525.Az

10 misralıq şeir müsabiqəsi - Mətn


 

10 misralıq şeir müsabiqəsi - <b style="color:red">Mətn </b>

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Feysbuk sosial şəbəkəsində 10 misralıq şeir müsabiqəsi elan edib. Rəşad Məcid yarışmada feysbuk izləyicilərinə 5 söz (isti, düyün, kələf, nisgil, üşümək) təklif edərək, bunlardan istifadə edilməklə yazılan ən bəyənilən şeirin müəllifinə mükafat olaraq 10 kitab və ya 100 AZN veriləcəyini bildirib.

Müsabiqə maraqla qarşılanıb, tanınmış imzalar da bu yarışmaya rəğbətlə yanaşıblar.

Sonra müsabiqə şərtinə görə, 10 gün ərzində şeiri Feysbuk izləyiciləri tərəfindən daha çox bəyənmə toplayan 10 şeir seçilərək  30 nəfərdən ibarət münsiflər heyətinin müzakirəsinə təqdim edilib. Seçilmiş münsiflərin səsverməsinə əsasən, Xatirə Xatun adlı müəllif yarışmanın qalibi olub. Sonda baş redaktor müəllifə mükafatını təqdim edərək, eyni zamanda yarışmaya maraq göstərən bütün müəlliflərə təşəkkürünü bildirib.

Müsabiqədə iştirak edib oxucular tərəfindən daha çox bəyənilərək ilk onluğa düşən şeirləri oxucularımıza təqdim edirik.

Xatirə XATUN

(yarışmanın qalibi)

Yenə fikirlərim DÜYÜN düşübdür,
KƏLƏFin ucunu tapa bilmirəm.
Sağ olsun, məni heç tək buraxmadı,
Xəyalın, NİSGİLin, bir də xatirən...

İndi ÜŞÜYÜRƏM İSTİ otaqda,
Danışan heykələm, yeriyən məzar.
Sənin xəbərin yox, çox-çox uzaqda,
Kimsə göz yaşıyla bu şeiri yazar...

Reyhan KƏNAN

Kələflər dolaşıb, düyünə düşüb.
Tutulan, bu qəlbin çöhrəsi imiş.
O uzaq illərdə nəğmə oxuyan
Nənəmin nisgilli cəhrəsi imiş.
Yenə də dünyanın cəhrəsi sınıq,
Ürək hər kədəri daşıya bilər.
Sığınıb bir küncə, dönüb yumağa
Adam istidən də üşüyə bilər.

Roma XOSROV

Arzuları DÜYÜN düşən qadın,
qurduğu xəyalların KƏLƏFİNDƏ sıxıldıqca,
Odlar Yurdu boyda İSTİ ölkədə
onu öz NİSGİLİ yox,
İnsanların soyuqluğu
və laqeyd münasibəti ÜŞÜDÜRDÜ!
ÜŞÜYƏR o əllərin ovuclarımda,
DÜYÜN salar barmağım saçında, ay qız.
İSİNMƏDİK Bakıya, bir gün açılar-
Bu NİSGİLİN KƏLƏFİ Laçında ay qız.

Zaur İLHAMOĞLU

Bəxtinin kələfi düyün düşürsə,
Yüz il çalışsan da, aça bilməzsən.
Yayın istisində ruh üşüyürsə
Sən bu soyuqluqdan qaça bilməzsən.
Ömür yaşayırsan xoşbəxt, ya bədbəxt
Ömrün də təzadlı ay, ili varmış.
Xoşbəxt yaşamağın sevinci varsa,
Bədbəxt yaşamağın nisgili varmış.

Allahşükür AĞA

Dünyanın düyün düşən işləri var,
Baş açdınmı kələfinin ucundan?
İstisində üşüyərsən, donarsan,
Qurtarmazsan nisgilindən, öcündən.

Elşən ƏZİM

Aran yeri... İsti... Bişir bir dağ adamı,
Göz tökülüb, bel bükülüb, çiyin düşübdür.
Və üşüyür o nisgilin sazaqlarında,
Və bir kənd var taleyinin uzaqlarında,
Yolu kələf, kələfi də düyün düşübdür.

Elvin BAKİROĞLU

Bu necə istidi mən üşüyürəm,
Kələfin ucumu qarışdı yenə?
Döşəyim didərgin, yorğanım düyün,
Könlüm bu nisgilə alışdı yenə.
Səni qucaqlayıb yatıram hər gün,
Oyanıb görürəm balışdı yenə...

Sevinc ARZULU

Düyün düşüb xatirələr kələfi,
Kim açacaq bilmirəm bu düyünü.
Nisgilindən üşüyürmü sələfim?
Necə sevim yayın isti gününü...

Vüsal QABİLOĞLU

Taleyimin düyününə baxıram,
Düz kələfin büküldüyü yerdəyəm.
İsti qucaq həsrətinə hər axşam
Göz yaşının töküldüyü yerdəyəm.
Nisgilinlə çətindir bu zamanda.
Üşüsəm də, yayda belə aranda,
Ayrılığın təkidiylə bir anda,
Qəlb evimin söküldüyü yerdəyəm.

Gülyaz ƏLİYEVA

Qarabağ kələfim düşdü düyünə,
Nə qədər əlləşdim aça bilmədim.
Nisgilli gecələr üstümə gəldi,
Bu dərddən biryolluq qaça bilmədim.
İsti yay günündə buz bağlamışam,
Məni qurtarassan haçan bilmədim...

Yarışmaya istedadlı gənclərə həmrəy olmaq məqsədiylə qoşulan, tanınmış şair, millət vəkili Musa Urudun aşağıdakı bir bəndlik şeirini də istisna hal kimi, 11-ci şeir olaraq oxucularımızla paylaşırıq:

Musa URUD

Ömür kələfinə düyün vurma, gəl,
Nisgildən isti də üşüdər məni.
Adın dodağımda duadır, gözəl,
Din ləsən, ürəyin eşidər məni!

Təqdim etdi: Şəhla ASLAN

 





10.07.2019    çap et  çap et