525.Az

Kukla Teatrı mövsümü uğurla başa vurdu


 

Kukla Teatrı mövsümü uğurla başa vurdu<b style="color:red"></b>

Teatrdan yazmaq, onun təbliğatı ilə məşğul olmaq bir tərəfə, teatra getmək, tamaşaya baxmağın özü belə insandan xüsusi sevgi tələb edir. Sevgisiz çox iş görmək olar. Amma teatra zaman ayırmaq sevgisiz mümkün deyil, məncə.

Teatra uşaqlıq sevgim jurnalistika fəaliyyətinə başlayan kimi özünü burada da göstərdi. Hər dəfə müxtəlif teatr səhnələrində ayrı-ayrı həyat hekayələrini izləmək nə qədər zövqverici idisə, sonralar o səhnənin arxasıdakı proseslərlə tanış olmaq şansı qazanmaq, rejissorların, aktyorların, bütünlükdə yaradıcı heyətin səhnəyə qədərki gərgin əməyinin şahidinə çevrilmək, sonra isə bütün bunları yazıb oxuculara çatdırmaq ayrı bir xoşbəxtlikdir.

Əlbəttə, teatrı sevən hər kəs kimi bu qədim incəsənət növünə xidmətdən kimsə bir təmənna güdmür. Amma nə vaxtsa, teatrın özü tərəfindən zəhmətinin qiymətləndirilməsi, sənin onlara dəyər verdiyin kimi, onların da sənə dəyər verdiyini görmək həm sevindirir, həm də fərəhləndirir.

Həmin bu sevinc və fərəh hissini dünən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının "dostu" elan ediləndə keçirirdik. Media nümayəndəsi olaraq "Dostu" seçildiyim ocağın uşaqlığımda teatrı sevgi və həsəd yaradan Kukla Teatrının olması isə ayrıca əhəmiyyət kəsb edirdi.

lll

Bütün bu hissləri dünən yaradıcılıq baxımından səmərəli fəaliyyəti ilə seçilən, təkcə uşaqların deyil, elə böyüklərin də sevimli teatrı olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 87-ci mövsümünün bağlanış mərasimində keçirtdik. İl ərzində tamaşalarında iştirak etdiyimiz, yeniliklərindən oxucuları xəbərdar etdiyimiz, uğurlarına sevindiyimiz, müxtəlif müsahibələrlə əməkdaşlarıyla sıx əlaqədə olduğumuz teatrın bir mövsümünün də sonuna birgə gəlib çıxmışdıq.

Bağlanış mərasimi Teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" teatr-studiyasının balaca aktyorlarının ifasındakı "Azərbaycan" mahnısı ilə açıldı.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə qısa və konkret nitqi ilə teatrın mövsüm ərzindəki fəaliyyəti, uğurları, beynəlxalq festivallardakı iştirakı və yeni tamaşaları haqqında məlumat verdi. Prezident İlham Əliyevin incəsənət xadimləri ilə yaddaqalan görüşünü xatırlayan direktor bu görüşün teatr üçün müsbət nəticələrindən söz açdı.

Direktorun hesabat xarakterli çıxışı hər birimizdə bir sevinc və qürur yaradırdı. Bəli, bizim uşaqlarımıza teatr sevgisi aşılayan, incəsənətimizin və cəmiyyətimizin gələcəyinin qeydinə belə peşəkarcasına qalan teatrlarımız var.

Teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimovun, baş rəssamı İqbal Əliyev, teatrın ədəbi dram hissə müdiri, mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova da məhsuldar mövsüm münasibətilə hər kəsi təbrik edib, gələn mövsümdə daha böyük yaradıcılıq uğurları dilədilər.

Bildiyimiz kimi, Kukla Teatrının binasının qonaqları var. YUĞ Dövlət Teatrı illərdir onlarla birgə eyni binanı bölüşürlər. Hər iki kollektiv bir-birinə o qədər qaynayıb-qarışıb, o qədər doğmalaşıb ki, onları ayırmaq da olmur. Rəşad müəllimin həmişə YUĞ-un kollektivinə olan diqqəti, hörməti isə təqdirəlayiqdir. Bu dəfə də o, qonaq kollektivi diqqətdən kənarda qoymadı. Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mehriban Ələkbərzadə də tədbirdə çıxış edib hər iki kollektivə uğurlar arzuladı, il ərzində fərqlənən əməkdaşları təbrik elədi.

Bütün bu çıxışlardan sonra zaman gəlib çatdı mükafatlandırma mərasiminə. İl ərzində məhsuldar səhnə nümunələri sərgiləyən yaradıcı heyət bir-bir səhnəyə dəvət olunub mükafatlandırıldı. Kimisi "ən məhsuldar aktyor", kimisi "ən sevilən aktrisa" kimi mükafatlarla zəhmətlərinin bəhrəsini "dərdilər". Teatr əməkdaşlarının stimullaşdırılması, onların illik fəaliyyətinə rəmzi qiymətin verilməsi məqsədilə keçirilən bu mərasimdə ilin ən yaxşı tamaşası, ən yaxşı aktyor və aktrisası, ən məhsuldar əməkdaşı, eləcə də uğurlu debütü, perspektivli işçisi kimi bir sıra digər nominasiyalarda seçilənlər elan olunurdu.

Görünən o idi ki, rəhbərlik hər zaman olduğu kimi, bu il də heç kimi diqqətdən kənarda saxlamayıb.  Teatrın truppası ilə yanaşı, onun nəzdindəki "Oyuq" teatr-studiyasında fərqlənməyi bacaran balacalar da öz mükafatlarını aldılar. Studiyanın rəhbəri Səidə Haqverdiyevanın sevinci və həyəcanı, balaca tələbələrinin ona, Kukla Teatrına və ümumilikdə səhnəyə olan sevgiləri insanın teatr sənətinin gələcəyinə olan ümidlərini artırırdı.

Sonra zaman gəldi çatdı bizə - yəni media nümayəndələrinə... Tədbirdə teatrın fəaliyyətini daha geniş şəkildə işıqlandıran, sənət ocağının yaradıcılığı ilə ictimaiyyəti daha yaxından tanış edən kütləvi informasiya vasitələri təmsilçiləri "Teatrın dostu" nominasiyasında mükafatlandırıldı. "525-ci qəzet"in əməkdaşı olaraq həmin dostların arasında olmaq isə həm məsuliyyətimizi artırdı, həm də həyəcanımızı. Rəşad Əhmədzadə isə bir fikri bir neçə dəfə təkrarladı: "Sizi dostumuz seçməyimiz o demək deyil ha, bundan sonra həmişə bizi tərifləməlisiniz. Dost yanlışları da deyər, tənqidləri də. Biz dostlarımızın tənqidlərini də eşitməyə hazırıq. Bu, yalnız bizim işimizin xeyrinə ola bilər".

"Oyuq" teatr-studiyasının istedadlı ifaçılarının təqdimatında musiqi çələngi isə mərasimi daha maraqlı və əyləncəli edirdi.

Yeni mövsümdə daha böyük uğurlar və daha zəngin repertuarla bizi sevindirəcəklərinə olan əminliyimizlə dostlarımıza "gələn mövsümədək" deyib sağollaşdıq.

 





12.07.2019    çap et  çap et