525.Az

Diplomatik korpusun nümayəndələri ilk DOST mərkəzində


 

Diplomatik korpusun nümayəndələri ilk DOST mərkəzində <b style="color:red"></b>

Bu gün 50-dən çox ölkənin Azərbaycandakı səfirləri, müvəqqəti işlər vəkilləri, müşavirləri, habelə beynəlxalq təşkilatların ölkəmizdəki daimi nümayəndəliklərinin rəhbərləri və əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyində və ilk DOST mərkəzində olublar.

APA xəbər verir ki, Mərkəzdə sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat, pensiya, sosial sığorta, əmək münasibətləri, məşğulluq, həmçinin sosial-hüquqi, övladlığagötürmə, sosial-məişət xidmətləri, sosial-pedaqoji və s. sahələr üzrə xidmət bölmələri, sosial agentlərin və könüllülərin iş funksiyaları, müraciət edən vətəndaşlara xidmət prosesi nəzərdən keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev diplomatik korpus nümayəndələrinə bildirib ki, DOST mərkəzi hər gün orta hesabla 400-dən artıq vətəndaşa xidmət edir: "Hazırda DOST mərkəzində əmək, məşğulluq, sosial təminat sahələri üzrə 126 növdə xidmət göstərilir və gələcəkdə bu xidmətlərin sayı daha da artırılacaq. 2019-25-ci illərdə bütün ölkə üzrə 31 DOST mərkəzi yaradılacaq və həmin mərkəzlər 2,8 milyon şəxsi xidmətlərlə təmin edəcək".

Diplomatik korpus nümayəndələrinə Azərbaycanın DOST layihəsinə, əmək, məşğulluq, sosial təminat sahələrində elektron sistemlərinə, əhaliyə göstərilən e-xidmətlərə dair təqdimatlar edilib.

Sahil Babayev prezident İlham Əliyevin sosial islahatlar proqramının nailiyyətləri barədə ətraflı məlumat verib. Nazir qeyd edib ki, geniş miqyasda aparılan bu islahatlar ölkədə ildən-ilə güclənən sosial siyasətin təzahürü olmaqla, həm əhalinin rifah halının yüksəldilməsi istiqamətində ciddi addımların atılmasına, həm də dövlət sosial xidmətlərinin innovativ mexanizmlər üzərində keyfiyyətinin əhəmiyyətli şəkildə yüksəldilməsinə imkan verib. S. Babayev bu il ərzində dövlət başçısının təqdim etdiyi iki mühüm sosial paketin 4,2 milyon vətəndaşın əməkhaqqı, pensiya, müavinət və təqaüd formasında gəlirlərinin ciddi şəkildə artmasına, habelə sosial təminat sisteminin əhatə dairəsinin genişlənməsinə səbəb olduğunu, nəticə etibarilə hər bir ailənin rifahına müsbət təsir göstərdiyini qeyd edib.

Nazir, eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi əsasında ölkəmizdə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində dövlət xidmətlərinin “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi və sadə prosedurlar əsasında təqdim olunması mərhələsinə keçildiyini deyib, DOST konsepsiyası barədə məlumat verib.

Nazir sosial təminat sisteminin avtomatlaşdırılması sahəsində aparılan işləri, Azərbaycanda ilk proaktiv xidmət kimi elektron pensiya təyinatına keçildiyini diqqətə çatdırıb. Sahil Babayev nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemindəki altsistemlər, o cümlədən “Məşğulluq” alt sisteminin, bu altsistemin əmək bazarı üçün faydalarının, ölkəmizdə ilk dəfə sosial reyestr olaraq yaradılan “e-sosial” internet portalının əhəmiyyətini qeyd edib.

 





11.07.2019    çap et  çap et