525.Az

Qələmsiz yazılanlar - Rəşad Məciddən status-esselər


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məciddən status-esselər</b>

Yalnız bizə aid olması ilə öyündüyümüz duyğular - insan hissləri, ürəyimizin hökmü, qəlbimizin istəyi təhlükədədir.

Hararinin yazdığına görə, Sİ (Süni İntellekt) və kompüter alqoritmləri, texnologiyalar o həddə çatıb ki, beyindəki neyronlar vasitəsilə insan hisslərini idarə etməyə qadirdir. İnsan hissləri, sən demə, dərin, anlaşılmaz bir şey deyil, sürətli hesablamalara əsaslanır. Alqoritmlər neyronlar vasitəsilə sizin hisslərinizi idarə edəcək, ürəyinizin hökmünü dəqiqləşdirəcək. Nə yeməlisiz, kiminlə evlənməlisiz, hansı partiyaya səs verməlisiniz... - hamısını sizin yerinizə müəyyənləşdirəcək. Təlqin edəcək ki, bu addımı atın, sizə ürəyinizin bunu istəməsi sərfəlidir və s... Bax belə!

Amma çox da qorxmayın! Dərdi verən əlacını da verər. :)

***

Bir xanım mənə yazıb ki, istəyirəm sizin qəzetdə yazım getsin. Yazdım ki, çətin məsələdir, bizim redaktorlar qəddardır. :)

Deyir, siz ki qəddar deyilsiz!

İndi neynim, qəddar olum, olmayım?! :)

***

Yazılarınız çox primitivdir - mənim reaksiyama layiq deyil.

***

Həyəcan əvəzsiz duyğudur.

***

Deyir, bərk gedənin axırı yoxdur - tısbağa 300 il gedir...

***

Harari bəşəriyyəti gözləyən təhlükələrdən söhbət açır və iddia edir ki, yaxın gələcəkdə insanların böyük əksəriyyəti LAZIMSIZLIQdan, heç nəyə və heç kimə gərək olmamaqdan əzab çəkə bilərlər.

***

Hərəsinin bir sınıq-salxaq saytı var, dünyaya sığmırlar!

***

Aşqabaddakı "Oğuzxan" oteli öz əzəməti ilə heyrət doğururdu. 450 dollardan başlayan nömrələrində insan nəfəsi hiss olunmurdu. Hiss edirdin ki, gəlib-gedən azdır. O boyda oteldə səhər yeməyində 5-6 adam olurdu. Hər şey göstəri üçün idi - şəhər də, əzəmətli binalar da, fəvvarələr də...

***

Elə çıxışlar olur, düşünürsən ki, heç vaxt bitməyəcək...

***

Deyir, cənnət başqalarının qəlbində işğal etdiyimiz yerdir...

***

Hamı özündən danışır, özünə tərif vurur...

***

"Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu mənə xeyli kitab hədiyyə etdi. Evə tez gəlib kitabları eşələməyə başladım və Marksı xatırladım. Biz orta məktəbdə oxuyanda məktəbin divarlarından kommunizm ideoloqunun sözləri yazılmış lövhə asılmışdı: "Ən sevimli məşğuliyyətim kitablar arasında eşələnməkdir!"

Xatırlayanlar var?!.

***

Ehtiras işartısı şeytanın gülümsəməsidir?!

***

Qərib təkcə sənsən ki, bu şəhərdə?!

***

Heç bilmirəm gedə biləcəyəmmi?!

***

Səhərin gözü çoxdan açılıb...

***

Hamının əlində əzizlədiyi telefonlar birdən yoxa çıxsa, nə baş verər?!

***

"Kreativ" sözünün qarşılığını düşünürəm. Ağlıma çoxlu sözlər gəlir - "yaradıcı", "diribaş", "ütük", "fərasətli", "açıq gözlü", "buqələmun", "dəyirmanın gözündən diri çıxan" ...

Bir-ikisini də siz deyin.

P.S. Çoxlu variantlar təklif olundu. Ən kreativləri bunlar idi - "çevik", "zirək", "bicok", "cinbala", "bicəltək", "ciqan", "cıbrıq", "cıvrıx".

***

İndi mən hardan tapım havalanmayan gəncləri?!

***

Etibar bir dəfə itir...

***

Hər yerdə və hamıya hürən itlər var, həmişə də olub. Markın hesabına indi zingiltiləri daha bərk çıxır...

***

Əleyhinə danışırlarsa, demək, varsan, mövcudsan. Lap yüz il əvvəl ölənlərin də qeybətini edirlərsə, onlar da diridir...

***

"Azca aşım, ağrımaz başım", "Dəymə mənə, dəyməyim sənə"... Məsəllərimizdən xarakterimiz boylanır.

***

10 MİSRALIQ ŞEİR MÜSABİQƏSİ

Şeir yazanların təkidli xahişi ilə daha bir müsabiqəyə qərar verdik. Aşağıdakı 5 sözün də istifadə olunduğu, ən çoxu 10 misradan ibarət şeir yazmaq: İSTİ, DÜYÜN, KƏLƏF, NİSGİL, ÜŞÜMƏK.

Bu dəfə 10 gün ərzində ən çox "like" yığan 10 müəllifin şeiri münsiflərin mühakiməsinə veriləcək. Qalibə 10 kitab (yaxud 100 manat) nəzərdə tutulur.

Uğurlar!

***

Ekstremal vəziyyətlərdə qaçıb gizlənənlərə qorxaq deyərlər, qəhrəman yox...

***

Əzmkarlıq abırsızlığa çevrilmirsə, sonda rəğbət yaradır.

***

Nəyisə tapanda nəyisə itirirsən. Təcrübə təsdiqləyir.

***

Lap siz dostluq göndərdiniz. Mən onu necə qəbul edəcəyəm? Daha silinməli profil qalmayıb!

***

Fərhadların necədir?! Davam edirlər Bisutini yarmağa?!

***

Danışanda kimin dəyirmanına su tökəcəyini özün də bilmirsənsə, susmaq yaxşıdır. Eyzən qızıldır!..

***

Qaynamaq pisdir ki?!

***

TV-lərdən can qurtarmağın yolu "Sizdə mənə qadağa var" - söyləməkdir. Müxbir duruxur, tərəddüd edir, sonra barışır...

***

Nöqtələr bəzən daha çox söz deyir.

***

Hamı yorulur.

***

Haçansa rastlaşarıq.

***

Biri üçün əvəzsiz peşkəş başqası üçün adi bir şey ola bilər.

***

Qadın şikayət edir ki, minimum əməkhaqqı artıb deyə bazarda satıcı gilası bahalaşdırıb. Deyir, minimum əməkhaqqının gilasa nə dəxli?!

***

Kim hərəkətdədirsə, o yaşayır, o, qalibdir indiki dövrdə. Dayandınsa, məğlubsan...

***

Şuşanın yayın istisində yuxularımıza girməkdən başqa çarəsi qalmayıb...

***

İndi evdə, yerinin içində uzanıb bütün işləri idarə etmək mümkündür. Ona görə də həyat maraqsızdır.

***

Çingiz Dağçının əsərləri dilimizə çevrilibmi, kitabı nəşr olunubmu?! Eşidib bilən varmı?!

***

Əlimdə görüləsi işlərim çoxdur. Buna görə də ölməyə vaxtım yoxdur! - Ustad Şirməmməd Hüseynov son illər müsahibələrinin birində belə bir fikir söyləmişdi. Müsahibəni Türkiyədə dinləyən bir tanınmış alim "Bu fikri söyləyən Ustadı görməliyəm, tanış olmalıyam" deyib Bakıya gəlmişdi.

***

Avropada yaşayan yazıçı dostum məşhur bir əsəri Azərbaycan dilinə tərcümə edir və tez-tez mənə suallar göndərir. Bəzi suallara asanlıqla cavab verirəm, bəzilərində çətinlik çəkirəm. İndi də mənə bir sual göndərdi, cavab verə bilmədim. Bəlkə, siz deyəsiniz cavabını?

- Rəşad, hinduşkanın altına toyuğun yumurtasını, ya da tərsinə - toyuğun altına hinduşkanın yumurtasını qoyanda ondan nə çıxır: başqa bir canlı, yoxsa elə onlara oxşayan?! :)

P.S. Təşəkkür edirəm. Sizin hinduşka, toyuq və yumurta konusunda zəngin biliklərinizə heyran qaldım! :)

***

Sən olmasan, mən bu qədər yolu necə gələrdim?!

***

Barı özünüz öz yazdığınızı oxuyursunuzmu?!

***

Mən bu neçə ildə hər cürə qab görmüşəm. Sizin qabınız da var, qabınızda da var. Amma bir az tənbəlsiz!

***

Başın güllər üstə - dərin və çoxmənalıdır!

***

Nolub, axı? Bu qədər israfçılıq nəyə lazımdır? Bu görməmişlik, harınlıq nə verir, axı? Xalq Şadlıq evləri sahiblərinin diktəsində əzilir. Bəlkə, tərsinədir - xalq özü belə arzulayır?! Elədirsə, lap pis!

***

Əgər cibimdə mobil telefon varsa və saatı göstərirsə, niyə qol saatı taxmalıyam ki?!

***

Fotoqrafçılıq sənəti də tarixin arxivinə çevrilir...

***

Onu tanıyıb sevməmək mümkünsüz idi. Nifrət edənlər tanımayanlardır.

 

 





11.07.2019    çap et  çap et