525.Az

Ədəbiyyat və elm salnaməmizdə Gülhüseyn Hüseynoğlu səhifəsi


 

Ədəbiyyat və elm salnaməmizdə Gülhüseyn Hüseynoğlu səhifəsi<b style="color:red"></b>

Ədəbiyyat tarixində özünəməxsus həyat və yaradıcılıq kredosu ilə qalan Gülhüseyn Hüseynoğlu 1923-cü ildə Masallı rayonunun Mollaoba kəndində doğulub, 2013-cü ildə Bakıda vəfat edib.

Keşməkeşli ömür yolunda barəsində güllələnmə qərarı verilsə də, sürgün və məhbəs həyatı yaşamağa məhkum edilsə də, tanrının onun üçün ayırdığı yaşam möhləti 90 il oldu. Bu doxsan ilin yalnız ilk üç-dörd ilini doğulduğu bölgədə yaşayan ədib ailəsi ilə Bakıya köçərək orta təhsilini paytaxtda alıb. Bir əsrə yaxın həyatını nasir, ədəbiyyatşünas, pedaqoq, dissident kimi yaşayıb.

Gülhüseyn Hüseynoğlu həyatının ən mühüm məqamlarından biri kimi Azərbaycanın ilk dissidentlərindən olmağını vurğulaya bilərik. 1942-ci ildən fəaliyyət göstərən "İldırım" təşkilatı ilə əməkdaşlığı onun ömür gündəliyini digər həmkarlarından fərqləndirmişdir. Uğrunda mübarizə apardığı yüksək amallarına görə Ali Məhkəmənin qərarı ilə ona və üç məsləkdaşına güllələnmə cəzası verilir. Son anda bu hökm 25 illik həbslə əvəz olunur, məsləkdaşları İsmixan Rəhimov və Hacı Zeynalova 10 il həbs cəzası kəsilir. Öz dövrünün "ən dəbli" cəza ünvanlarından olan Sibirdə sürgün ömrü sürməyə məhkum edilir. Lakin dünyanın insan əlində olmayan öz qanunauyğunluqlarından biri Stalin üçün də gerçəkləşir. Onun ölümündən sonra işə yenidən baxılır. Təşkilatın üzvləri 1955-ci ildə bəraət alırlar.

Ədibin mənalı ömrünün həbsdən əvvəlki fəaliyyət tarixçəsinə nəzər salsaq, görərik ki, o, 1942-ci ildə "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi olaraq işə götürülür. Müharibədən sonra 1945-1947-ci illərdə "Ədəbiyyat qəzeti"ndə, 1947-1948-ci illərdə isə Gənc Tamaşaçılar Teatrının pedaqoji şöbəsində çalışır.

Onun həbsdən sonrakı əsas fəaliyyət dairəsi pedaqoq kimi tanınması ilə səciyyələnir. O, 1957-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Müasir Azərbaycan Sovet ədəbiyyatı kafedrasında müəllim kimi işə başlayır. Zəhmətkeşliyi sayəsində baş müəllim, dosent və professor vəzifələrinə qədər yüksəlir.

Ziyalı ömrü yaşamağı ilə seçilən ədib yaradıcılıqda ilklərə imza atmağa meylli insan olması ilə yaddaşlara hopub. Nasir kimi öz möhürü olan sənətkarın 1944-cü ildə "Ana" adlı ilk hekayəsi işıq üzü görür. Ədəbiyyatımızda mənsur şerin ilk nümunələrini yaradan söz ustasının "Bənövşə əfsanəsi" adlı ilk mənsur şeiri 1946-cı ildə çap olunub. 48 səhifəlik ilk kitabı olan "Xəzərin qoynunda" isə 1957-ci ildə oxuculara təqdim olunan oçerklər toplusudur. Yazarın 1958-ci ildə iki kitabı çıxır ki, bunlar da "Bir ömrün çıraqları" və "Poylunun gənc çobanı" adlanır. İlk dəfə hekayələri ilə birgə mənsur şeirləri də yer alan "Etiraf" adlı kitabı 1961-ci ildə nəşr olunub. Sonralar nəsr əsərləri ilə birgə mənsur şeirlərinin də toplandığı kitablarına "Nigarançılığın sonu" (1963), "Ay nur çiləyəndə" (1964), "Yaşatmaq üçün" (1966), "Ömrümüz boyu" (1978), "Qatar gedir" (1983), "Yana-yana" (1986), "Çətin yol" (1987) kitablarını nümunə gətirə bilərik.

Yazarın "Nigarançılığın sonu" kitabında toplanan "Ad", "Ata olandan sonra", "Qurucu" hekayələri "Ata düşüncələri" silsiləsinə məxsusdur. Hər üç hekayədə ailə-məişət qayğıları, valideyn-övlad münasibətinin tənzimlənməsi problemlərinə toxunulub. "Ad" hekayəsində yeni doğulmuş körpəyə ad qoymaq üçün uşağın ata və ana tərəfi fikir mübadiləsi aparır. Əslində isə yazıçının amalı tamam başqadır. Onun düşüncəsinə görə, doğularkən insana verilən rəsmi ad şərti səciyyə daşıyır, insan əsl adını öz əməli işləri ilə özü qazanır. Bu hekayədə yenicə ata olmuş Əjdər öz atasının eyhamlı sözlərindən nəticə çıxardaraq "təyinat alıb indiyəcən getmədiyi, yolunu gözləyən xəstələrin yanına" yollanır. Digər ibrətamiz cəhət isə onunla ölçülür ki, Əjdər öz həyatında dəyişiklik etmə qərarı verdiyi bu addımları üçün yeni doğulmuş oğluna minnətdar olur. Yəni onun ad seçimi zamanı uşağın babasının söylədiyi eyhamlı sözlər gənc atanı daha qətiyyətli addımlar atmağa vadar edir.

Kitabın adaşı olan "Nigarançılığın sonu" povestində isə əsas hadisələr "Zərgərlik malları" mağazasında cərəyan edir. Açar sözləri "qaşqabaqlı oğlan", "utancaq oğlan" və "nişan üzüyü" olan bu əsərdə qızıl və zərgərlik malları satan Nazənin adlı qız da iştirak edir. Əsl adı Əlimusa olan gümüş mallar satan "qaşqabaqlı oğlan" əsl adı Mustafa olan "utancaq oğlan"ı nə qədər diqqətdə saxlayıb, nəzarət edirsə, onun əsl məqsədindən yalnız son anda xəbərdar olur. Mustafa isə təmiz məhəbbətlə Nazənini sevir, lakin müxtəlif bəhanələrlə onun ölçüsündə paltarlar və nişan üzüyü alır. Hadisələrin gedişində Nazənin də Mustafaya vurulur. Əsərin sonunda Mustafanın söylədiyi son sözlərlə açar sözlər üçlüyünün mahiyyəti açılır: "Ay Əlimusa, mağazaya gəlib-getdiyim gündən bir işim sənsiz keçmişdi ki, toyum da keçsin..."

Lakin əsər sadəcə bir süjet xətti üzərində qurulmayıb, yalnız maraqlı bir məhəbbət macərasından bəhs edilmir. Həm də Mustafanın doğulduğu kəndin problemləri, əsasən də yararsız yollarının vəziyyəti barədə təsvirlər verilməklə süjet şaxələnir. Eyni zamanda, onun çalışdığı "Neft daşları" haqqında da sevgi ilə söz açılır, Azərbaycanın möcüzəvi bir guşəsi kimi təbliğ olunur.

"Nigarançılığın sonu" kitabında 1960-cı ildə qələmə alınmış "Sözün düzü" və "Adını siz deyin" hekayələri ilə yanaşı, 1962-ci ildə yazılmış "Ömrün uzun olsun həkim!" adlı oçerk də yer alıb. Həmçinin, bu kitabda 14 may 1962-ci ildə yazılmış "Yox, sən gözsüz qalmadın" mənsur şeiri də çap olunub. Əsər "El üçün ağlayan gözsüz qalar!" məsəli ilə başlayır və dörd yerdə bu məsəl təkrar olunur. Müəllif öz mülahizələrini irəli sürdükdən sonra "Gözsüz qalmaqdan qorxmamağınla, həyata ayıq baxan, əsri saf-çürük edən sabiranə gözlərinlə, ey böyük insan, qocaman tarixin əbədiyyət lövhəsində iki göz açdın" - şərhi ilə söhbətin Mirzə Ələkbər Sabirdən getdiyini müəyyən etmiş olur.

Əsərin sonunda verilən iki fikirlə həm də Azərbaycan dilinin incəlikləri də nümayiş etdirilir:

" - Xalqına ürəkdən bağlanan sənətkarı xalqı da yaşadır.

Xalqı ilə bir deyib, bir gülüb bir ağlayan sənətkar xalqı yaşadır".

İlk cümlədə mənsubiyyətdə işlədilmiş "xalqı" sözü ikinci cümlədə təsirlik halda işlədilərək məzmunca eyni, mənaca müxtəlif fikri ifadə edir.

Ümumiyyətlə, yazarın "Mənsur şeirlər"i ilk dəfə ayrıca kitab halında 1964-cü ildə 44 səhifə həcmində çap olunub. Daha sonra 1968-ci ildə "İnsan", 1970-ci ildə "Gözəl", 1972-ci ildə "Mücrü" adlı nəşr olunan kitablarında yalnız mənsur şeirləri toplanıb.

"Ay nur çiləyəndə" kitabının adı isə eyni adlı mənsur şeirindən qaynaqlanıb. Kitab "İlk qədəm" adlı mənsur şeirlə açılsa da, "Gənc ananın etirafı" adlı mənsur şeirdən başqa, "Xeyirxah" və "Geoloq qız" hekayələri ilə birgə "Adam istəsə..." povesti də maraqlı cəhətləri ilə seçilir. Kitabın "Balaca dostlarım üçün" bölümündə yer alan "Ana qoynu", "İtmiş oyuncaq", "Elçinin ağacı" və "Hamıdan bilikli" kimi hekayələri ibrətamiz məzmunu ilə yadda qalır.

Yazıçının yalnız hekayələrdən ibarət kitablarına isə "İtmiş keçi" (1967), "Beşincilər" (1969) və "Simic" (1986) adlı kitablarını misal göstərə bilərik. 1970-ci ildə "Sübh çağı", 1982-ci ildə isə "İnsanlar və dalğalar" kitabları çap olunur. Gülhüseyn Hüseynoğlunun ilk "Seçilmiş əsərləri" 1974-cü ildə 332 səhifə ilə yayımlanıb. Müstəqillik dövründə isə 1993-cü ildə iki cildlik "Seçilmiş əsərləri" işıq üzü görüb. Ümumiyyətlə, müstəqillik illərində çap olunan ilk kitabı "Kişi kimi" (1992) adlanır. 1996-cı ildə isə "Məhəbbətdirmi bu" kitabı ilə oxucularının görüşünə gəlib.

Çoxsaylı kitablar və əsərlər müəllifi olan Gülhüseyn Hüseynoğlu 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. 2005-ci ildə Azərbaycanın Xalq Yazıçısı fəxri adına layiq görülmüşdü. Həmçinin, Azərbaycan Yazıçılar İttifaqının V qurultayından etibarən onun idarə heyətinin üzvü seçilib. AYB-nin X qurultayında isə Birliyin nəsr bölməsinin rəhbəri olub.

Qeyd etdiyimiz kimi, Gülhüseyn Hüseynoğlu ədəbiyyatşünas olaraq da fəaliyyət göstərib. O, 1947-ci ildə ADU-nun filologiya fakültəsini bitirib aspiranturaya daxil olsa da, həbsi ilə əlaqədar olaraq elmi fəaliyyətini 1956-cı ildən davam etdirməyə məcbur olub. Filologiya elmləri doktoru və 1988-ci ildən professor titulunu qazanıb. Ümumiyyətlə, Gülhüseyn Hüseynoğlu dedikdə, onun elmi fəaliyyəti haqqında söhbət getdikdə yada Mikayıl Müşfiq düşür. O, bu nakam şairin həyat və yaradıcılığını tükənməz bir sevgi ilə tədqiq etmiş, adları sinonimləşəcək qədər onun təbliğatçısı olmuşdur. Mikayıl Müşfiq haqqında çoxsaylı tədqiqat məqalələri ilə yanaşı, ilk dissertasiyanı da Gülhüseyn Hüseynoğlu yazıb. Hətta onun haqqında 1968-ci ildə yazılmış "Müşfiq" (həyat və yaradıcılığı) adlı ilk monoqrafiyanın da müəllifidir. 1987-ci ildə nəşr edilən "Mikayıl Müşfiqin yaradıcılıq yolu" adlı ali məktəblər üçün ilk dərs vəsaiti sovet dövründə çap olunan son kitabı olur. Qəribədir ki, onun sağlığında işıq üzü görən son kitabı da Müşfiqə həsr olunmuşdu. 1999-cu ildə nəşr edilmiş həmin albom-kitab da "Mikayıl Müşfiq" adlanır. Ədib özünün Müşfiq sevgisinin başqa bir təzahürünü ortaya qoymaq üçün  Mikayıl Müşfiq adına 18 nömrəli məktəbdə dərs demişdi. Bütün məhrumiyyətlərinə və müşfiqsayağı həbslərdə ömür sürməyə məcbur olunmağına baxmayaraq, sanki Tanrı, Müşfiq həyatının üç qatı qədər Gülhüseyn Hüseynoğluna möhlət vermişdi ki, həm onun, həm də özünün yüksək amallarını yaşada bilsin.

 





12.07.2019    çap et  çap et