525.Az

Gənclərin saqqal sevgisi - Kənan İsmayıl


 

Gənclərin saqqal sevgisi - <b style="color:red">Kənan İsmayıl </b>

Darvin deyirdi ki, erkək heyvanlar dişiləri quyruqları ilə cəlb edirlərsə, kişilər də qadınları öz saqqalları ilə cazibəyə salırlar.

Məncə, Darvin bu günün aktual mövzusuna uzun zaman əvvəl, böyük ustalıqla öz fikrini bildirib. Lakin bütün kişilərmi qadınlara xoş gəlmək üçün saqqal həvəsinə düşüb? Təbii ki, bunu əminliklə deyə bilmərik. Bəs, görəsən, elə içi mən qarışıq bizim gənclərimiz, həqiqətənmi inanırlar ki, üzümüzdəki saqqal bizi daha cəzbedici, daha seksual göstərir. Düşünürəm ki, mənim üçün saqqal kamuflyaj xarakterli bir məsələdir. Və mənim saqqalımın altında başqa bir şəxsiyyət yatır, mən özümü sadəcə orda rahat hiss edə bilirəm. İnsanlardan qaçıb bir növ saqqalın altındakı dünyada sığınacaq qurmuşam. Tez-tez yaşlı nəslin nümayəndələrindən "bu nə saqqaldır, təraş et üzünü, gül kimi oğlansan" tərzində nəsihətlər eşidirəm. Onların ən başında şablon kimi qeyd edə biləcəyim cümlələrdən biri də məhz budur: "Bu nə saqqal sevdasıdır cavanlarda, kimə baxırsan, üzündə saqqal var".

Bu yerdə məşhur yunan filosofu kinik məktəbinin yaradıcısı, Antisfenin fəlsəfəsi yada düşür. Antisfen fəlsəfəsində ümumi anlayışların mövcudluğu inkar edilir. Antisfen deyirdi: "Mən atı görürəm, at ilxısını yox". Bu gün yaşlı nəsil, təəssüf ki, saqqallı gəncləri kiçik bir toplum olaraq görür, amma onları tək-tək görmək və hər birini ayrıca təhlil etmək lazımdır. Çünki səbəblər, insanlar kimi müxtəlif ola bilir. Təbii ki, hər kəsin saqqal saxlamaq üçün özünü müdafiə xarakterli bir neçə səbəbi var. Əsas məsələ odur ki, bu səbəblər bəhanəyə çevrilməsin. Bəs saqqal saxlayanlar özlərinə necə haqq qazandırırlar:

- Dini inancım üçün saqqal saxlayıram...

- Üz nahiyəmdə qüsurları qapadır...

- Saqqalsız üz quruluşu mənə yaraşmır...

- Qızlar saqqallı oğlanları bəyənirlər...

Bəs saqqal həqiqətən də bu qədər sadə məsələdir? Təbii ki yox. Bir sıra millətlər üçün saqqal əvəzedilməz bir nüansdır. Yəhudilərin saqqalla bağlı belə bir atalar sözü belə var: "Saqqalsız yəhudidənsə, yəhudisiz saqqal yaxşıdır".

Elə bizim də saqqalla bağlı atalar sözü mövcuddur. Atalarımız bu fikirlə saqqalın müdrikliyini və qüdrətini göstərir: "Saqqalım yoxdur, sözüm keçmir".

Bəlkə elə bizim gənclərimiz də sözü keçsin deyə saqqal həvəsinə düşüblər... Bu, sadəcə bir ehtimaldır, həm də ironik və zəif bir ehtimal.

Altı ildir saqqal saxlayıram. Bu illər ərzində bir sıra iş təkliflərini geri çevirmişəm. Hal-hazırda isə saqqal saxladığım üçün işsizəm. Altı ildə iki dəfə saqqalımı tamamilə kəsmişəm ki, bunlardan birinə 4 illik bakalavr təhsil aldığım Azərbaycan Memarlıq və İnşaat universitetində təcrübə layihəsinin müdafiəsi zamanı, Metropolitenin köhnə rəisi, indi isə adıçəkilən universitetin Nəqliyyat fakültəsinin "Nəqliyyat tikintisi və yol hərəkətin təşkili" kafedrasının müdiri Tağı Əhmədov səbəb olmuşdu. Dörd il təhsilimi davam etdirməkdə mənə dəstək olan, heç zaman problem yaratmayan təhsil ocağına bir dəfə bunu çox asanlıqla keçmək olar. Bəzi şeyləri əldə etmək üçün, nələrisə gözdən çıxartmaq lazım gəlir. İndi isə əsas məsələ magistratura təhsilimlə bağlıdır. Qəbul olduğum Sumqayıt Dövlət Universitetin rektoru Elxan Hüseynov universitetə saqqallı tələbə buraxmır.

Epiktet deyirdi ki, hökmdar mənim başımı kəsə bilər, amma saqqalıma toxunmağa əsla haqqı yoxdur. Mənsə düşünürəm ki uzağı Elxan Hüseynov və onun vəzirləri məni zəif nəticə göstərdiyim üçün imtahandan kəsə bilər, amma saqqalıma toxunmağa əsla haqqı yoxdur.

Bəs, görəsən, bu haqqı Elxan Hüseynova kim verib? Axı biz demokratik respublikanın gəncləriyik. Bizim hüquqlarımız və hüquqlarımızı təyin edən konstitusiyamız var. Axı universitetin rəhbərliyi niyə anlamaq istəmir ki, tələbələrin universitetdən kənarda öz şəxsi həyatları var?! Axı bu, saqqaldır, köynək deyil ki, universitetə gələndə dəyişib gəlsinlər! Bir də ki, saqqal bizi genetik olaraq qadınlardan ayıran ikinci əsas ünsürdür. Biz nəyə görə öz genetikamıza üsyan qaldırıb, onu rədd edirik?! Bizi buna məcbur edən nədir?! Bu qədər ritorik sualdan sonra məni sadəcə bir sual düşündürür: saqqal, yoxsa magistratura təhsili? Deyəsən, bu dəfə saqqal sevgisi təhsilə qalib gələcək. Ümid edirəm, bu yazını Elxan Hüseynov və yaxud Sumqayıt Dövlət Universitetin səlahiyyətli şəxsləri oxuyacaq və qəbul edəcəklər ki, yoxdan var etdikləri bu "qayda" və yaxud qanunsuzluq bir çox tələbənin təhsil almağının qarşısında əngəl yaradır.

 





12.07.2019    çap et  çap et