525.Az

Tüdor sülaləsinin uğurları və bədbəxtliklər seriyası - Ön söz


 

Tüdor sülaləsinin uğurları və bədbəxtliklər seriyası - <b style="color:red">Ön söz</b>

XV əsrin sonundan XVII əsrin əvvəlinədək, 118 il ərzində İngiltərə taxt-tacında olan Tüdor sülaləsi başlanğıcda uzun illər davam edən vətəndaş müharibəsinə (Qızılgüllərin müharibəsi) son qoymuş, ölkənin və xalqın birliyini qoruyub saxlaya bilmiş, əcnəbilərlə aparılan müharibələrdə qalib gəlməklə, nəticədə İngiltərəni dünya dəniz dövlətinə çevirmiş, Avropa səhnəsində öz dövlətinin rolunu xeyli yüksəltmişdi.

Tüdor sülaləsinin bünövrəsi Lankesterlərlə Yorkçuların müharibəsində, 1485-ci ilin Bosvort döyüşündə qələbə ilə qoyulsa da, 1603-cü ildə ölkənin tarixdəki ən məşhur kraliçası, ölkəyə qüdrət verməyə və nüfuz qazandırmağa nail olmuş I Elizabetin ölümü ilə, dinc qaydada başqa sülaləyə, şotlandların Styuartlar nümayəndəsinə verilmişdir. Ölkə dini islahata, əslində, inqilab nəticəsində yeni daxili münaqişələrə, katoliklərlə protestantlar arasında gərgin mübarizəyə cəlb olunsa da, xalq, əslində, iki hissəyə parçalansa da, sınaq anlarıda, xarici müdaxilə təhlükəsi gücləndikdə və reallaşdıqda vahid cəbhədən çıxış edərək, düşmənin ümidlərini puç etməyi bacarmışdı.

Tüdor sülaləsinin hökmranlığı heç də hamar yolla getməmişdir, siyasi uçurumlar və yüksəkliklər də olmuşdu, ən başlıcası başlanğıcda sülalə Avropa dövlətləri tərəfindən tanınmışdı, sülalənin hökmranlığı  dövründə İngiltərə diplomatik üsullardan və matrimonial (digər kral ailələrinin üzvləri ilə izdivaca girmək) əlaqələrdən istifadə etməklə hətta heybətli düşmənləri olan Fransaya və İspaniyaya qarşı da öz suverenliyini daim qoruyub saxlamışdı. Sülalənin birinci kralı VII Henri İspaniya ilə münasibətlərini yoluna qoymaq və onu öz düşməni Fransaya qarşı çevirmək üçün İspaniyanın katolik kralları Ferdinandın və İzabellanın kiçik qızlarını böyük oğlu prints Artura almış, o, öldükdən sonra isə kiçik oğlu Henriyə nişanlamış, özü öldükdən sonra VIII Henri kimi taxt-taca çıxan bu oğlan həmin Katerina Araqonluya evlənmişdi.

Atasından fərqli olaraq, VIII Henri eşq macəraları və dəfələrlə evlənməsi ilə ölkədə və dünyada bəzi problemlərin yaranmasına şərait yaratmışdı. Kral öldükdən sonra onu 9 yaşlı oğlu, xəstə VI Eduard əvəz etmiş, bu vaxt dövlətin siyasətində, gənc kral üzərində  Nortumberland hersoqu Con Dadli böyük nüfuza malik olmuşdu. Altı il davam edən hökmranlıqdan sonra, VI Eduard öləndə onun ən böyük bacısı I Mariya taxt-taca çıxmış və ölkədə katolitsizmin əvvəlki mövqeyinin bərpa edilməsinə çalışmaqla, yüzlərlə adamın qətlə yetirilməsinə səbəb olmuşdu. Buna görə onu "Bloody Mery" - "Qanlı Mariya" adlandırmışdılar. Onun hökmranlığı dövründə Kalenin Fransanın xeyrinə itirilməsi ilə İngiltərənin qitədəki son ərazisi də əldən çıxmışdı. 1453-cu ildə İngiltərə ilə Fransa arasındakı Yüzillik müharibə başa çatanda isə yalnız Kale istisna olmaqla qitədəki ərazilərin hamısı itirilmişdi.

1558-ci ildə I Mariyanın ölməsi ilə onun ögey kiçik bacısı I Elizabet taxt-taca çıxmış və onun idarəçiliyi 44 il davam etmişdir. Elizabetin hökmranlığı dövründə İngiltərə siyasi, iqtisadi və hərbi cəhətdən xeyli möhkəmlənmiş, 1588-ci ildə ingilis donanmasının gəmilərinin və dənizçilərinin üstünlüyü hesabına, həm də tufanın köməkliyi ilə İspan Armadasının darmadağın edilməsi ilə, müharibəni başlamaq və İngiltərəni işğal etmək təşəbbüsü göstərən İspaniyanın ümidləri puç olmuşdu. Bundan sonra İngiltərəyə müdaxilə planları bir daha reallığa yaxınlaşmamışdı. Elizabet həm də ərə getməməklə, o qədər də real mahiyyət daşımayan "Bakirə kraliça" adını daşımaqla, ingilis taxt-tacının fransızların və ya ispanların əlinə düşməsinə imkan verməmişdi, Şotlandiya kralına təhvil verilsə də, öz doğma şərəfini qoruyub saxlamışdı.

Sülalənin siyasi səhnədəki böyük uğurları ilə yanaşı, bədbəxtliklər də onun üzvlərini heç də rahat buraxmırdı. Sülalənin banisi VII Henri iki oğlunu, - onlardan biri Uels printsi olmaqla taxt-tacın varisi idi - itirmişdi. Arvadı bu itkinin yerini doldurmaq üçün yenidən uşaq doğanda, bu qız uşağı da, ananın özü də öldu. Çox keçməmiş kralın özü də 1509-cu ildə həyatla vidalaşmalı oldu.

VIII Henrinin birinci arvadı Katerina Araqonludan olan beş uşağı ölmüş, yalnız gələcək kraliça I Mariya sağ qalmışdı. İkinci arvadı Anna Boleynin ona oğul varis bəxş edəcəyinə böyük ümid bəslədiyi halda, onun da yalnız bir uşağı - Elizabet salamat qalmışdı, üç il sonra isə ərinə xəyanət ittihamı ilə kraliça Boleynin boynu vurulmuşdu. Üçüncü arvadı Ceyn Seymur ona oğlu Eduardı doğsa da, özü doğuşdan az sonra ölmüşdü. Sonrakı arvadını da boşamış, sonra daha iki dəfə evlənmişdi, beşinci arvadı Katerina Hauardı da Anna Boleynə olan ittiham əsasında edam etdirmişdi. Sonra Katerina Parra evlənmişdi.

Eduard uşaq ikən kral olsa da, az yaşamış, xəstə olduğuna görə həyatdan tez, 16 yaşında getmişdi. Böyük bacısı Mariya kraliça olduqdan sonra ispan printsi, gələcək kral II Filippə ərə getmiş, ona uşaq doğmaq istəsə də, arzusu nəticə verməmişdi. Hətta qarnındakı şişini o, özünün hamiləliyi kimi qələmə vermiş, uzun müddət mamaçalarla əhatə olunmuş, gözləmələr nəticə verməyəndə o, özü uşağının olmayacağını elan etmiş və övladı olmadan da dünyadan köçmüşdü.

Kraliça Elizabet isə uşaqlığında və gəncliyində məşəqqətlərdən keçmiş, dustaq edilmiş, lakin iradəsinin hesabına bütün sınaqlardan çıxa bilmiş, həm də öz üzərində çalışaraq yaxşı təhsil görmüş, beş əcnəbi dilə - əsas Avropa dillərinə yiyələnmişdi. O da ərə getmədiyindən varis probleminin həllinə heç bir köməklik göstərməmişdir. Ata və oğul Henrilərdən fərqli olaraq, sonrakı üç taxt-tac sahibləri meydana varis gətirə bilməmişdilər. Ona görə də sülalə, nəhayət, davam etdirilə bilməmiş, hökmranlıq yeni, şotland mənşəli Styuart sülaləsinə keçmişdi.

Problemlər təkcə varis məsələsi ilə yekunlaşmırdı, taxt-taca çıxmağın özü də, ona olan iddialar da xeyli çətinliklər meydana gətirirdi. Taxt-tacın iki dəfə ötürülməsi sakit keçmişdi, çünki ölən krallar varis barədə öz qərarlarını elan etmişdilər - bu varislər VIII Henri və VI Eduard idi.

Düzdür, VIII Henri də Eduardın və Mariyanın varis olacağı elan etmişdi. Lakin I Mariyanın taxt-taca çıxması ciddi münaqişə yaratdı. VII Henrinin nəticəsi, qızı Merinin nəvəsi, onun övladı olan Fransıezin qızı Ceyn Qrey böyük siyasi qüdrətə malik olan qayınatası Nortumberland hersoqunun möhkəm dəstəyinə arxalanaraq, taxt-taca iddia ilə çıxış etdi və hərbi münaqişə yarandı. Mariyanı müdafiə edənlər qalib gəldiklərindən o, kraliça elan olundu.

Elizabet də hakimiyyətə ölən bacısının vəsiyyəti ilə gəlsə də, xeyli müddət taxt-taca iddia edən Şotlandiya kraliçasının bu mövqeyi real olaraq tutmaq təhlükəsi altında yaşamalı olmuşdu. Mariya Styuart VIII Henrinin böyük bacısı Marqaretin nəvəsi idi və onun da iddiasının hüquqi əsasının olmasını heç də inkar etmək mümkün deyildi. Həm də bu qadın fransızlar tərəfindən qızışdırılmaqla - axı o, qısa müddətə də olsa, Fransanın mərhum kralının arvadı olmuşdu, - digər tərəfdən katolik olmaqla yanaşı, həm də intriqalar və provokasiyalar aludəçisi idi. Onun daha bir provokasiyası baş tutmayanda o, Şotlandiyadan İngiltərəyə qaçmağa məcbur olmuş və orada həbs edilərək, 10 il müddətində yaxşı şəraitdə yaşasa da, məhbus kimi ömür sürmüşdü. Kraliça Elizabetə qarşı onun iştirak etdiyi üç qəsdin üstü açıldıqda, 1587-ci ildə Mariya Styuart edam edilmişdi.

İngiltərə siyasi tarixinin qəribəlikləri də vardır. Vaxtilə anası, fahişə elan edilən Anna Boleynin qızı Elizabet, kiçik vaxtı həmçinin, bastard və fahişə adlanırdı. Lakin anasının ölümündən 22 il sonra taxt-taca yüksəldi. Mariya Styuart kraliça Elizabetin dəhşətli düşməni kimi edam edilsə də, 1603-cü ildə Elizabetin öz qərarı və vəsiyyəti ilə onun oğlu, Şotlandiya kralı VI Ceyms I Ceyms kimi İngiltərə taxt-tacına sahib olmuşdu.

Krallara və hökmranlıq edən kraliçalara üz verən bədbəxtliklərdən söhbət getsə, sülalənin digər bir sıra üzvləri də heç də xoşbəxt həyat yaşamamış, ilkin uğurlarına baxmayaraq, sonralar müxtəlif keşməkeşlərlə, bəxtin üz döndərməsi və acı bədbəxtliklərlə üzləşməli olmuşlar. Bu barədə VIII Henrinin kraliçası Katerina Araqonludan, Şotlandiya kralı IV Ceymsin kraliçası Marqaretdən və Fransa kralı XII Luinin kraliçası Meridən heç biri, onların üstünü kəsmiş talesizliyin hücumundan yaxa qurtara bilməmişdi.

Katerina Araqonlu, mərkəzləşmiş İspaniyanın rüşeymini yaradaraq, əsasını qoymuş kral Ferdinandın və kraliça İzabellanın qızı olmaqla Qranadada ərəblərdən yadigar qalmış dəbdəbəli Alhambra sarayında böyümüşdü. O, ingilis printsi Arturdan bir yaş böyük olsa da, ona ərə gəlmiş, gənc ərinin matəmini yaşamalı olmuş, həm öz valideynlərinin və həm də qayınatasının xəsislikləri hesabına sarayda ağır maddi şəraitdə yaşamış, özündən 6 yaş kiçik kral VIII Henriyə ərə getdikdən sonra kraliça kimi böyük idarəçilik imkanlarına yiyələnmişdi. Bu xoşbəxtlik dövrünə də 1531-ci ildə kralın onu tərk etməsi ilə son qoyulmuşdu. Katerina ölənə qədər olan beş il ərzində tənha yaşamaqla, dua etməklə məşğul olmuşdur. Katerina Henriyə ərə getməsinin qanunsuz olması barədə ona qarşı edilən ittihamdan təhqir olunmuş və kraliça titulundan məhrum olmaq tələbinə isə boyun əyməmişdi.

VII Henrinin böyük qızı Marqaret Şotlandiya ilə sülh münasibətini möhkəmləndirmək üçün 13 yaşında özündən xeyli yaşlı, Şotlandiya kralı IV Ceymsə ərə getmişdi. On il davam edən nikah IV Ceymsin İngiltərəyə müdaxiləsi vaxtı aparılan döyüşdə həlak olması ilə başa çatmış, Marqaretin kraliçalığı və kiçik yaşında kral elan edilən oğluna regentliyi də olduqca çətin keçmiş, fasilələrə məruz qalmışdır. Sonra o, gələcəkdə ona xəyanət edəcək lord Anqusa ərə getmiş, ondan ayrıldıqda Henri Styuartın arvadı olmuşdu. Lakin onun kral oğlu da atası kimi dünyadan tez köçmüş, İngiltərə ilə döyüşdəki öz məğlubiyyətindən az sonra, 30 yaşında ölmüşdü. Marqaretin nəvəsi Mariya Styuart da ağır taleyin qurbanı olmuş, Şotlandiya kralına ərə gəlmiş İngilərə kralının bacısının nəticəsi, Mariyanın oğlu isə I Ceyms kimi İngiltərə taxt-tacına sahib olmuşdu.

VII Henrinin kiçik qızı Meri uşaqlığında anasız, sonra isə atasız yetim qalmış, yeniyetməliyində azyaşlı ispan printsi, gələcək Müqəddəs Roma imperatoru V Karla nişanlanmış, lakin sonradan nişan pozulmuşdu və o, Fransa kralı, özündən xeyli yaşlı və xəstə XII Luiyə ərə gedərək, Fransa kralının kraliçası olmuşdu. Onların izdivacı qısa ömürlü olmuş, əri bir il sonra öldüyündən o, dul qalmış və İngiltərəyə qayıtmışdır. Sonra o, sevdiyi Çarlz Brendona gizli qaydada ərə getmiş, ondan Fransez adlı bir qızı olmuş, mədəsindəki şişdən əziyyət çəkmiş və 37 yaşında vəfat etmişdi. Ölümündən əvvəl də ona sarayda ehtiram göstərilmirdi, kral qardaşı hələ Anna Boleynə evlənməmişdən əvvəl onu bacısından yuxarı tutmaqla, Merinin mənliyini təhqir etmişdi. Onun qızı Fransez isə Ceyn Qreyin anası idi.

(Ardı var)

 





09.07.2019    çap et  çap et