525.Az

Komitə sədri qanun layihələrinin yubanması məsələsinə aydınlıq gətirdi


 

Komitə sədri qanun layihələrinin yubanması məsələsinə aydınlıq gətirdi<b style="color:red"></b>

"Qanun layihələrini hazırlamaq komitələrin borcu, vəzifəsi, ancaq onların plenar iclaslara hansı qrafik üzrə və nə şəkildə salınması artıq Katibliyin, Milli Məclis rəhbərliyinin öhdəliyidir, vəzifəsidir. Özümüzdən asılı olan işləri də komitə olaraq çalışırıq ki, səliqə ilə yerinə yetirək".

Bunu "525"ə açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov yaz və növbədənkənar sessiyaların başa çatmasına baxmayaraq, hələ də "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında", "Aşıq sənəti haqqında" və digər bir neçə qanun layihəsinin müzakirələrə çıxarılmamasına münasibətini bildirərkən deyib.

"O qanun layihələrini ki, biz hazırlamışıq, onların Azərbaycanın qanun şəbəkəsində boş yeri var. Yəni bizim mədəniyyət haqqında ana qanunumuz var. Faktiki olaraq o sahə qanunları olmasa belə, bu qanun əsasında işləri qurmaq olar. Lakin bizim ayrı-ayrı sahələr üzrə qanunlarımız olursa, bu, qanun şəbəkəsinin daha mütəşəkkil, daha səmərəli işləməsinə imkan yarada bilər" -deyən komitə sədrinin sözlərinə görə, konkret olaraq, muğam haqqında qanun layihəsi dönə-dönə mütəxəssislərin müzakirəsindən keçib, müsbət dəyərləndirilib.

"Düşünürəm ki, onun artıq qəbul edilməsinə ehtiyac var. Ona paralel olan "Aşıq sənəti haqqında" qanun layihəmiz də, demək olar ki, hazırdır, sadəcə, muğamın artıq plenar iclaslara çıxışından sonra biz onun müzakirələrini təşkil edəcəyik. Həmçinin, "Yazılı abidələr haqqında" haqqında qanun layihəsi də düşünürəm ki, bizim üçün son dərəcə böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın mənəvi sərvətləri sırasında əlyazmalarımızın, bizim bədii irsimizin böyük mənası var və bunlar da həm səs yazılarında, həm əlyazma kitablarında, həm kinolentlərdə, həm də daş üzərindəki yazılarda əksini tapıb. Bu da çox mükəmməl bir qanun layihəsidir və düşünürəm ki, bu, bir model qanuna çevriləcək ki, başqa ölkələr də bundan istifadə edərək, öz qanunlarını yaradacaqlar. Yəni uzun sözün qısası, bu qanun layihələri üzərində, sadəcə, təkmilləşdirmə işləri gedə bilər, yəni hansı məqamları bir az da gücləndirə bilərik və sair. Düşünürəm ki, hər halda gec-tez bu qanun layihələrinə müraciət edəcəklər və plenar iclaslara da çıxaracaqlar" - deyə R.Hüseynov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





12.07.2019    çap et  çap et