525.Az

Qarabağ Muğam Mərkəzi yeni ifaçılar nəslinin yetişməsində önəmli rol oynayır


 

Qarabağ Muğam Mərkəzi yeni ifaçılar nəslinin yetişməsində önəmli rol oynayır<b style="color:red"></b>

Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi respublikamızın qabaqcıl mədəniyyət müəssisələrindən sayılır.

Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn adıçəkilən müəssisə fəaliyyətə başladığı ilk günlərdən əhali arasında böyük hörmət və nüfuz qazanıb. Bu gün uşaqdan-böyüyədək hər kəs onu özünün sevimli istirahət guşəsi hesab edir. 16 sinif otağı, 154 yerlik qış, 150 yerlik yay konsert zalından ibarət sözügedən Mərkəzdə uşaq və gənclərin musiqi təhsilinin, əhalinin asudə vaxtının, istirahətinin səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Burada il boyu müntəzəm olaraq, konsert tamaşaları, bayram və tarixi günlərlə əlaqədar şənliklər, digər mədəniyyət tədbirləri sərgilənir.

Muğam Mərkəzinin direktoru Tofiq Cəfərovun dediklərinə görə, sözügedən mədəniyyət müəssisəsində ötən tədris ilində fəaliyyət göstərən tar və səs şöbəsində 48 nəfər şagirdin musiqi təhsili ilə öz işinin öhdəsindən bacarıqla gələn 21 nəfər yüksək ixtisaslı müəllim  məşğul olub. Kollektivin səyi ilə istedadlı uşaqların üzə çıxarılaraq musiqi təhsilinə cəlb edilməsi  istiqamətində  daim konkret addımlar atılır. Təcrübəli mütəxəssisin qənaətinə görə, Muğam Mərkəzi bütövlükdə, Qarabağda və ətraf bölgələrdə yeni ifaçılar nəslinin yetişdirilməsində önəmli rola malikdir. Cari ilin ötən dövrü Mərkəzin müəllim və şagirdlərindən ibarət ansamblının ictimai yerlərdə, istirahət guşələrində, təhsil müəssisələrində, hərbi hissələrdə və cəbhəyani bölgələrdə rəngarəng proqramla çıxışları ilə yadda qalıb. Respublika mədəniyyət və turizm nazirliyinin tapşırığına əsasən Muğam Mərkəzinin müxtəlif bölgələrdə təqdim etdiyi "Muğam dünyası" adlı musiqi proqramı əhali arasında geniş rezonans  doğurub. Belə konsert tədbirlərinin ilin sonuna kimi respublikanın digər bölgələrində də davam etdirilməsi planlaşdırılıb. Mərkəzin kollektivi  rayonda keçirilən "Bölgələrdən bölgələrə" II Respublika  Yaradıcılıq Festivalının təşkilinə də fəal dəstək göstərib. Kollektivin bölgələrdə, hərbi hissələrdə uğurlu çıxışları Ağcabədi rayon icra hakimiyyəti, hərbi hissə komandirləri tərəfindən  yüksək dəyərləndirilib, dəfələrlə Fəxri Fərman və Təşəkkürnamələrlə mükafatlandırılıb.

Muğam Mərkəzinin yetirmələri müxtəlif respublika miqyaslı tədbirlərdə, festival və müsabiqələrdə fəal iştirak edirlər. Gənc ifaçılar Ceyhunə Şirəliyeva, Zəhra Məmmədova, Nərmin Sultanova, Arzu Mahmudova və Nəcibə Məmmədova Respublika Televiziya Muğam müsabiqələrində, Xan Şuşinski adına Muğam festivallarında, Respublika Gənclər Fondunun dəstəyi ilə keçirilən müsabiqələrdə müvəffəqiyyətlə çıxışlar edərək,  yüksək nəticələrə imza atıb, diplom və Fəxri Fərmanlarla təltif olunublar. Mərkəzin şagirdi, istedadlı gənc ifaçı Nəcibə Məmmədova 2017-ci ildə keçirilən Respublika Televiziya Muğam müsabiqəsinə qonaq qismində dəvət olunub, bu il isə iştirakçı kimi final mərhələsinədək irəliləyib. Onun yüksək səviyyəli çıxışları tamaşaçılar və münsiflər heyəti tərəfindən rəğbətlə qarşılanıb. Nəcibə 9-cu Beynəlxalq Uşaq Muğam festivalında da fərqlənərək,  II yerə layiq görülüb.

T.Cəfərov söhbət zamanı bunu da əlavə edib ki, kollektiv üzvləri respublika televiziya kanallarında musiqi proqramlarının tez-tez qonağı olur, canlı yayımlarda çıxışlar edirlər. Onların məharətlə ifa etdikləri muğam, təsnif və mahnılar tələbkar tamaşaçıların və mütəxəssislərin diqqətini çəkib. Nüfuzlu mədəniyyət müəssisəsində şagirdlərin muğam ifaçılığı sənətinə,  səhnə mədəniyyətinə dərindən bələd olmaları daim diqqət mərkəzində saxlanılır. Bu sahədə Milli Konservatoriya ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.  Konservatoriyanın baş müəllimi, tanınmış xanəndə Qəzənfər Abbasovun Qarabağ Muğam Mərkəzi şagirdlərinə ayda 2 dəfə keçdiyi ustad dərsləri bu baxımdan xüsusi önəm daşıyır.

Direktor sonda qeyd edib ki, rayon icra hakimiyyəti və regional mədəniyyət idarəsinin təşkilatçılığı ilə yay mövsümü ərzində Heydər Əliyev adına rayon mədəniyyət və istirahət parkında Muğam Mərkəzinin digər mədəniyyət müəssisələri kollektivləri ilə  birgə nümayiş etdirdiyi  geniş  proqramlı konsert tamaşları yerli sakinlər və qonaqlar tərəfindən maraqla qarşılanır.

Yəhya PAŞAZADƏ

 





10.07.2019    çap et  çap et