəyimə gərək?

İLK MƏHƏBBƏTİM

Bulaqsan,.. gözümdən axırsan mənim,
Tüstüsən,.. təpəmdəm çıxırsan mənim.
Dustaqsan,.. könlümdən baxırsan mənim,
Ay ilk məhəbbətim, ilk məhəbbətim.

Sən - ciyər yanğısı, sən - sinəmdə dağ,
Yaxşısan, yamansan,.. mənimsən ancaq.
Üzümə çırpılan şillə, şapalaq,
Ay ilk məhəbbətim, ilk məhəbbətim.

Sən gah sevinc oldun, gah fəryad, gah ün,..
Kaş ki, dağılaydı mən doğulan gün.
Sən - cavan ömrümə vurulan düyün,
Ay ilk məhəbbətim, ilk məhəbbətim.

İlk dəfə heyrətdən çatılan qaşım,
Oşalanan qolum, əyilən başım.
Sən - vaxtsız yıxılıb qalan başdaşım,
Ay ilk məhəbbətim, ilk məhəbbətim.

YARATMISAN

Şükür birliyinə. Yaradan Kişi!
Gecədən gündüzə yol yaratmısan.
Mizan tərəziylə görüb hər işi,
İşığı zülmətdən bol yaratmısan.

Hərədə bir ləqəb, hərədə bir ad...
Onunçün bu qədər gözəldir həyat.
Məsləhət bilmisən qartala qanad,
Ceyrançün süzməyə çöl yaratmısan.

Dağları, daşları xəlq eyləmisən,
Alçaqdan ucaya fərq eyləmisən.
Dərin dəryaları qərq eyləmisən,
Bir kiçik damladan göl yaratmısan.

Bilmirəm nədəndir yazdığın yazı,
Hələ ki, heç kimi salmayıb razı.
Varlı gileylidir, kasıb narazı,
Hərədə bir cürə dil yaratmısan.

Kim ki, mənəm deyib azdı yolunu,
Gözləri görmədi sağı, solunu.
Deyirəm, nə yaxşı, Cumayoğlunu
Haqqa, ədalətə qul yaratmısan.

VAR

Sənə demədimmi tərpətmə məni?
Közərib-közərib od tutmağım var.
Gözümdə-könlümdə göyərdib səni,
Özümü biryolluq unutmağım var.

Neynim ki, içimdə tufan çağlayıb?
Bir gözüm gülsə də, biri ağlayıb.
Könlümü hamıdan gizli saxlayıb.
Xəlvəti oxşayıb ovutmağım var.

Qabaqda görməli günlər var hələ,
Nədən doluxsunur gözlərin elə?
Sən nəyin dərdini çəkirsən belə?
Gözümün yaşını qurutmağım var.

Sənə vurulmuşam sən birsən deyə,
Cadusan, tilsimsən, sehirsən deyə.
Məni məndən artıq sevirsən deyə
Bu dəli sevdanı doğrultmağım var.

Çəkdikcə sınağa Vaqif Aslanı,
Bir az da damarda qaynayır qanı.
Sənə nur bəxş edib ulduzlar sanı
Tutqun səmaları durultmağım var.

 





09.07.2019    çap et  çap et