525.Az

"Arxeoloji cənnət"in memarlıq tarixinə səyahət


 

"Arxeoloji cənnət"in memarlıq tarixinə səyahət<b style="color:red"></b>

Azərbaycan torpaqları müxtəlif dövrlərdə arxeoloji zənginliyi ilə seçilən ərazilərdən olub.

Qədim zamanlardan başlayaraq Azərbaycan ərazisində minilliklər ərzində formalaşan xalçaçılıq, dulusçuluq, zərgərlik kimi el sənətləri ilə yanaşı, memarlıq da əcnəbi səyyahların, arxeoloqların və şərqşünasların diqqətini çəkib. Həmin tarixçilər tərəfindən Azərbaycanın müxtəlif bölgələrində aparılmış tədqiqat işləri bizə Şərq memarlığına xas olan bədii və texnoloji xüsusiyyətlər haqqında ətraflı məlumatlar verir.

Azərbaycanda incəsənətin yaranma tarixi burada vahid dövlətin yaranması tarixindən daha qədimdir. Məsələn, yunan tarixçiləri Alban qəbiləsinin fəaliyyəti haqqında çox erkən vaxtlarda yazmağa başlayıblar. Bu və rast gəlinən digər faktlar sübut edir ki, Azərbaycanda da istər ibtidai icma quruluşu, istərsə də orta əsrlərə aid sənət növləri əhatəli şəkildə öyrənilib. Azərbaycanın rəmzi sayılan Qobustan qayaüstü təsvirlərini araşdıran T.Heyerdal və sonrakı dövrlərdə nəhəng daşlardan istifadənin nəticəsində yaranmış meqalitik abidələrdən olan menhirlər, dolmenlər, kromlexlər və bu tipli digər tikililərin tapılmasında rolu olan J.Morqan, İ.İ.Meşşaninov, Y.İ.Hummel çox qədim eksponatlar aşkar ediblər. XIX əsrdə fransız arxeoloqu J.Morqanın rəhbərliyi altında ekspedisiyanın Azərbaycan ərazisində apardığı tədqiqatların nəticəsində alim torpaqlarımızı "arxeoloji cənnət" adlandırıb. J.Morqan Lənkəran rayonunun Görükdi kəndi yaxınlığında ikimərtəbəli dolmenləri tapıb və ilk dəfə onların elmi, tarixi və dini mahiyyəti haqqında məlumat verib.

Müxtəlif dövrlərin məhsulu olan və formasına görə Misir pramidalarını xatırladan kurqanlar Azərbaycanda dağətəyi və düzənlik yerlərdə geniş yayılıb. Bu abidələr qəbirlər üzərində ucaldılmış konusşəkilli təpələrdən ibarət idi. Tədqiqatları əsas olaraq tunc-erkən dəmir dövrünü əhatə edən alman arxeoloqu Y.İ.Hummelin Xanlar rayonunun kurqanlarının öyrənilməsində müstəsna xidmətləri olub. Qədim dövr dəfn adətlərini geniş şəkildə araşdıran alim qəbirlərin səpələnmiş halda deyildə, müəyyən ərazidə toplanmasına diqqət yetirib. Belə ki, qədim dövr qəbirlərində tapılan ocaq qalıqları, çıraqlar və digər məmulatlar üzərində günəşin təsvirinə tez-tez rast gəlinməsinin əcdadlarımızın təbiətə sitayişi ilə əlaqələndirildiyini öyrənən alim belə qənaətə gəlib ki, bütün qəbirlər müəyyən bir nöqtə ətrafında - günəş şüasının çevrə boyu yayılması istiqamətində tikilib. Onun kəşf etdiyi bu qanunauyğunluq "Şəfəq sistemi" adı ilə bizə məlumdur.

Yunan əsatirləri ilə əlaqələndirilən və Azərbaycanda daha geniş miqyasda yayılmış abidələrdən olan Siklopik tikililər guya siklop adlanan nəhəng və təkgöz insanlar tərəfindən yaradılıb. Bu tikililər inşaat məhlulu işlədilmədən, yonulmamış böyük daşlardan əmələ gəlmiş, dinc dövrdə yaşayış, müharibə dövründə isə müdafiə üçün istifadə edilirdi. Daşlarının uzunluğu bəzən 2 metrə qədər çatan və dünyanın bir çox yerində rast gəlinən bu tikililər xalq arasında "qalaça", "qalacıq", "hörük", "hörükdaş" kimi adlanırdı. Bu abidələri ilk dəfə olaraq apardığı elmi araşdırmaları ilə tariximizə bir çox qiymətli nümunələr bəxş edən İ.M.Cəfərzadə ilə birlikdə görkəmli arxeoloq İ.İ.Meşşaninov da tədqiq etmişdi. Azərbaycanın qədim tarixinə və arxeologiyasına dair bir sıra əsərlərin müəllifi olan məşhur akademik təsadüfi deyil ki, torpaqlarımızı zəngin və təbii muzey adlandırmışdı.

Azərbaycan tarixinə dair araşdırmalar göstərir ki, uzun inkişaf yolu keçib və heç bir mədəniyyəti təkrar etməyən memarlıq sənətimiz orta əsrlərdə də öz yüksəlişini davam etdirib. Bu inkişafın əsas səbəblərindən biridə bu dövrdə Aran, Şirvan-Abşeron, Naxçıvan kimi memarlıq məktəblərinin təşəkkül tapması və Azərbaycanda inşaat texnikasının yüksək tərəqqisi ilə bağlı idi. Ölkəmizdə kobalt filizinin külli miqdarda olması və bu dövrdə ondan firuzəyi şir üçün səmərəli istifadə edilməsi nəticəsində xüsusi kaşıların istehsalı genişlənirdi. Ərəb tarixçilərindən Müqəddəsi, Həməvi və başqaları Azərbaycan şəhərlərində kaşılarla bəzədilmiş binaların olmasını xəbər verirlər. XII əsrin sonu, XIII əsrin əvvəllərində yaşamış və şəxsən Təbrizdə olmuş Yaqut Həməvi bu barədə öz qeydlərində yazır: "Təbriz çox əhaliyə malik gözəl şəhər olub, kərpicdən tikilmiş evləri kaşılarla bəzədilib". Dünya tarixinin digər tanınmış səyyahlarından biri olan İbn Batuta isə XIV əsrdə Təbrizdə olmuş, bu şəhərdəki abidələrin bədii keramik dekorlarının Əndəlusun və Şimali Afrika memarlığındakı kaşı bəzəklərindən üstün olduğunu qeyd edib.

Hal-hazırda böyük bir hissəsinin Ermitaj muzeyində saxlanıldığı ən gözəl kaşı nümunələri Şirvan-Abşeron memarlıq məktəbinə daxil olan Pirsaatçay xanəgahı kompleksinin mühüm hissəsi sayılan Pir Hüseyn Rəvana türbəsinin kaşılarıdır. Rus şərqşünası V.A.Kraçkovskaya tərəfindən ətraflı şəkildə öyrənilən bu türbənin ornamental bəzəkli kaşıları və kitabələri tarixi əhəmiyyətli materiallar olduğu üçün hətta monoqrafik əsər şəklində də nəşr edilib.                                    

Şirvan-Abşeron memarlıq məktəbinin digər bir nümunəsi olan və tədqiqi hələ də davam edən Bayıl qalası hazırda Xəzər dənizi sularının altında qalmış mühüm tarixi memarlıq abidəsidir. Arxeoloqlarımız tərəfindən son illərədək dənizdən çıxarılmış 700-dən çox bədii daş hissələri vaxtilə quruda yerləşən möhtəşəm bir memarlıq abidəsinin bəzəkləri olmuşdu. Qalanın tikinti qalıqları haqqında Abbasqulu ağa Bakıxanov ilə yanaşı rus şərqşünası İ.N.Berezin də maraqlı məlumatlar verib. Şirvan-Abşeron memarlığı tikililəri ilə yaxından maraqlanan şərqşünas eyni zamanda, XIII əsrdə inşa olunmuş Bibiheybət məscidinin inşası ilə bağlı ərəbcə yazının tapılmasında da əhəmiyyətli rol oynamışdı.

Hələ qədim zamanlarda K.Ptolomeyin və İ.Flavinin haqqında ilkin məlumat verdikləri Naxçıvan ilk dəfə bir memarlıq məktəbi kimi tanınıb, sənətşünaslar tərəfindən qeyd olunduğu kimi memarlıq sahəsində Nizami zirvəsinə qalxmağı bacarıb. Qədim və orta əsr memarlıq abidələri ilə zəngin olan bu məktəbin incisi sayılan və bürcvari Azərbaycan türbələrinin ən görkəmli nümunəsi olan Möminə Xatın türbəsi bir çox tarixi qeydlərdə öz əksini tapıb. Əcəminin tükənməz fantaziyasını özündə parlaq şəkildə əks etdirən türbə mürəkkəb kərpic hörgüsü və firuzəyi kaşıları ilə ümumşərq memarlığında görkəmli yerlərdən birini tutur. Fransalı arxeoloq J.Dyölafua Möminə Xatın kompleksinə daxil olan hissələr, o cümlədən, Cümə məscidi haqqında qiymətli məlumatlar vermişdir. Digər bir fransalı səyyah Dübua-de Monpere isə türbənin gözoxşayan və təkrara yol verilməyən ornamental divar naxışlarını tədqiq etmiş, onun kitabələrini akademik Frenə göndərmişdi.

XII əsrdən çox sonra da öz inkişafının yüksək zirvəsində dayanmağa davam edən Naxçıvan memarlığı bir çox Şərq sənətkarlarına istiqamət verib. Hətta bu fikir bu gün də tarixi faktlarla izah olunmaqdadır. Əcəmi əsərlərinin Yaxın Şərq ölkələrindəki təsir qüvvəsindən danışarkən, E.Ditsin "Türk sənət tarixi" əsərində irəli sürdüyü mülahizəni də qeyd etmədən keçmək olmaz. E.Dits bu qeydlərində məşhur türk memarı Sinanın ucaltdığı bəzi türbələrin Naxçıvan türbələrinin təsiri ilə tikildiyini açıq etiraf edirdi. Memar Sinanın Naxçıvan abidələri ilə necə tanış olduğunu izah edərkən isə onun ordu mühəndisi sifəti ilə burada olduğu vurğulanır. Maraqlı cəhət burasındadır ki, digər türkiyəli tədqiqatçılar da bu faktlarımütləq şəkildə qəbul edirlər. Memar Vədat Dalokay "Toplumçu Sinan" adlı məqaləsində memar Sinanın İstanbuldakı Xosrov Paşa türbəsindən bəhs edərkən "Atabəylərdən qalma günbəzlərdən bir nəfəs gəlir" deyə yazır.     

Müxtəlif dövrlərdə qeydə alınmış bu və digər yazılar göstərir ki, Azərbaycan torpaqları buraya gələn hər bir qonağı təəccübləndirib. Məsələn, bu gün Şəkidə büstü ucaldılan və Azərbaycan tarixinə dair maraqlı fərziyyələri ilə elmə öz töhfəsini verən məşhur norveçli alim Tur Heyerdal xalqımızın ən qədim dövrlərə aid tarixini öyrənmək baxımından qiymətli mənbə olan Qobustan qayaları qarşısında heyrətini gizlədə bilməmişdi. Ömrünün yarıdan çoxunu dünyadakı bənzər təsvirlərin tədqiqinə həsr etmiş olan tanınmış səyyah hətta vikinqlərin sonradan rast gəlinən izlərinin buradan qaynaqlandığı kimi maraqlı bir faktın üstünü açmağa da müvəffəq olmuşdu. Bundan əlavə Bərdədəki məşhur "Allah-Allah" türbəsinin, Ordubaddakı Vənənd məscidinin kitabələrini oxumuş Xanıkov və, digər tarixçilərin də memarlıq mədəniyyətimizin müntəzəm şəklidə öyrənilməsində az rolu olmayıb. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi həvəskar tədqiqatçılar da olub ki, onların axtarışları heç də planlı və sistemli şəkildə olmayıb, əksinə, təsadüfi səciyyə daşıyıb. Bu səbəbdən də əldə olunan nəticələr çox zaman elmi həqiqətlərdən bir qədər uzaq olurdu. Bəzən misilsiz, qiymət biçilməz maddi-mədəniyyət nümunələrimiz xarici ölkələrdə muzeylərə satılırdı. Məsələn, vaxtı ilə fransız alimi J.Morqan tərəfindən aşkarlanan maddi-mədəniyyət nümunələrinin xeyli hissəsi ölkəmizin sərhədlərindən kənara aparılıb. Təqdirəlayiq haldır ki, elə peşəkar əcnəbi arxeoloqlarda olmuşdur ki, onların apardığı tədqiqat işləri öz reallığı ilə xeyli fərqlənib, bənzərsiz inkişaf yolu keçmiş olan memarlıq tariximiz haqqındakı yanlış nəzəriyyələri puça çıxarıb.

Dünyanın müxtəlif tarixçiləri, səyyahları tərəfindən tədqiq edilən Azərbaycan heç də təsadüfən "Arxeoloji cənnət" adlandırılmayıb. Bu "cənnət"in bundan sonra tədqiqi və öyrənilməsi dünya alimləri ilə yanaşı, gənc milli tədqiqatçılarımızın da üz tutacağı maddi-mədəniyyət mənbəyi olmalıdır. Bu, biz gənc tədqiqatçıların ən ümdə vəzifəsidir.

 





11.07.2019    çap et  çap et