525.Az

Poetik kontrastların çevrəsi - Nizami Tağısoy Fərid Hüseyndən yazır


 

Poetik kontrastların çevrəsi - <b style="color:red">Nizami Tağısoy Fərid Hüseyndən yazır </b>

Fərid Hüseyn 30 yaşının astanasında olmasına baxmayaraq, onun yaradıcı təfəkkürünün gücü hələ 20 yaşını tamamlamadığı dövrdən ədəbiyyat aləminə məlumdur.

F.Hüseynin indiyə qədər nəşr etdirdiyi "Əlifba sırası", "Qandalı görməsin", "Dözmək üçün məşq", "Bir də heç vaxt", "Hər kəsin öz eşqi", iki il bundan öncə rusdilli oxuculara təqdim olunmuş "Bolşe nikoqda" şeirlər kitabı və bu il Daşkənddə  özbək, Azərbaycan və rus dillərində çapdan çıxmış "Samarkand devoni" şeirlər toplusu ədəbiyyatımıza yeni nəfəsin, yeni poetik biçimin gəlməsini müjdələməkdədir. Bundan başqa F.Hüseyn Türkiyədə, Avropanın bir sıra ölkələrində, Rusiyada və digər yerlərdə keçirilmiş ədəbiyyat festivallarının iştirakçısı olub və müxtəlif dillərdən dilimizə çevrilən əsərlərin müəllifi kimi tanınır.

Biz F.Hüseyn yaradıcılığını yaxından izləyənlərdən, onun bədii-estetik gedişlərini, qeyri-adi ifadə tərzini, deyim çalarlarının fərdi xüsusiyyətlərini yetərincə dəyərləndirənlərdənik. Onun mövzu axtarışları, obrazları, bədii ifadə vasitələri orijinaldır və onlar müəllifin təfəkkür dünyasını göz önünə gətirir. Onun kitablarında müəllifin iç dünyasının öz ilmələri, naxışları görünməkdədir. Həmin kitablardan biri də 2018-ci ildə işıq üzü görmüş "Əlvida ağacları"dır. Kitabın adı da, oraya daxil edilmiş şeirlər də, mövzular da, onlara yanaşması da, obrazlar da, poetik intonasiya da, bədii yozum da, kitabın mündəricatında yer almış başlıqlar da ("Liriklər və antiliriklər", "Qəlbin tərbiyə dərsləri", "Şəhərlər, şeirlər", "Müharibə", "Barmaqlıqlar", "Minimalist şeirlər") müəllifin orijinal söz adamı olduğu qənaətini ortaya qoyur. Onun şeirlərində poetik fikir qeyri-adi çalarlarıyla meydana çıxır. O, bizim adət etdiyimiz düşüncə sistemini, duyum tərzini rahatca dəyişib, fikirlərin fərqli qiyafədə təqdim edir. "Əlvida ağacları" kitabında bu tipli poetik gedişlərin müəllifin fikir dünyasının naxışları ilə hörüldüyünü görürük. "Təşbehlər" şeirində qeyd etdiyimiz elementlər daha çox diqqətçəkəndir. Şeir cəmi dörd bənddən ibarət olsa da, Fərid onun mahiyyətinə həyatın çoxlu tərəflərini yığa bilmişdir:

Ölkə kimi narazısan məndən -
Yaşaya bilmirsən, ancaq vətəninəm.

... Tribuna kimi bezmisən məndən,
Həqiqəti içinə qısıb, səsini yayıram.

Bu bəndlərdə şair iç dünyasının poetik kontrastlarını uğurla yaradır. Belə yanaşmanı biz "Qaragözlü üçün sonuncu nəğmə"də də müşahidə edirik:

Hələ də dabanından soyursan hikkəni,
Hələ də əsir-yesirsən,
Hələ də bütə dəyişirsən Məkkəni,
Hələ də içindəki ilanın başını əzirsən,
Mənsə sinəmi verirəm
ulduzların qabağına...

Qeyd edək ki, kontrast poetik mətnin təşkilinin mühüm prinsiplərindən biri kimi istedadlı söz sahiblərinin yaradıcılığında daim ön mövqedə dayanmışdır. Eyni zamanda, kontrast söz sənətində poetik mətnin universal kateqoriyası kimi diqqəti cəlb edir. Fərid Hüseynin düşüncəsində kontrast poetik mətnin semantik-üslubi təşkili formasından biri kimi müxtəlif oppozisiya sistemində öz ifadəsini tapır. Onun şeirlərində antitezalar məna sistemini gücləndirməklə öz yeni poetik realizasiyasını əldə edir. Şairin antitezaları məna kateqoriyalı kontrastların obyektiv münasibətlərini nəzərdə tutmaqla əsasən bədii-ekspressiv funksiya yerinə yetirir, lirik tonun yaradılmasına kömək edir və müəllifin özü üçün semantik oppozisiyanın dominantı rolunda çıxış edir. Antitezanın ifadəliliyini gücləndirən əsas vasitələr rolunda sintaktik paralelizm, oppozitlərdən birinin təkrarlanması, onların kontrastlı düzümü və intonasiyanın özü iştirak edir. Poetik antitezanın spesifikası onun struktur xüsusiyyətləri ilə bağlanır. F.Hüseynin şeirlərində kontrast hər şeydən öncə mühüm informasiyanı ön plana çıxarmaq məqsədini güdür və kontrast dünyanı dərkin bədii ifadəsinə çevrilir:

Harda qaldı gəlməyənlər,
Hara getdi gedənlər?
Sənsiz qaldı məndən sonra,
Səni bütün sevənlər.

Gördüyümüz kimi, Fəridin şeirlərində kontrast neytral kontekstdə müxtəlif səviyyəli oppozisiyalarda  gözlənilməyən elementin nəticəsi kimi ortaya çıxır və mətnin semantik-üslubi təşkilinin bir forması olaraq ortada dayanır. Kontrast şairin şeir mətnlərinin kompozisiya strukturuna daxil olaraq həm ayrı-ayrı ziddiyyətlər, həm də dil vasitələrinin kombinasiyaları şəklində və mətninin kompozisiya strukturunda özünü göstərir. Bunu "Təklik" şeirinin məzmununda da illüstrasiya etmək olar:

Mən Onu sevəndə
ailəmizin sayını
bir nəfər çox deyərdim -
səhv tutardılar məndə.
İndi barmaqlarımı qatlayıram -
diriləri ayrı,
ölüləri ayrı sayıram -
hamı əskik gəlir ömrümdə...

Kontrast burada həm təsvirin bədii vasitəsi, həm də təsvirdə obyektə verilmiş ziddiyyət, yaxud da hər hansı obyektin bu və ya digər tərəfinin daha ifadəli şəkildə verilmə vasitəsinə yaxınlaşır. Bunun nəticəsində kontrast forma və məna ierarxiyası yaradır və mətnin söz təşkilinin prinsipinə çevrilir. Eyni zamanda, kontrast nitq obrazlarını çevrələyir, frazanın semantik-üslubi sistemini, onun sintaktik quruluşunu, poetik süjetin məna fraqmentlərinin komponent münasibətlərini müəyyənləşdirir.

Ümumiyyətlə, Fərid Hüseynin poetik kontrastları öz xüsusiyyətlərinə görə seçilir. "Tək qalmış əlin səsi" bu baxımdan maraqlı oppozisiyalar yaradır:

Məni öldürsən, qanlı köynəyimi
verəcəyin adam yoxdu.
Mən ölməkdən yox,
köynəyimin yiyəsiz
qalmasından qorxuram.

Onun şeirlərində kontrast söz, anlayış, söz birləşməsi, fraza, ümumiyyətlə, götürdükdə isə həm mətndə, həm də mətndən kənarda realizə olunur, daha doğrusu, kontrast yetərincə geniş anlamlı təsir bağışlayır. Başqa sözlə desək, kontrast Fərid Hüseynin şeirinin mənayaradıcı imkanlarını sərgiləyir. Müəllifin poetik metodunun parlaq bədii obrazlarını və lirik süjetin xüsusiyyətlərini nümayiş etdirir. Onun şeirlərində indiyə qədər vərdiş etmədiyimiz ritmik nitq qeyri-adi qafiyə sistemi ilə diqqətimizi cəlb edir. Odur ki, onun poetik mətni uzaqları hədəfləyir, perspektivə hesablanır.
 
Məlum olduğu kimi, hər bir orijinal təfəkkür sahibi özündən sonra qeyri-adi ədəbi iqlimə, mühitə impuls vermək haqqında düşünür ki, onun yanaşması ilkin oxunuşda asan qəbul edilməsə də, sonrakı oxunuşlarda bərq vurmaq imkanı qazanır. Belə poetik magistralın F.Hüseyn tərəfindən necə qurulmasına aşağıdakı nümunədə diqqət yetirək:

Müqəddəs İsa,
bəzən kürək söykənməyə
bircə yer qalır insana -
o da çarmıxda.
Çəkil, çəkil o yana -
"yer ver mənə yanında".

... Demişdi, bir səs demişdi bizə!
"... xəzinəniz harda olacaqsa,
 ürəyiniz orda olacaq"
hər şeyi itirdim -
amma ürəyim ağrımır ölüm ayağında.

F.Hüseynin şeirlərindəki poetik sistemdə kontrastlar bir-biri ilə rahat ünsiyyət bağlaya bilir. Onun yaradıcı düşüncəsində müqəddəsliklə adilik qoşa addımlayır, şeirləri də məhz bu baxımdan fərdi xarakter daşıyır və şeirlərinin hər birindən müəllifin öz silueti görünür. Bütün bunlar, sanki, müəllifin təxəyyül axının koordinat sisteminin göstəricisi təsirini bağışlayır. Burada zaman və məkan xronotopları da, sanki, bir-biri ilə qarışıb. Çünki onun bu tipli şeirlərində əzəmətli olduqca adi göründüyü kimi, müqəddəs, sevgi ilə bağlı hisslərsə qalaktikaya qədər uzanıb çata bilir. Bu kontekstdə "Terrora ithaf" şeirinə nəzər salmaq yaxşı olar:

Tələsik yaşamaq lazımdı -
Ölüm vaxtını irəli çəkiblər,
Əcəl saatını dəyişdiriblər...

... Hardan biləsiz, ay atəş səsləri: 
Ölüm eşitdiyi səsə çevriləcək qədər
bir andırsa,
Həyat çevrilmək istəyi boyda zamandır.

Şairin bu şeirində xronotopların necə iştirak etdiyinə fikir verirsinizmi?! Bizə elə gəlir ki, şair dünyanın yetərincə özünəməxsus Fərid görüntüsünü, yaratmaqla özünün fəlsəfi-estetik təfəkkürü bucağından onun üzünü astarına, astarını üzünə çevirməklə məşğul olur. Bununla da vərdiş etdiyimiz sistem onun şeirlərində həm qeyri-adi xüsusiyyətləri ilə görünür.

O, şeirlərində sözün səs və ritmik imkanlarından geniş istifadə etməklə özünəxas ifadələr və metaforalarla danışır. Onun poetik misraları bu xüsusiyyətlərinə görə oxucuların ürəyinə daha çox yaxınlaşır, onları qeyri-adi bədii düzümlərlə fəth edir. Məhz bu keyfiyyətlərinə görə, Fərid Hüseynin poetik kontrastlarıyla daha yaxından tanış olmağa ehtiyac var.

 





12.07.2019    çap et  çap et