525.Az

Azərbaycan mədəniyyətinin yeni qələbəsi


 

XAN SARAYI VƏ ŞƏKİNİN TARİXİ MƏRKƏZİ UNESCO-NUN DÜNYA İRS SİYAHISINA SALINDI

Azərbaycan mədəniyyətinin yeni qələbəsi<b style="color:red"></b>

İyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Əvvəlcə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) hesabatı dinlənilib. Bildirilib ki, Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 kilometr məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda - təcrid olunmuş bir məkanda yerləşir.

Qeyd edilib ki, Şəkidə yerləşən Xan Sarayı dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə inşa edilən saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Otuz metr uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni əhatə edir. Saray altı otaq, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindəndir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray 120 hektar ərazini əhatə edir.

Hesabatda Şəki ilə bağlı faylın 2017-ci ildə Polşanın Krakov şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiyanın müzakirə olunduğu diqqətə çatdırılıb.

Müzakirələr zamanı Küveyt, Anqola, Çin, Bəhreyn, Braziliya, İndoneziya, Tanzaniya, Tunis, Qırğızıstan, Bosniya və Herseqovina, Uqanda, Norveç, Zimbabve, Burkina-Faso, İspaniya, Qvatemala, Avstraliya bu nominasiyanın Dünya İrs Siyahısına salınmasının vacibliyini vurğulayıb. Bildirilib ki, 41-ci sessiyadan sonra Azərbaycan hökuməti bu tarixi məkanla bağlı ciddi işlər görüb. Bu səbəbdən də üzv dövlətin nümayəndələri faylın qəbulunu məqsədəuyğun hesab edirlər.

Azərbaycanın nümayəndəsi çıxış edərək bildirib ki, nominasiya altı ildir yerli və beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib və əraziyə dəvət olunub. ICOMOS-un tövsiyələrindən irəli gələn məsələlərlə bağlı ciddi işlər görülüb. Yeni idarəetmə strukturu formalaşdırılıb və bir sıra qərarlar qəbul olunub.

Müzakirələrdən sonra "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiya UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Sonda Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qərara görə komitə üzvlərinə təşəkkürünü bildirib.

"Ümumdünya İrs Komitəsi Azərbaycandan artıq üçüncü nominasiyasını qəbul etdi. Bu gün Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına salındı". Bu sözləri iyulun 7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında "Şəkinin tarixi mərkəzi ilə Xan sarayı" nominasiyası qəbul olunandan sonra jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bu proses asan başa gəlməyib. "Altı ildir ki, Azərbaycandan ekspertlər bu faylı hazırlayaraq müvafiq beynəlxalq təşkilatlara təqdim etmişdi. İlk mərhələdə onların təhlili kifayət qədər müsbət olmamışdı. Lakin Azərbaycanın gətirdiyi sübutlar və cənab Prezidentin məsələ ilə bağlı imzaladığı sərəncamın icrası bu qərarın verilməsində müsbət rol oynadı".

Əbülfəs Qarayev Azərbaycanın UNESCO ilə əlaqələrinin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi rolunu da vurğulayıb: "Fürsətdən istifadə edərək Mehriban xanım Əliyevaya təşəkkürümü bildirmək istəyirəm".

Nazir Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan sarayının UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması münasibətilə Azərbaycan xalqını təbrik edib: "Xalqımızın mədəni irs tarixində bu, fövqəladə hadisədir".

Qeyd edək ki, nazir Əbülfəs Qarayev sessiyada qərar qəbul olunandan sonra çıxış edərək Azərbaycan hökuməti adından sessiya iştirakçılarına təşəkkürünü bildirib. Nazir diqqətə çatdırıb ki, biz bu məsələ ilə bağlı edilən tövsiyələri və müvafiq öhdəlikləri yerinə yetirəcəyik: "Bu məsələdə dəstək göstərdiklərinə görə Ümumdünya İrs Komitəsinə üzv dövlətlərə, ICOMOS-a təşəkkür edirəm".

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov da müzakirə zaman qeyd olunan bütün fikirlərin nəzərə alınacağını deyərək, sessiyaya minnətdarlığını bildirib və hamını Şəkiyə dəvət edib.

 





10.07.2019    çap et  çap et