525.Az

"Güllədən biçilən köynək"dəki nəğmələr


 

"Güllədən biçilən köynək"dəki nəğmələr<b style="color:red"></b>

Hay ver mənə, cənab leytenant,
Hay ver mənə, leytenant.
Xoş müjdəli bir savaşdan,
Pay ver mənə, leytenant 

Elə mahnılar, elə şeirlər var ki, onları əzbər bilsək də, bir zamandan sonra elə mənimsəyərik ki, həqiqi müəlliflərini sorğulamağı da unudarıq. Çox güman, indi "Xalq mahnısı" dediyimiz çox nəğmələrin də tarixi bu cürdür. Zamanla xalqdan olub, xalqlaşıb. Xüsusən vətənpərvərlik mahnıları yaddaşımızda, təfəkkürümüzdə özünə bu cür yer edib. Məsələn, yuxarıda bir bəndini (nəqarətini) paylaşdığımı uşaqlığımızın mahnısı olan "Cənab leytenant"ın bizim özümüzdən olmadığını, hər birimizə daxili səsi qədər doğmalaşmadığını hansımız iddia edə bilərik? Məncə, Şahin Musaoğlunun müəllifi olduğu bütün nəğmələrin "alın yazısı"dır bu.

***

Bugünlərdə şair, Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri Şahin Musaoğlunun yeni kitabı işıq üzü gördü. Şahin müəllim bizə doğma olan bu nəğmələrin mətnlərini bir kitabda toplayıb oxucularına təqdim edir. Birliyin "aybKitab" layihəsindən çap olunan kitab "Güllədən biçilən köynək" adlanır. Layihənin rəhbəri Xəyal Rza, redaktorlar Ehtiram İlham və İbrahim Rüstəmlidir.

Bayaq da qeyd etdiyimiz kimi, Şahin Musaoğlu vətənpərvərlik ruhunda yazdığı populyar mahnı və şeirləri ilə Azərbaycanda yaxşı tanınır. Kitab Azərbaycanın ərazi bütövlüyü, azadlığı və istiqlalı uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsinə həsr olunub. "Güllədən biçilən köynək" kitabı müəllifin oxucularla beşinci görüşüdür.

Kitaba ön sözü Xalq şairi Ramiz Rövşən yazıb. "Sabaha ümid doğuran mahnılar" adlı yazıda şair Ş.Musaoğlu haqqında qeyd edir: "Onun Qarabağ savaşına həsr etdiyi mahnılarda hər şey var: ağrı da, dərd də, təskinlik də, ümid də...

İlk dəfə doxsanıncı illərin əvvəllərində Şəmistan Əlizamanlının ifasında ürəklərə yol tapan bu döyüş mahnılarında yalnız bir şey yoxdu: yalançı pafos. İnsanların döyüş ruhunu boğazdan yuxarı, yalançı pafos kimi keyidən, ölgünləşdirən ikinci şey tapmaq çətindi. Və təəssüf ki, son illərdə televiziya ekranlarında bu cür yalançı pafosla dolu, gurultulu mahnılar daha tez-tez səslənir. Məncə, bizim doğma Qarabağa, indi başı üstündə o yerləri görmək həsrətiylə bu dünyadan köçüb gedənlərin narahat ruhu gəzib dolaşan o torpaqlara qayıdan yolumuz təkcə ordudan, silahdan yox, həm də Şahinin o ruhu bizim içimizdə ölməyə qoymayan bənzərsiz mahnılarından keçir".

"Müəllifdən" başlıqlı yazıda Ş.Musaoğlu müharibə, Qarabağ savaşı və bu havanı özündə əks etdirən musiqilər haqqında fikirlərini oxucularıyla bölüşür: "Savaş musiqi tarixinin başlanğıcı və dünya hərbi orkestr heyətinin təməl daşı olaraq qəbul edilən mehtər musiqisi bu gün də dünyada döyüşən ordunun hərbi vətənpərvərlik ruhunun formalaşmasında və əsgər psixologiyasına emosional təsir göstərməkdə öz möhtəşəmliyini və ecazkar gücünü qoruyub saxlayaraq və bu ənənəni davam etdirməkdədir.

Müəllifi olduğum kitab da bu ənənəyə sədaqətin işığında söz-musiqi vəhdətinin möcüzəsindən, qüdrətindən qaynaqlanır. İstər şeir olsun, istər musiqi... bunların mayasını, qayəsini Sözə çevrilmiş hər hansı fikir ifadə edir.

Əziz oxucum, bu kitabda cəmi 25 musiqi əsərim və 3 essem yer alıb. Əksərinin sözlərinin müəllifi olduğum bu vətənpərvərlik nəğmələri köklü və zəngin keçmişə sahib bir millətin öz milli kimliyini, milli varlığını, qürurunu, şərəfini, ləyaqətini, əxlaq və mədəniyyətini qoruması üçün formalaşdırdığı müstəqil Azərbaycan ordusunu təşkil edən bütün fərdlərə ünvanlanıb. Bu kitab bu gün əldə silah Vətən torpaqlarının keşiyində duran əsgər və zabitlərimizdən tutmuş, orta və ali təhsil müəssələrində dərs alan gənc və yeniyetmələrimizə qədər bütün elm, bilik və irfan ordusunun zəfərinə həsr olunub".

"Savaş türküləri" adlanan bölməyə şairin vətənpərvərlik mahnılarının mətnləri və mahnı notları daxildir. İllərdən bəri dillər əzbəri olan "İgid əsgər, möhkəm dayan", "Çağırır Vətən", "Cənab leytenant", "Səma şahinləri", "Səfərbərlik marşı", "Veteran marşı", "Torpaq". "Salam dar ağacı", "Birinci batalyon", "Türkün bayrağına", "Çağırış marşı" və başqa mahnılar artıq şifahi deyil, yazılı şəkildə də oxucuların, şeir və mahnı həvəskarlarının ixtiyarına verilib.

Müəllif kitabın üç essesi daxil olan hissəsini "Yalnız Tanrı bilir" adlandırıb. Buraya onun "Adsız qəhrəmanlar", "Adları əbədi yaşayacaqdır" və ya "Yalnız Tanrı bilir", "Qurtuluş savaşı və ya Əmir Teymurun qılıncı" esseləri daxildir.

Şahin Musaoğlunun Vətən qoxulu, torpaq həsrətli, mübarizə əzmli "Güllədən biçilən köynək" kitabının hər yaşdan, hər kateqoriyadan olan oxucular üçün maraqlı və gərəkli olacağına inanırıq.

Şahanə MÜŞFİQ

 





12.07.2019    çap et  çap et