525.Az

Azərbaycan - Fikrət Qocanın şeiri


 

Azərbaycan - <b style="color:red">Fikrət Qocanın şeiri </b>

Vətən - candı, bütöv birdi.
Müqəddəsdi, pirdi, sirdi...
Hər bir şeyin bir həddi var,
Dağın-düzün sərhəddi var,
Bacı-qardaş arasında
"Sizin" - "bizin" sərhəddi var.
Alnımızın qoruğunda
Qaşla gözün sərhəddi var.
İki üzün arasında
Gözlə gözün sərhəddi var.
Hər sifətdə iki üz var,
Üzlə üzün sərhəddi var.
Dilin-dişin arasında
Sözlə sözün sərhəddi var.
Azərbaycan deyəndə biz
Heç bilmədən "can" - deyirik!
Təki ürək bütöv olsun,
Ürəkdə qan bütöv olsun,
Ruhumda can bütöv olsun!
Hər bir vətən övladında
Azərbaycan bütöv olsun!!!
Bizi heç kəs bölə bilməz!
Birlik - Ruhdur ölə bilməz!
Odlar oğlu bir-birinə
Harda olsa can deyəcək
Ürəkdən candan deyəcək.
Od oğlunun adıdır can.
Onun böyük ürəyinin
Bayrağıdır Azərbaycan.

 





12.07.2019    çap et  çap et