525.Az

Dostları qoruyaq


 

İNTİQAM QASIMZADƏ İLƏ BİR TELEFON DANIŞIĞINDAN SONRA DÜŞÜNDÜKLƏRİM

Dostları qoruyaq<b style="color:red"></b>

Məşhəddə, Qumda, Nəcəfdə ali-ruhani təhsili alan, ərəb, fars, rus dillərini mükəmməl bilən babam Molla Əhəd Axund dövrünün tanınmış din xadimlərindən olub.

Mömin olsam da, Ulu Tanrımın rəhminə, mərhəmətinə sığınıb müsəlman bəndələrinə qoyduğu qadağaları pozmağım da var. Allah Təala bağışlayandır, yəqin ki, axirət dünyasında rəhm edib az-çox savab əməllərimə görə günahlarımdan keçər. Cənab Haqq bəndələrinin şükranlıqlarını özü üçün ibadətdən də əfzəl bilərək ən böyük mükafatı hesab edir. Ona görə də hər sübh mələklərin namaza durduqları vaxt Tanrıma dünyamızın, doğmalarımın, yaxınlarımın salamatlığı xətrinə şükranlıq etməyi özümə borc bilirəm.

Bugünlərdə qədim dostlarımdan İntiqam Qasımzadəyə telefon açmışdım (gecə onu yuxuda görmüşdüm deyə). Hal-əhval tutdum. Dəstəkdən dostumun zarıncı səsi gəldi: - Aydın, xəstəyəm, yataqdayam, - dedi - Bu kondisioner axırıma çıxacaq...

Qərəz xəstəyə şəfa dilədim, təsəlli verib özündən muğayat olmağı tapşırandan sonra sidq ürəklə: - Bəs indi əlimdən nə gələ bilər, - deyə xəbər aldım. - Mənə görə bir qulluq...

Təbii ki, bu canıyananlığıma görə İntiqam müəllim də mənə təşəkkür etdi: - Sağlığın, - dedi. Sonra da elə səsindən bildim ki, ürəkdən gələn xahişidir - Aydın, səhərlər yuxudan qalxanda əllərini göyə qaldırıb mən xəstə dostuna Allahdan şəfa dilə!

Tutuldum. İntiqam müəllimə deyə bilmədim ki, hər gün sübh çağı Ulu Yaradandan dostları hifz edilməyi diləməklə yanaşı, dünyadan köçən dostlarımın da ruhlarına rəhmətlər oxuyuram. Elə biri İntiqam müəllimin doğmaca qardaşı Daşqın Qasımzadə! Daşqın müəllimlə məni elə İntiqam müəllim özü tanış etmişdi.

Qələm dostum Novruz Nəcəfoğlunun haqqımda yazdığı "Nağıl adam" avtobioqrafik romanda bu tanışlığın tarixçəsi ətraflı təsvir edilib. Sözümün bu yerində romandakı həmin sətirləri iqtibas edirəm:    

"... Ötən əsrin 80-ci illərində "Azərbaycan" jurnalında Aydının iki hekayəsi və hətta həcmcə böyük bir publisistik yazısı çap edilir.

Jurnalın məsul katibi isə indi bu dərgiyə rəhbərlik edən İntiqam Qasımzadə idi.

Yay vaxtı, bir bazar günü səhər ertədən məhəllə camaatından kimsə Aydını çölə çağırır. Və o da həyətə düşəndə qapılarının ağzında bir ağ "Jiquli" görür.

Demə, Aydıngilin qapısının ağzına maşın sürən bu qonaq da olur İntiqam müəllim. Təbii ki, qonaqların, özü də İntiqam müəllim kimi hörmətli bir qələm adamının - hələ o vaxtlar, söz yox ki, İntiqam müəllimlə aralarında elə bir yaxın münasibət olmasa da - onu axtarmağına Aydın çox şad olur. Evə dəvət edir, İntiqam müəllim də onunla gələn yol yoldaşını Aydına təqdim edib:

- Qardaşım Daşqındır, - deyir. Aydının evə dəvətinə isə: - Bir vacib işimiz var, - deyir, - işimizi görək, sonra evə gələrik, hələ çörək də yeyərik...

Aydın deməsə də, burası mənə dərhal gün kimi aydın oldu ki, belə mötəbər şəxslər, yəqin, xeyir iş qabağı - o zamanların Dəvəçisində lap bol olan - "asetrin" balığı üçün gəlibmişlər...

Və o da şəksizdir ki, dost yolunda canını belə əsirgəməyən Aydın gün ərzində qonaqlarına yaxşı bələdçilik və layiqli yoldaşlıq edir. Bax o görüşdəki tanışlıqdan məlum olur ki, Daşqın müəllim Bakıdakı məşhur "Kitab pasajı"nın direktorudur...

Xudahafizləşib ayrılanda Daşqın müəllim qardaşından da qabaq dönə-dönə Aydından xahiş edir ki, Bakıya gələndə ona da baş çəkməyi, görüşüb hal-əhval tutmağı unutmasın.

O vaxtlar nadir kitablar vardı ki, hələm-hələm ələ düşməzdi. Bakıya səfərlərində Daşqın müəllimlə görüşəndə məşhur kitab pasajının direktoru həmin o sayla gələn kitabların siyahısını Aydının qabağına qoyub:

- İstədiyini seç, götür, - deyərmiş.          

O vaxtlar çətin tapılan, mənim də müştərisi olduğum, ancaq istəməyə üzüm gəlməyən məşhur "Ojeqov lüğəti"ni də Aydın elə o kitab mağazasından alıb...

Sözüm bunda deyil.

Artıq nəşriyyatların təsərrüfat hesabına keçdiyi bir vaxtda "Gənclik" nəşriyyatında Aydının "Ümid" adlı povest və hekayələr kitabı plan əsasında nəşrə hazırlanır. Kitab yığılıb səhifələnibmiş. Elə bu zaman məlum olur ki, kitab lazımi tirajı yığmayıb və bu tiraj məsələsi bir-iki günə həll olunmasa, nəşri dayandırılacaq.

Bir-iki gün şəhərdə kitab mağazalarını gəzib tiraj toplaya bilməyən Aydın məşhur "Tarqovı" küçəsi ilə məlul-müşkül, üzü "Gənclik" nəşriyyatına tərəf addımlayarkən nəzərləri "Kitab pasajı"nda ilişib qalır. Yadına İntiqam müəllimin qardaşı Daşqın Qasımzadə düşür.

Ləngimədən "Ya Mədəd!" deyib Daşqın müəllimin yanına yollanır. Aydını dinləyən Daşqın müəllim də: "Əşi, min nüsxə nədir, mən sənin kitabının bütün tirajını götürüb satmağa hazıram", - deyərək, nəşriyyatın direktoru Əlican Əliyevə zəng vurur. Nəşriyyat direktoru ilə sözləşib-razılaşandan sonra kitabın nəşri, necə deyərlər, rəsmiləşdirilir.

İndi aradan illər keçəndən sonra, neçə-neçə kitab müəllifi olan Aydın deyir: "Ümid" adlı o kitab mənim çap olunan ikinci kitabım idi. Həcmcə elə də böyük olmayan, nazik bir kitab... Ancaq o kitab mənə çox əzizdir. Ona görə əzizdir ki, o kitabın çapında dost qayğısını, kəsilən duz-çörəyə qiymət qoyub kömək üçün əlindən gələni əsirgəməyən bir insanın diqqətini, etibarını görmüşəm..."

Sonra Aydın dərindən köks ötürüb: "Ancaq nə yazıqlar ki, Daşqın müəllim kimi xeyirxah, etibarlı insanlar çox vaxt həyatdan erkən gedib dostları tez tərk edirlər. Daşqın müəllim də dünyadan vaxtsız getdi!"

Ulu Tanrı öz haqq dünyasına qovuşan dostlarımıza qəni-qəni rəhmət eləsin! Aramızdakıları hifz etsin! Bir də dostları elə özümüz də qoruyaq!

Şabran

 





12.07.2019    çap et  çap et