525.Az

İsmayıllıda güclü külək və sel fəsadlar törətdi, avtobus su altında qaldı


 

İsmayıllıda güclü külək və sel fəsadlar törətdi, avtobus su altında qaldı<b style="color:red"></b>

İsmayıllı rayonunda güclü külək və leysan nəticəsində yaranan sel suları evlərə, meyvə ağaclarına, elektrik naqillərinə ziyan vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gün axşam saat 21:00 radələrində İsmayıllı rayonunda güclü küləklə müşayiət olunan leysan yağışı yağıb.

Güclü külək bir neçə evin və sosial obyektin dam örtüyünə ziyan vurub, İsmayıllıda məcburi köçkünlər üçün salınan "Qarabağ" yaşayış massivində məskunlaşan Şuşa sakini, 1969-cu il təvəllüdlü Mirzəliyev Rövşən Hümbət oğluna məxsus fərdi yaşayış evinin dam örtüyünü tamamilə qoparıb, yağış suları evdəki əşyalara ziyan vurub.

Hazırda ailə üzvləri evsiz qalıblar. Gəncədən Lahıc qəsəbəsinə turistləri gətirən avtobus "Cənnət bağı" istirahət mərkəzinin qarşısında dayanıb və yağışdan sonra qəflətən dağdan gələn sel sularına qərq olub. Avtobusu su və lil basdığı üçün onu ərazidən çıxarmaq mümkün olmayıb. Turistlər Gəncəyə başqa avtobusla yola salınıb. Hazırda avtobusun sel basan ərazidən çıxarılması üçün tədbirlər görülür.

Bundan əlavə güclü külək nəticəsində rayonda elektrik naqilləri qırılıb, rayon mərkəzinə və kəndlərə elektrik verilişi dayanıb, qaz və su xətlərinə, meyvə bağlarına, əkin sahələrinə ziyan dəyib.

 





10.07.2019    çap et  çap et