525.Az

NATO və Rusiya generalları növbəti dəfə Bakıda


 

“AZƏRBAYCANDA GÖRÜŞMƏK HƏM RUSİYAYA, HƏM DƏ NATO-ya SƏRF EDİR”

NATO və Rusiya generalları növbəti dəfə Bakıda<b style="color:red"></b>

Bakı növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşünə ev sahibliyi edir. Bu dəfə Azərbaycanın paytaxtında Rusiya Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə ABŞ hərbi hava qüvvələrinin generalı, NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uoltersin görüşü keçiriləcək.

Generallar artıq Bakıdadır. Bu gün Prezident İlham Əliyev hər iki generalın başçılıq etdiyi nümayəndə heyətlərini ayrı-ayrılıqda qəbul edib.

Prezidentin Mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi V.Gerasimovla görüşdə iki ölkə arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub. Tərəflər hərbi və hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparıblar.
NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı T.Volterslə görüşdə isə Azərbyacan-NATO əməkdaşlığı müzakirə olunub, ölkəmizin Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasına verdiyi töhfələr qeyd olunub.

Hər iki görüşdə beynəlxalq səviyyədə mühüm danışıqların mütəmadi olaraq Bakıda aparılmasının əhəmiyyəti vurğulanıb.

Azərbaycan paytaxtının növbəti dəfə belə bir görüşə ev sahibliyi etməsi həm Avropa və ABŞ-ın, həm də Rusiyanın Azərbaycana yüksək etimadı kimi qiymətləndirilir. Hesab olunur ki, qlobal güc mərkəzləri arasında görüşlər üçün mütəmadi olaraq Azərbaycanın seçilməsi sülh və dialoq məkanı kimi ölkəmizin beynəlxalq miqyasda rolunu və nüfuzuna müsbət təsirlərini göstərəcək.

Mövzu ilə bağlı fikirlərini bildirən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, iyulun 3-də generallar arasında telefon danışığı olub. Politoloq guman edir ki, Bakı görüşü məhz bu telefon danışığı zamanı razılaşdırılıb: “Telefon söhbətində Avropadakı hərbi-siyasi vəziyyət, Rusiya-NATO münasibətlərinin vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Bu o deməkdir ki, Bakıda bu mövzuların daha geniş müzakirəsi planlaşdırılır”.

Bakıda əvvəllər də belə görüşlərin keçirildiyini xatırladan mərkəz sədri qeyd edib ki, sonuncu dəfə V.Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı general Körtis Skaparotti ilə görüşüb: “May ayında Skaparottini Tod Uolters əvəz edib. Yəni, bu Uoltersin Bakıda Gerasimovla ilk görüşüdür.
Bu görüşlərdən böyük nəticə əldə ediləcəyini gözləməyə dəyməz. Çünki son illərdə NATO ilə Rusiya arasındakı münasibətlərdə soyuqluq artır. Bundan başqa ABŞ-ın öz raketlərini Avropada yerləşdirməsi və hər iki ölkənin orta və qısamənzilli raketlərin ləğvinə dair sazişdən çıxması bölgədə gərginlik atmosferini artırıb. Bu problemlər yalnız bir görüş və bir müzakirə ilə həll oluna bilməz. Buna baxmayaraq, Rusiya və NATO generallarının mütəmadi olaraq Bakıda görüşüb fikir mübadiləsi aparması iki qütb arasında vacib dialoq mühiti formalaşdırır və gərginliyi daha çox artırmamağa xidmət edir. Bu baxımdan Bakıdakı dailoqun əhəmiyyəti böyükdür”.

E.Şahinoğlu hesab edir ki, Rusiya və NATO generallarının Bakıda mütəmadi görüşlərinin keçirilməsi Azərbaycanın bölgədə artan roluna da işarədir: “Bu rola nə Gürcüstan, nə də Ermənistan uyğundur. NATO-nun Cənubi Qafqazdakı əsas tərəfdaşı olan Gürcüstanın Rusiya ilə münasibətləri gərgindir, iki ölkə arasında diplomatik əlaqələr yoxdur. Bu baxımdan Rusiya görüş yeri kimi Gürcüstanı qəbul etməz. NATO isə Ermənistanı görüş yeri kimi qəbul etməz. Çünki Ermənistan da Rusiyanın nəzarəti altındadır. Azərbaycanın isə həm Rusiya, həm də NATO ilə tərəfdaşlıq münasibətləri mövcuddur. Ona görə də Bakıda görüşmək həm Rusiyaya, həm də NATO-ya sərf edir”.

Qeyd edək ki, ABŞ, NATO və Rusiya generalları arasında Bakıda görüşlər 2017-ci ildən keçirilməyə başlayıb. Həmin il fevralın 16-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi V.Gerasimov ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordla görüşüb. Daha sonra, 2017-ci il sentyabrın 7-də rusiyalı ordu generalı NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə danışıqlar masasına əyləşib. 2018-ci il aprelin 19-da və dekabrın 12-də isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı K.Skaparrotti ilə bir araya gəlib.

C.ABASOV

 





10.07.2019    çap et  çap et