525.Az

Bayraqla bağlı iki qanuna hansı dəyişikliklər edilir?


 

Bayraqla bağlı iki qanuna hansı dəyişikliklər edilir?<b style="color:red"></b>

Parlamentin iyulun 12-də keçiriləcək plenar iclasında "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunlara dəyişikliklər ediləcək.

Dəyişikliklər dəqiqləşdirmə xarakterlidir. Belə ki, "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" qanunun 1-ci (Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri təsdiq edilsin) və 2-ci (Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin) hissələri ləğv edilib.

"Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunun isə 9-cu (Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər) maddəsinə dəyişiklik edilir. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında və "Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında" Konstitusiya qanununda müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Bununla yanaşı, maddənin 2-ci (Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin "Panton" rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir) hissəsi isə çıxarılıb.

Qeyd edək ki, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanuna daha geniş dəyişiklikləri nəzərdə tutan qanun layihəsi bir müddət öncə millət vəkilləri tərəfindən qəbul edilmişdi.

Həmçinin qeyd edək ki, bu gün keçiriləcək iclasda 28 məsələ müzakirə olunacaq. Əgər əlavə iclas salınmasa, bununla da parlamentin növbədənkənar sessiyası başa çatacaq və millət vəkilləri iyulun 15-də məzuniyyətə çıxacaqlar.

Kamil HƏMZƏOĞLU

 





12.07.2019    çap et  çap et