525.Az

"Ən güclü şeirlər bəstəboy olur" - Xəlil Adıgözəlin şeirləri


 

"Ən güclü şeirlər bəstəboy olur" - <b style="color:red">Xəlil Adıgözəlin şeirləri </b>

Gənc yazar Xəlil Adıgözəl mənə "SONra" şeirlər kitabını bağışladı. Əvvəllər bir neçə şeirini oxumuşdum, televiziyadan öz ifasında dinləmişdim. İndi kitab halında oxudum. Elə əvvəlki xoş təəssüratım davam elədi. Bəyəndim kitabı.

Xəlil insanın hiss və duyğularını şeirə çevirə, bədiiləşdirə, poetikləşdirə bilir. Hiss olunur ki, mütaliəlidir, poeziyanı yaxşı bilir, dilin incəliklərinə bələddir, xalq deyimlərindən yerində və yaxşı bəhrələnir.

Heca vəznində özünü rahat hiss edir, poeziyamıza bələdliyi və sevdiyi gözəl şairlərimizdən təsirləndiyi misralarından göyərir, hərdən əruza da baş vurur ("Aç ölüm kəndirini","Qəzəl","Qitə").

Bəzi şeirlərində ("Ən ağır söz", "O mən idim") formanı sındırmaq, eksperiment etmək cəhdləri diqqətimi çəkdi və xoş oldu. Çünki Xəlilin şeirlərinin formasındakı monotonluq, eyni çərçivə və oxşarlığın bəzən yorucu təsir bağışladığını hiss etdim. Ona forma axtarışlarını davam etdirməyi, öz orijinal, fərqli intonasiyasını tapmağı arzulayıram. Şair həm də öz fərqli intonasiyası, özünəxas nəfəsi ilə seçilməlidir.
"Çoxunun yerinə əsgərlik edir,

İgid şeirlərim, ər şeirlərim"- deyən özünəgüvənli şairin əksər gəncliyə xas pessimistliyindən yenə məyus oldum:

Əlimdən tutanım yoxdur, İlahi,
Nə çoxdur üzümə gülənim mənim.

yaxud

Mən kiməm, nəçiyəm bilinəcəkdir
Mələklər qəlbimi böləndən sonra.
Qaçmaqdan o qədər yorulmuşam ki,
Biraz dincələrəm öləndən sonra...

"Qəlbimə xəyanət edə bilmərəm"-deyən Xəlil Adığözəl "ürəyimsiz kəlmə yazan deyiləm" andlı Məmməd Arazın xələfidir. Şeirimizin ən gözəl ənənələrinin davamçısıdır.

Onun sevgi şeirləri ayrılıq, xəyanət , həsrət , vüsal, ümid , nigarançılıq duyğularının təsviriylə boldur. Yaxşıdır, oxunur. Yəqin kimlərisə kövrəltməyə, gözlərini yaşartmağa da qadirdir. Amma mən Xəlildən daha çox şey umuram. İllər boyu min dəfələrlə təkrarlanan "Baxışın da yadlaşıb Gözlər o gözlər deyil" məqamını Xəlil fərqli yazmalıdır. Bu mövzuda indiyəcən yazılanların sayını artırmaq yox, qəfil bədii tapıntısıyla, qeyri-adi detallarla bizi diksindirməlidir.

Tükümüz dimdik durub, ətimiz ürpəşməyəcəksə yeni şairin gəlişini hiss etməyəcəyik axı!!!

Bir də ki, çox və oxşar, "suyu bol" orta statistik şeirlərə nə hacət?! Az olsun, fərqli olsun, yaddaqalan olsun!

Bu sözləri ona görə deyirəm ki, Xəlilə inanıram. O yeni, fərqli bir şair simasında ədəbiyyatımıza gələ bilər. Buna qadirdir. İlham, ruh, ağıl, bol enerji və zəhmət yardımçısı olsun!

Rəşad MƏCİD

Adıgözəl Xəlil Fərhad oğlu - 1985-ci ildə Bakı şəhərində anadan olub. Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Kürdəmir rayonu Axtaçı-Qarabucaq kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.

"Ən güclü şeirlər bəstəboy olur"

Ən gözəl şeirlər - saçları buruq,
Dodağı qırmızı, gözü göy olur.
Ən yaxşı şeirlər -  hündürboy, arıq,
Ən güclü şeirlər bəstəboy olur.

Kasıbı, varlısı, xeyiri-şəri...
İndi şeirlərin nər kini olur.
Sərxoşu, dindarı, vətənpərvəri,
Özəli, gözəli, çirkini olur.

Yenə də başımı duman, çən alıb,
Məni şeirlərim dərdə salıbdır.
Şikəst şeirlərim bəxtəvər olub,
Gözəl şeirlərim evdə qalıbdır.

Asandan başlamır çətin şeirlər,
Tarix soraqlamır, yiyəsi kimdir?
Ürəksiz yazılan bütün şeirlər,
Qüsulsuz qılınan namaz kimdir.

Ürəyim dinləmir ağlım deyəni,
Daha yuxularım ərşə çəkilir,
Zaman yetişib ki, şor torbasının
Ağzını açırsan, "şeir" tökülür.

Hecalar ayları, illəri gəzir,
Misralar gözümdə boğulub ölür.
Yüngül şeirlərim dilləri gəzir,
Ağır  şeirlərim doğulub ölür.

Amandır, qoy susum ürək dolusu,
Onsuz, nə olursa, qoynumda qalır.
Razıyam, hər sözüm ağzımda qalsın,
Ağızdan çıxdısa, boynumda qalır...

Ən gözəl şeirlər - saçları buruq,
Dodağı qırmızı, gözü göy olur,
Ən yaxşı şeirlər - hündürboy, arıq,
Ən güclü şeirlər - bəstəboy olur.

Dünya

Bu dünyanın lap əzəldən,
Qışı da yazı boydadı.
Nə böyükdü, nə balaca,
Çoxu da azı boydadı!

Axır yozdum bu yuxunu,
Tanıdım yadı-yaxını,
Hamının boyu-buxunu,
Ağzının sözü boydadı!

Dünya-başa qaxanların,
Dünya-başa çıxanların,
Dünya-ona baxanların,
Koralmış gözü boydadı.

Həm "qarası", həm "ağının",
Yatmışının - oyağının,
Dünya-insan ayağının,
Torpağı-tozu boydadı.

Çox axtardım künc-bucağın,
Həm o çağın, həm bu çağın,
Dünya-yanan bir ocağın,
Közərən közü boydadı.

Az ovcunda bük ürəyi,
Aç - çarmıxa çək ürəyi,
İnsanlar var tək ürəyi,
Dünyanın özü boydadı.

"Həyatın məcazi mənası"

Qarışıb yuxularım, itib xeyirim, şərim,
Halım qarışıb yenə, məndəki hal hal deyil.
Div ağzına atmağa qurbanıq, əzizlərim,
Havayı aldığımız nəfəs də halal deyil.

"Tanrı minlər içindən niyə məni seçibdir?"
Yuxuda görürəm ki, özümə su verirəm.
Barmağım yarıyacan gicgahıma keçibdir,
Durub üzü qibləyə, gözümə su verirəm.

Biri sinəmdən basır, biri başımı əyir,
Hanı mənim bir gözüm, niyə qolum yoxdur ki?
Tanrı məni çağırır, dəli şeytan qal deyir,
Niyə mənim getməyə başqa yolum yoxdur ki?

Əqrəblər yorğun düşüb, taqəti qalmayıbdır,
Azad olmaq qulluqdan, iş işdən asılıdır.
Məndə də o səbirdən heç, qəti qalmayıbdır,
Məni də qınamayın, vərdişdən asılıdır.

Eşşək damğalayıram, hamı iyə dayanıb,
Gözüm dikilib qalıb "şeytanlıq döyməsi"nə.
Dünya niyə fırlanmır, zaman niyə dayanıb,
Kimin barmağı dəyib pauza düyməsinə?

Şəhadət barmağımdır gicgahımın silahı,
Bütün günü yollarda quru can daşıyırıq.
Gözümüzü sıxanda su çıxırsa, İlahi,
Niyə damarımızda su yox, qan daşıyırıq?

Deyirlər o dünyada qaynar qazan qaynayır,
Qorxudan saralmışıq, bıçaq vursan, qan çıxmaz.
Bir neçə "dəcəl uşaq" mərcə oyun oynayır:
"Görək, kim kimi yıxar, görək, kim kimi yıxmaz"

Qızğın bir oyun gedir, "Ya Qaralar, Ya Ağlar"
Çirmələyib qolunu bir neçə "igid", "qoçaq"
Yenə yuxu görmüşəm, sizə bəd xəbərim var:
İçimdən bir səs deyir: "Qaralar uduzacaq!"

"Neyləyə bilər ki ağrılar sənə"

Sinəni yararsan, qəlbin daş çıxar,
Qurduğun xəyallar dağılar yenə.
Girib ürəyinə əliboş çıxar,
Lənətlər yağdırar oğrular sənə.

Qovub, arxasınca daş atdıqların,
Ömründən illərlə yaş atdıqların,
Bilməzsən, gün gələr yaşatdıqların
Səmtini dəyişər, doğrular sənə.

Bilirəm, savabın dönüb günaha,
Kövrələ bilmirsən indi hər aha,
Qalmayıb heç nəyə inamın daha,
Ağ yalan görünür doğrular sənə.

Yanıb kül olursan, his eləmirsən,
Susub pis olursan, səs eləmirsən,
Sən ki öz ruhunu hiss eləmirsən,
Neyləyə bilər ki ağrılar sənə?!

"Xoşbəxt ol"

İstəyirsən bir də sına,
Qəlb ki şüşə deyil sına,
Ürəyimin qapısına
Bir top atdın, dedim: - qoldu.

Bu top düşməz hər ayağa,
Düşər bəxtəvər ayağa,
Durdum birtəhər ayağa,
"Bir şey olmaz" - dedim, yoldu...

Olanlar mənə olmuşdu,
Başımı duman almışdı,
Ümidim sənə qalmışdı,
"Səbr et" - dedin, dedim: - oldu!

Bu nə top idi qovurdum?
Mən ki sadəcə sevirdim,
Üzümü göyə çevirdim:
"Nə baş verir" - dedim, noldu?!

Elə "eşq" də söz imiş, söz,
Deyilənlər düz imiş, düz,
Mənim nəfəsim buzmuş, buz,
Kimə "gülüm" dedim, soldu.

Bu nə yoldu, nə cığırdı?
Deyim "Xoşbəxt ol?" Axırdı!
Mənim nəfəsim ağırdı,
Bir də gördün dedim, oldu!

Şübhələr...

İlahi, qəlbimdən yu şübhələri,
Kimləri gözümdə fərd eləmişəm...
Haçandır saxlayıb bu şübhələri,
Böyüdüb içimdə qurd eləmişəm.

Anladım kim yazıb tale yazımı,
Tanıdım ayaqlar altda izimi,
Gör neçə illərdir iki gözümü,
Göyün yollarında dörd eləmişəm?!

Çoxdandır sevməyi Sənə itaət,
Namusu, qeyrəti təqva, ibadət,
Göz yaşı tökməyi sevinc, səadət,
Gülməyi özümə dərd eləmişəm.

Aqil olan gərək seçə namərdi,
Çözə, tapmacatək aça namərdi,
Mən ağlım kəsəndən neçə namərdi,
Qovub bu dünyada mərd eləmişəm.

Nə çoxdur dünyada satan, satılan,
Nə çoxdur gözləri haqqa tutulan,
Min tasdır üstündə "sə bir" atılan,
Sinəmi həyata nərd eləmişəm.

SUS!

Sən də qələmimtək susursan birdən,
Susursan, susursan, kəlmə demirsən.
Getmişəm gəldiyim yerə kimi mən,
Gedirəm-gəlirəm, gəlmə demirsən.

Bir dəfə sözünü salmadım yerə,
Nə dedin, dedim ki, düzdür, doğrudur!
Bəs niyə hələ də xatirələrə,
Dəyməsəm, sızlayır, dəysəm, ağrıdır?!

Yalanmı? Deməzsən, alışdırardın...
Desən, eləməzdi naz bəbəklərin.
Desən, əllərini ovuşdurardın,
Desən, böyüyərdi göz bəbəklərin.

Bəs niyə qaralıb ağappaq üzün,
De, kimlər saçını ucundan hörür?
Sənə nə olub ki, ala gözlərin,
Rəngarəng dünyanı ağ-qara görür?!

İsti göz yaşların gözündə donub,
Soyuqdur əlinin silahı belə...
Görəsən, dünyamı tərsinə dönüb?
Bu necə baxışdır, İlahi, belə?!

Sükutdan o yana inilti başlar,
Divarlar tərpənir yerindən, susmur!
Elə susursan ki, qayalar, daşlar,
Ölülər bu qədər dərindən susmur.

Ümidlər ovcumda saralıb solur,
Gözümün yaşını tökürəm, olmur.
Bu necə dərddir ki çəkirəm olur,
Önündə diz üstə çökürəm, olmur.

Əgər danışmağa üzün yoxdursa,
Yüngüldən ağıra susursansa, sus!
Susmağın üstünə sözün yoxdursa,
Əvvəldən axıra susursansa, sus!

 





10.07.2019    çap et  çap et